Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

0
34

38/37 saylı Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş “Prima M4” sərnişin lokomotivi ilə yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu günədək dəmir yollarında sərnişin qatarlarının daşınmasında 70-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu. Fransanın “Alstom” şirkətinin istehsalı “Prima M4”ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismarına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə “Prima M4”ün maksimal sürət həddi saatda 100 kilometrdən saatda 160 kilometrə kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. “Prima M4”lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama dayanacaqlarda yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinəsi isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi “Azərbaycan Dəmir Yolları” QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə “Alstom” şirkəti arasında 2014-cü il mayın 12-də imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd “Prima M4” (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi “Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.