Nikol Paşinyanın cəfəng bəyanatları Ermənistanı hara sürükləyir?

0
26

Hakimiyyətə gəldiyi gündən əlini ağdan qaraya vurmayan Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə yenə ölkəsinin iqtisadi inkişafından dəm vurub. Bildirib ki, ötən ilin ikinci rübündə ölkədə işsizlərin sayı 237 min idisə, bu il bu göstərici 206 minə düşüb. İndi ölkədə işsizliyin səviyyəsi 18 faizdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə enmə 2,5 faiz təşkil edib. Amma sadə vətəndaşları düşünən iqtisadçı ekspertlər bu “irəliləyişi” Nikol Paşinyanın populist çıxışlarının davamı kimi dəyərləndiriblər. Məsələn, sabiq baş nazir Qrant Baqratyan bildirib ki, heç bir investisiya və gəlir olmadan hər hansı yüksəlişdən danışmaq absurddur. Bu mənada Nikol Paşinyanın söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil. Yeri gəlmişkən qeyd edək ki, iqtisadiyyat naziri Tiqran Xaçatryan də jurnalistlərlə söhbətində ölkəyə investisiya axınının baş vermədiyini bilvasitə etiraf edib. Bu aspektdən çıxış etsək, bir daha belə qənaətə gəlmək olar ki, Nikol Paşinyanın “iqtisadi irəliləyişləri”, həqiqətən də yalanlar üzərində qurulub. Bu mənada populizm Nikol Paşinyanın il yarımlıq müddətdə əldə etdiyi ən böyük “uğuru”dur desək, yanılmarıq.

Sabiq vitse-spiker Eduard Şarmazanov isə bildirib ki, Nikol Paşinyan yalnız iqtisadi islahatları ilə deyil, həm də siyasi gedişləri ilə Ermənistanı çıxılmaz vəziyyətə salıb. O, həmçinin vurğulayıb ki, Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı hələ də dəqiq mövqeyi yoxdur. Odur ki, o, bu məsələ ilə bağlı səhər bir bəyanat səsləndirir, günorta başqa bəyanatla çıxış edir. Bütün bunlar da Ermənistanın danışıqlar prosesindəki mövqeyinə öz təsirini göstərməkdədir. Hətta Rusiya Ermənistanı Dağlıq Qarabağla bağlı destruktiv mövqe nümayiş etdirməkdə ittiham edib. Bu isə o deməkdir ki, Ermənistan Nikol Paşinyanın simasında siyasi meydanda getdikcə təklənir. Bu həm də ondan xəbər verir ki, Nikol Paşinyanın mənfur siyasətini təkcə Azərbaycan deyil, artıq dünya da tənqid edir.

Digər tərəfdən, Nikol Paşinyan özünə rəqib hesab etdiyi yüksək vəzifəli şəxsləri də zərərsizləşdirməkdə davam edir. Belə ki, o, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailə üzvlərinə qarşı siyasi təqiblər həyata keçirməyə başlayıb. Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı ifadə verməkdən imtina edən Dövlət Mühafizə Xidmətinin rəisi Qriqori Ayrapetovu işdən çıxarıb. Üstəlik, onun haqqında cinayət işinin açılacağı istisna edilmir. Nikol Paşinyan üçün münasib şəxs hesab olunmayan parlament aparatının sabiq sədri Arsen Babayan isə həbs olunub. Bütün bunlar  Ermənistanda növbəti siyasi gərginliyə yeni təkan verib. Hətta bəzi mənbələrə görə, bu günlərdə İrəvanda “Ya Paşinyan, ya Ermənistan” şüarları ilə mitinqlərin keçiriləcəyi də gözlənilir.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələri  də baş nazirin cəfəng bəyanatlarını  reallıq fonunda şərh edir və onu səriştəsizlikdə ittiham edirlər. Nikol Paşinyan isə onları da divan tutmaqla susdurmağa çalışır. Jurnalist Anjela Tovmasyanın ofisinə basqından sonra hüquq-mühafizə orqanlarının “Yerevan today” qəzetinin redaksiyasında axtarış aparması buna əyani sübutdur. Yeri gəlmişkən bildirək ki, ölkə tarixində mətbuat azadlığının bu cür kobud pozulması halı baş verməyib. Bu mənada demək olar ki, Ermənistanda söz azadlığa ilə bağlı vəziyyət Serj Sarkisyan dövründəkindən də pisdir.

Bəli, Ermənistan bu gün bütün sferalar üzrə fəlakətə sürüklənir. Şübhəsiz, bunun əsas səbəbkarı isə öz yalan bəyanatları, vədləri ilə Ermənistan xalqını ovsunlamağa çalışan və bir çox hallarda buna nail olan Nikol Paşinyanın istinad etdiyi məntiqsiz durğun nöqtədə ilişib qalmasıdır. Şübhəsiz, o, bu durğun nöqtədən yalnız işğal edilmiş ərazilərimizin azad edilməsi ilə çıxa bilər. Yəni, Nikol Paşinyanın başqa bir durğu işarəsinə istinad etməsinin, başqa sözlə desək, nöqtə işarəsinin məhdud mühasirəsindən çıxmasının   vaxtı çatıb. Fikrimizcə, Nikol Paşinyan bunu yaxşı anlayır, amma… Görünür, o da öz sələfləlri kimi xalqına zülm etməkdən ləzzət alır.

Qvami Məhəbbətoğlu,“İki sahil”