BMT-nin yubileyi münasibətilə qlobal diskussiya başlanır

0
28

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasının 74-cü ildönümüdür. Təşkilat 2020-ci ildə qeyd edəcəyi 75 illik yubileyi münasibətilə tarixdə ən irimiqyaslı qlobal diskussiyaya start verib. Diskussiyanın mövzusu dünyanın gələcəyi ilə bağlıdır.

BMT-nin yaranması günü münasibətilə təşkilatın Baş katibi Antonio Quterreşin müraciətində deyilir ki, gələn il qeyd olunacaq 75 illik yubileylə bağlı hər kəs üçün açıq olacaq qlobal diskussiya keçiriləcək və beynəlxalq ictimaiyyət bəşəriyyətin gələcəyi ilə əlaqədar problemləri müzakirə edəcək.

Dünyanın ən nüfuzlu təşkilatı olan BMT 1945-ci ildə sülhün, tərəqqinin və insan hüquqlarının təmin edilməsi üzrə kollektiv fəaliyyətin təşkili məqsədilə yaradılıb. “BMT-75” təşəbbüsü planetdə daha yaxşı həyatın necə qurulacağı, mövcud problemlərin həlli yolları və görüləcək tədbirlərin müzakirəsi məqsədilə irəli sürülüb. Bu təşəbbüs çərçivəsində müxtəlif səviyyələrdə – dövlət və hökumət başçıları, parlamentlərin üzvlərindən tutmuş kənd sakinlərinə qədər ən geniş auditoriyanı əhatə edəcək diskussiyaların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, tədbirlərin təşkilində gənclərin və əhalinin beynəlxalq məsələlərin həllində daha az iştirak edən, yaxud ümumiyyətlə bu proseslərə cəlb olunmayan təbəqələrinin iştirakına üstünlük veriləcək.

azərtaqc BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın yubileyinə həsr olunmuş sənədli filmin premyerasında çıxış edən Antonio Quterreş bütün insanları bu kampaniyada fəal iştirak etməyə çağırıb. O deyib: “Bizim bütün dünyadakı insanların arzularını və niyyətlərini həyata keçirməmiz üçün sizin fikrinizi, strategiyanızı və ideyalarınızı öyrənməmiz lazımdır”.

“BMT-75” təşəbbüsü çərçivəsində keçiriləcək diskussiyanın yekunları əsasında 2045-ci ilədək qlobal fəaliyyət planının hazırlanması nəzərdə tutulur. Həmin vaxt təşkilat özünün 100 illik yubileyini qeyd edəcək. İşlənib hazırlanacaq plan 2020-ci ilin sentyabrında keçiriləcək Baş Assambleyanın 75-ci sessiyasında dövlət başçılarının müzakirəsinə təqdim olunacaq. Bütün dünyada qlobal diskussiyada iştirak etmək üçün təşkilatın www.un.org/UN75 saytında geniş informasiya yerləşdirilib.