Nəhəng asteroid Yerə 6,21 milyon kilometr məsafədən keçib

0
33

“1998 HL1” adlanan nəhəng asteroid Yerə 6,21 kilometr məsafədən keçib. Bu məsafə planetimizlə Ay arasında olandan 10 dəfə çoxdur. AZƏRTAC space.com saytına istinadla xəbər verir ki, 550 metr diametri olan bu iri göy cismi oktyabrın 25-də Bakı vaxtı ilə saat 21:17-də Yerə daha çox yaxınlaşıb.

ABŞ-ın Aeronavtika və Milli Tədqiqatlar Agentliyi (NASA) bu asteroidi Yerə təxminən 7 milyon kilometrdən çox yaxınlaşan və diametri 500 metrdən artıq olan təhlükəli göy cisimləri kateqoriyasına aid edib. Qeyd olunub ki, onun Yerə təkrar yaxınlaşması 2140-cı il oktyabrın 26-da baş verəcək. Həmin vaxt “1998 HL1” planetimizə 6,1 milyon kilometr məsafədən keçəcək. Astronomlar bu günədək Yerətrafı məkanda, yəni 0,05 astronomik vahidlə və ya 7 milyon kilometr məsafədən keçən, habelə diametri 140 metrdən böyük olan 8 min asteroid qeydə alıblar. NASA-nın planetlər üzrə alimi Lindli Consonun sözlərinə görə, Yerin ətrafından keçən naməlum və diametri 10-20 metr olan asteroidlərin sayı bir neçə milyondur.

NASA 2021-ci ildə Günəş sisteminin yeddi asteroidini tədqiq etmək məqsədilə kosmosa “Lucy” avtomatik stansiyası göndərəcək. O, 2025-ci ildə Mars və Yupiter planetləri arasındakı qurşaqda yerləşən və 1981-ci ildə kəşf olunmuş kiçik “Donalcohansson” asteroidinə yaxınlaşacaq. “Lucy” daha sonra 2027-2028-ci illərdə müxtəlif formalara malik olan “Evribat”, “Polimela”, “Levk” və “Or” asteroidlərinin yaxınlığından uçacaq. Bundan başqa, stansiya 2033-cü ildə “Patrokl-Meneti” binar asteroidini də tədqiq edəcək.