Sizdən kömək istəyirəm

0
459

Mən bəzi şeyləri başa düşə bilmirəm ki, bilmirəm. Məsələn, elə götürək bankları. Axı nə üçün bu məkanların rəsmiləri stolların üstünə qoyduqları qələmlərin başlarını harasa bağlayırlar? Niyə bir nəfər soruşmur ki, ay bank, axı mən sənə filan qədər əmanətimi etibar edirəm, bəs sən niyə mənə adi bir qələmi etibar etmirsən? Qəribədir, elə deyilmi? Bu suala cavab verə biləcək bir oğul varsa, çıxsın qarşıma… Ona bununla bağı digər suallarım da var. Bir də belə bir oğulla hərdən “duelə” çıxmağın nəyi pisdir ki?
Başa düşə bilmirəm ki, niyə hələ də bizim teatrlarda rejissorların heç bir səlahiyyəti yoxdur. Bəzi teatrlarda isə, ümumiyyətlə, baş rejissor yoxdur. Elə isə mənə baş həkimi olmayan bir xəstəxana göstərə bilərsinizmi? Bəlkə də müqayisəm qüsurludur, amma nə edim ki, ağlıma gələn elə bu sual oldu. Teatr aləmindən söz düşmüşkən, bəli, indi ekranda, yaxud efirdə dünən musiqi aləminə qədəm qoymuş şəxsi elə bəh-bəhlə təqdim edirlər ki… İnandırım sizi, bəzilərinin təqdimatları dəqiqələr çəkir, onların adlarının qarşısında o qədər epitetlər işlədirlər ki, adamın lap əti ürpəşir… Halbuki bir zamanlar Bülbül, Şövkət Ələkbərova, Rəşid Behbudov, Müslüm Maqomayev kimi korifey sənətkarlarımız belə təqdim olunmayıblar. Elə isə bu “missiyanı” üzərlərinə götürmüş diktorlara bu qədər səlahiyyət vermək nəyə, kimə lazımdır axı?

Bəzən metroda basabas olur. Bunu, zənnimcə, heç kim dana bilməz. Mən basabas zamanı əsəbiləşənləri, özündən çıxaraq qeyri-etik ifadə işlədənləri heç cür başa düşmürəm. Niyə həmin əsəbiləşənlərə elə gəlir ki, kimlərsə onların şəxsi maşınlarına miniblər? Axı onlar niyə dərk etmək istəmirlər ki, ictimai nəqliyyatda belə basabaslar “təbii” haldır…

Bəzi vəzifə sahiblərini anlamağıma heç oxuduğum cild-cild kitablar da kömək etmir. Məgər insanı vəzifəyə ona görə təyin edirlər ki, o, problem yaratsın? Mən biləni, onun əsas vəzifəsi problemləri həll edərək, çalışdığı sahəni inkişaf etdirməkdir. Vəzifənin mahiyyəti bundan ibarətdir də. Ondan ibarət deyil ki, qapını bağlayıb özünü işləyən şəxs kimi göstərəsən. Bəs niyə belələri bunu başa düşmək istəmirlər?

Kim nə deyir desin, bəzilərinin can-ciyər hesab etdiyi puldan etibarsız şey yoxdur. O, istənilən anda sənə “ata bilər”. Necə? O gün yenə onu cibimə qoyub nəvəmlə Milli Parka gəzməyə çıxmışdım. Lakin evə qayıdanda o, mənimlə qayıtmadı. Buna baxmayaraq, ona olan sevgim əsla səngimək bilmir ki, bilmir. Di gəl, səbəbini bilmirəm. Üstəlik, ona əl çirki deyənləri də anlamıram. Sizləri bilmirəm, bizim tərəflərdə gözə, qulağa xoş gəlməyən, kifir, eybəcər şeylərə çirkin, natəmizlikdən, yuyulmamaqdan bədəndə, paltarda və sairədə əmələ gələn xoşagəlməz ləkə qatına, kirə çirk deyilir. Vallah, adam tanıyıram ki, o çirki elə yerlərdə gizlədir ki… Bax bunu da anlaya bilmirəm. Bəlkə, bunu da mənə başa salasınız?!

Mənim “arvad saxlamaq” ifadəsindən, vallah, zəndeyi-zəhləm gedir. Tanınmış yazar Cəlil Yaşarın sözü olmasın, arvad inək deyil ki, tövləyə salıb saxlayasan, otunu, suyunu verəsən. Vallah, imkanım olsa idi, bu kimi ifadələri redaktə edərdim. Qadın demişkən, o gün bir futbol matçını şərh edən “sona kimi mübarizə aparmaq lazımdır” deyəndə inanın, yerimdən diksindim. Dedim, görəsən, Sona haranın oyunçusudur ki, bizim şərhçi oyunçularımızı ondan ibrət götürməyə çağırır. Nə yaxşı ki, bununla bağlı zəng etdiyim tanışım, məni sakitləşdirdi. Dedi ki, heç o da belə bir oyunçu tanımır. Yəqin bizim şərhçinin söylədiyi “oyunun sonuna kimi mübarizə aparmaq lazımdır” cümləsinin qısaldılmış formasıdır. Başqa cür ola bilməz. Hələ də şübhə içindəyəm: o tanışım doğrumu deyir?

Axı biz nə üçün övladlarımızı, yaxud nəvələrimizi oxşadanda onlara “quzum” deyə müraciət edirik. A kişilər, məgər quzu böyüyəndə qoyun olmurmu? Bunu bilə-bilə nədən hələ də bu ifadədən istifadə edirik? Nə isə bu kimi suallarım o qədərdir ki… Nə olar, heç olmasa, bu sadaladığım suallarıma cavab verəsiniz? Bu mənada, sözün həqiqi mənasında, sizin hər birinizdən kömək istəyirəm.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here