İcra başçısı: “Bütün problemlər həllini tapacaq”

0
223

 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Az.Dres qəsəbəsinin F.Əzimov, C.Əliyev, Y.Mansurov  binalarının sakinləri ilə olub.  Görüş  qəsəbədə yerləşən 4 saylı məktəbin akt zalında keçirilib.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər haqqında ətraflı məlumat verib. Bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq regionların hər yerində abadlıq-quruculuq işləri aparılır, məktəblərin, xəstəxanaların bərpası və yenidən qurulması həyata keçirilir.

Şəhər rəhbəri qeyd edib ki, bu işlər bizim də şəhərdə öz axarı ilə aparılır: “Bütün bunlar sizlərin rahat yaşaması üçün atılan addımlardır. Biz yaxşı biliri ki, sakinləri ən əsas narahat edən problemlər  məşğulluq, binaların istilik sistemi və suvarma suyu ilə bağlıdır.  Bütün bu problemlər öz həllini tapacaq. Mingəçevirin  bütün  məhəllələrində  yenidənqurma işləri həyata keçiriləcək. Mərhələ-mərhələ həyata keçirilən bu tədbirlər demək olar ki, şəhərimizin bütün ərazilərini əhatə edəcək. Qəsəbədə  yeni qazanxana da tikiləcək”.

 Görüşdə iştirak edən sakinlər  çıxışlarında şəhərdə aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərinə, eləcə də şəhər İcra Hakimiyyəti başçısına  minnətdarlıqlarını bildiriblər. Məmnunluq hissi ilə qeyd ediblər ki, yaradılan şəraitdən və onlara göstərilən diqqət və qayğıdan razıdırlar.  Onlar bu qəbildən olan işlərin ardıcıl olaraq davam etdirilməsini xahiş ediblər.

Eyni zamanda  qəsəbə sakinləri nasaz kanalizasiya xətlərindən söz açıblar.  Sakinlər İstilik sisteminin yenidən qurulmasının, binaların zirzəmilərində dezinfeksiya işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinin, yarımçıq tikililərin yaratdığı təhlükələrin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

 Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həlli istiqamətində idarə, müəssisə, təşkilat rəhbərlərinə tapşırıqlarını verib.

Esmira Hidayətova, Mingəçevir