Məzar yeri

0
241
na rəhmindən gəldik bazara, Bir kəfən aldıq, döndük məzara.                                  Yunus Əmrə
Həyətdə oturub ip əyirən ana oğlunu yanına çağırıb dedi:

– Oğul, səndən bir xahişim olacaq. Bilirsən ki, üzüm o tərəfədi. Bu uzun ömrümdə nə görmüşəmsə sənin əlin qazanc tutandan sonra olub. Aclığımı göz yaşlarımla ovutmuşam, gördüyüm haqsızlıqları Allahla dərdləşməklə əritmişəm. Kim bilir, vəsiyyət etmək imkanım olacaq, ya yox, amma bəri başdan deyirəm, məni gün dəyən bir yerdə dəfn edərsən.

Oğul ailə məzarlığından, atasından danışmaq istədi, ana sözünü kəsib: – Yaxında, qonum-qonşu yanında bir yer taparsan, – dedi.

Söhbəti dəyişib: – Ay ana, sən hələ bu nəvələrin də toylarını görəsən gərək. Səndən başqa, böyük adına kimim var mənim? – dedi.

O, bir az da ciddi tərzdə: – Ağıllı ol, bala, sənin Allahın var. Ondan böyük kim ola bilər? – dedi. Başını qarışdırmaq istədi: – Dur gedək, gəlinin çay dəmləyib, bayat olmasın. Ana xəbərdarlıq edirmiş kimi: – Dediklərim yadından çıxmasın, – dedi və qolundan tutan oğlu ilə birlikdə çay içməyə getdi.

Gecə oğulun yuxusu ərşə çəkildi. Allahın işidir, birdən anası dünyasını dəyişsə və onu dediyi kimi ailə məzarlığından kənarda dəfn etsə, nə deyərlər, qohum-əqrəba necə qarşılar? Fikirləri gecənin zülməti kimi sonsuzluğa uzanıb getdi…

İllər sonra ana bu dünyaya gözlərini yumdu. Oğul onu ən yaxın qonşusunun yanında dəfn etdi. Maraqlı burası idi ki, heç kəs bir söz demədi. Bəlkə də mərhumənin qonşusunun yanında dəfn olunmasını vəsiyyət etdiyini düşündülər.

***

Şagirdləri lövhədən bir şeyləri köçürənəcən və ya imtahan yazarkən o, hissolunmaz addımlarla var-gəl edər, geniş pəncərələrdən açıq-aydın görünən mənzərələri seyr edərdi. Yamyaşıl dərələrin uzun qolları arasında göylərə ucalan dağlar hərdən ona böyük bir məzarın başdaşını xatırladırdı.

Həyətdə iyirmi il əvvəl bu məktəbin fəaliyyətə başladığı “domik”lərdən biri muzey kimi qoyulmuşdu. Hərdən bu “domik” də ona tənha məzar kimi görünürdü. Hərdən şagirdlər dəstə-dəstə onun qarşısında, ondan sonra əkilsə də, boy-buxunu indi ona kölgə salan, qol-budağı ilə göyləri qucaqlamaq eşqi ilə coşub-daşan gənc şam ağacının sərinliyində durub şirin-şirin söhbətləşər, oxuduqları bu gözəl məktəbin keçdiyi şərəfli yol haqqında müəllimlərindən eşitdiklərini bir-biriləri ilə bölüşərdilər. Quş qanadlı xəyal insanı haralara aparmır ki?! Bir neçə il əvvəl qəzetlərdən biri qabaqcıl ziyalı kimi ondan müsahibə almışdı. Suallardan biri və cavabı düşmüşdü yadına:

– Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

– Mənə elə gəlir ki, yaşadığım hər gün elə vəsiyyətimdir. Görən görür, bilən bilir.

Həmin sualı bu gün versəydilər, gözlərini bir anılğa yumub açaraq ağlına gələn fikri özündən uzaqlaşdırmaq istəsə də, bacarmadı: – Məni işlədiyim məktəbin bağçasında, o “domik”in kölgəsində dəfn edərsiniz, – desəm, necə qarşılanar? Səmimiyyətimə inanarlar, yoxsa başqa cür yozarlar. Sovet dövründə çalışdığı Digah kənd tam orta məktəbinin direktoru Ələkbər müəllim cənazəsinin iyirmi ildən çox işlədiyi məktəbdən qaldırılmasını vəsiyyət eləmişdi. Əvvəlcə, qəribə gəlmişdi bu vəsiyyət ona. İllər keçdikcə rəhmətliyin vəsiyyətinin onun işinə sədaqətinin dərinliyindən yarandığına inanmışdı. Bəzən özü də heç kəsə sezdirmədən “domik”in qarşısında durar, bir anlığa məzarın qazılmasını xəyalından keçirər, yaşıllığın, ətrafdakı güllərin rahatlığının pozulacağını rəva görmək istəməzdi. Adı bir qarış olsa da, məzar üçün xeyli yer qazılır, torpağın bağrı yaralanmaqla yanaşı, üstündə illər boyunca yaşamış otların, gül-çiçəklərin həyatına da son qoyulur.

Ürəyindən ömür kitabının son nöqtəsinin iş başında qoyulması istəyi keçsə də, dilinə gətirməmişdi. İşlədiyi qırx ilə yaxın bir dövrü mütamadi olaraq kənar məktəblərdə çalışmışdı. Bu illər ərzində Allah onu bir dəqiqə gecikmə ilə belə utandırmamışdı. Yuxudan çox erkən qalxar, ilk dəfə işə gedirmiş kimi həyəcan və həvəslə hazırlaşardı. Fəsillərin hər gününün hər üzünü bütün hiss və duyğularında yaşayırdı. Qismətin Yaradanın əlində olduğuna inanırdı. İllər uzunu “öldüm-öldüm” deyə yaşayan iş yoldaşı rəhmətlik Ürfan müəllim dostu, pəhləvan kimi sağlam rəhmətlik Nadir müəllimdən neçə il sonra dəyişdi dünyasını. Gözaltı elədiyi yerdə dəfn olunsaydı, onlarla yoldaşından ayrı düşmüş o tənha “domik” daha çox marağa səbəb olacaqdı, bəlkə də. Adi, soyuq bir əşya kimi görünən bu otaq uzaq olmayan keçmişdə içərisi şən səs-küylə dolu, neçə-neçə nəslin pərvazlanmış olduğu isti bir yuva idi. Yazın, yayın istisində yandırsa da, payızın, qışın soyuğunda tərləyən tavanından damcılayan damlalarla islansalar da, həm müəllimlər, həm valideynlər, həm də “domik”in kiçik pəncərəsindən ucsuz-bucaqsız dünyaya ümid dolu gözlərlə boylanan uşaqlar çox məmnun və xoşbəxt idilər. Bu otaqlarda, sadəcə olaraq, bəzən pafosla deyilən vətəndaşlar deyil, bu dünyanın mələkləri yetişirdi. İstər yerli, istərsə də əcnəbi yüksək səviyyəli qonaqların əksəriyyəti o şagirdləri “mələklər” adlandırırdı.

***

Yuxusu çox acı olmuşdu o gecə. Gördü ki, səhərdir və o, işə gedir. Sonra da gördü ki, bir kran “domik”i havaya qaldırıb yellədir.Özü də krançının məqsədi onu hara isə qoymaq deyil, zərbəsi ilə yanındakı məzarın başdaşını yerə batırmaqdır. Ətrafda heç kəs görünmürdü. O nə qədər çağırsa da, bir nəticəsi olmadı, krançı “domik”i yerə buraxdı. Hirsindən titrəyən əlləri ilə gözlərini tutsa da, qalxan tozun içərisində görünməz oldu. Birdən oyandı və saata baxdı. Səhər idi. Yuxusu barədə heç nə danışmadı. Hazırlaşıb işə yollandı. Məktəbin həyətinə daxil olub bir qədər getmişdi ki, onbirinci sinif şagirdləri iki dəstə şəklində könülsüz, xoş olmayan bir xəbər duymuş kimi ona tərəf gəldilər. Öndəki şagirdin ardınca digərləri də heç nə demədən əl tutub görüşdülər. Aralarından kimsə cəsarət toplayıb:

– Bu nə işdir, müəllim? – deyə bildi. Digərləri də sual dolu baxışlarını artıq nə isə xoş olmayan bir şeyin baş verdiyini anlamış müəllimə zillədilər. Müəllim çəkinərək: – Nə olub ki? – dedi.

Şagirdlər bir-birilərinin sözlərini kəsərək: – Cədvəldə sizin yerinizə yeni gələn başqa müəllimin adını yazıblar. Deyirlər, siz işdən çıxmısınız. Hara gedirsiniz, müəllim. Biz axı…”

– Bir dayanın. Səbirli olun. Siz gedin dərsinizə. Müəllimin nə fərqi var? Dünyanın bütün şagirdlərinə mən dərs demirəm ki. Yəqin belə məsləhət görülüb.

Şagirdlər üzgün-üzgün ayrılsalar da, ayaqları getmirdi. O, artıq özünü tuta bilməyəcəyindən çəkinərək bir az iti addımlarla məktəbin giriş qapısına üz tutdu. Gözləri sözünə baxmadı. Səhərin sərinliyində vücudunu hərarət bürüdü, isti göz yaşları allanmış yanaqlarından süzüldükcə dönüb “domik”ə baxdı, vicdanı sinəsini yarıb çıxmaq istəyən və “Niyə? Niyə? Niyə?”- deyən ürəyinin döyüntülərinə “Susun! Susun! Susun! – dedi, titrək dodaqları bu misraları pıçıldamağa başladı:

Bir qismətəm – yazılmışam,

O dünyadan bu dünyaya.

Yarpaq kimi asılmışam,

Bu dünyadan o dünyaya.

 

Zəmanənin ac xırmanı

Gecə-gündüz döyür məni.

Ruhum hərdən əyir məni

Bu dünyadan o dünyaya.

 

Yetim dağam, qərib düzəm,

Bərələrdə dolan izəm,

Həsrət baxan bir ulduzam

Bu dünyadan o dünyaya.

 

Dərdə-qəmə bələnirəm,

Sovruluram, ələnirəm,

Dua-dua dilənirəm,

Bu dünyadan o dünyaya.

 

Saraldıqca bağlar payız,

Hönkür-hönkür ağlar payız,

Yaşıl ümid saxlar payız,

Bu dünyadan o dünyaya.

 

Qazılan yer qəbirdimi,

Ya bir qarış səbirdimi,

Fərmandımı, əmrdimi,

Bu dünyadan o dünyaya?

 

Gəl, ey ölüm, yuxu kimi,

Bahar fəsli, qoxu kimi,

Uçum şimşək oxu kimi,

Bu dünyadan o dünyaya.

 

Könül, çəkib cəfamızı,

Sürüb zövqü-səfamızı,

Körpü salaq vəfamızı,

Bu dünyadan o dünyaya.

 

RAHIB ALPANLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here