Qubada sənaye və kənd təsərrüfatı məhsullarının həcmi artıb

0
28

Qubada ümumi məhsul buraxılışının həcmi cari ilin 9 ayı ərzində 346 milyon 270 min manatadək yüksəlib. Sənaye məhsullarının ümumi həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artaraq 31 milyon 462 min manat təşkil edib. Hesabat dövründə kənd təsərrüfatı məhsullarının həcmində də artım qeydə alınıb. Bu göstərici 134 milyon 752 min manatadək artıb.

Bu barədə Qubada 2019-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzəsində bildirib ki, rayonda əhalinin təbii qaza olan tələbatının tam və fasiləsiz ödənilməsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması, istehlakçılar arasında bərabər bölgüsünün təmin edilməsi üçün bir sıra işlər görülüb. Şəhər ərazisində müxtəlif diametrli, ümumi uzunluğu 2 min 333 metr, rayon üzrə isə 6 min 762 metr olan yeni yerüstü qaz xətləri çəkilib. Rayonun 6 kəndini yüksəktəzyiqli təbii qazla təmin etmək üçün Küpçalqışlaq kəndi ərazisində yeni qazpaylayıcı stansiyanın inşası başa çatmaq üzrədir. Dövlət Proqramına uyğun olaraq hazırda rayonun 11 kəndi və 1 yaşayış massivində qazlaşdırılma işləri həyata keçirilir.

Məruzədə qeyd olunub ki, Prezident İlham Əliyevin 11 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Quba şəhərində istismar müddəti başa çatan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi işləri davam etdirilir. Şəhərin Heydər Əliyev prospekti və Fətəli xan küçəsində yerləşən 5 mərtəbəli yaşayış binalarının dam örtükləri təmir edilib.

Qubada yolların təmiri və yenidən qurulması sahəsində də bir sıra yeniliklər var. Uzunluğu 46 kilometr olan və 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir. Artıq yolun 38 kilometr hissəsinə asfalt örtüyü çəkilib. Yol üzərində yerləşən körpülərin tikintisi artıq yekunlaşıb.

Eyni zamanda, uzunluğu 58,8 kilometr olan və 8 yaşayış məntəqəsini birləşdirən Alpan-Susay-Xınalıq avtomobil yolunun tikintisi də davam etdirilir. Hazırda yolun 23 kilometr hissəsinə asfalt örtüyü döşənib. Hər iki yolun çəkilməsi həmin ərazilərdə yaşayan və yolsuzluqdan əziyyət çəkən insanların rahatlığının təmin edilməsi ilə yanaşı, Quba rayonunun daha sürətli inkişafına, insanların maddi rifah halının yaxşılaşdırılmasına və məşğulluğunun təmin edilməsinə və turizmin inkişafına təkan verəcək.

Hesabat yığıncağındakı çıxışlarında Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri diqqətə çatdırılıb.