“Tıxac sürücülərə ayda 80-110 manat ziyan vurur”

0
454

Paytaxtda tıxacda qalma səbəbindən vaxt itkisinə məruz qalmayan insan yəqin ki, çox az tapılar. Şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər isə təkcə vaxt yox, həm də yanacaq sərfiyyatına görə maddi ziyana düşürlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov  bu mövzuda maraqlı açıqlamalar verdi. Onun sözlərinə görə, tıxacın sürücülərin cibinə vurduğu ziyanı hesablayan zaman təkcə yanacaq xərcini düşünmək doğru deyil: “Praktik olaraq, əməkqabiliyyətli və işləyən insanlar tıxacda xeyli vaxt itirirlər. Vaxtın itirilməsi baxımından da tıxacda qalan sürücülər əlavə maddi ziyana məruz qalırlar. Əksər paytaxt sakinləri – xüsusən də sürücülər qət etdikləri məsafədən asılı olaraq, orta hesabla hər gün 1 saatdan çox tıxacda vaxt itirirlər. Bizim qiymətləndirməmiz göstərir ki, tıxacda qalmaq hər bir işləyən vətəndaş üçün ay ərzində 80-110 manatın itirilməsi deməkdir. Yəni söhbət vətəndaşın tıxacda qaldığı üçün və tıxacda qaldığına görə işləmədiyi üçün itirdiyi məbləğdən gedir. Əgər sürücü işləyirsə və iş vaxtı iş yerində deyil, tıxacda vaxtını boşuna keçirirsə, o həmin ay ərzində xeyli pul itirməli olur. Bəzi hallarda yuxarıda qeyd etdiyimiz məbləğ məsafədən və tıxacın müddətindən asılı olaraq arta bilir. Bütün hallarda, sürücü tıxacda qaldığı müddətdə ziyan edir”. “Son 10 il ərzində ölkəmizdə, xüsusən də Bakıda onlarla körpü və yeni yol qovşaqları tikilib istifadəyə verilib. Bu, müəyyən mənada sürücülərin tıxac xərclərini azaldıbmı?” sualımıza iqtisadçı alimin cavabı belə oldu: “Bakının infrastrukturu geniş şəkildə inkişaf edir. Yeni yollar, körpülər istifadəyə verilir. Amma buna baxmayaraq, son 10 il ərzində Bakıda avtomobillərin sayı da artıb. Bu gün Azərbaycanda təxminən 1 milyon 250 min avtomobil var. Həmin avtomobillərin təxminən 60 faizi Bakı şəhərinin payına düşür. Yerdə qalan 40 faiz avtomobilin isə 20 faizi gündəlik olaraq Bakı şəhərinə girib-çıxır. Bu isə o deməkdir ki, praktiki olaraq, ölkə üzrə avtomobillərin 80 faizi Bakı şəhərinə daxil olur. Paytaxtın infrastrukturunun inkişafına paralel olaraq, avtomobillərin sayının artması avtomobillərin yanacaq xərcinin azalmasına imkan verməyib”. Qeyd edək ki, hələ bir müddət öncə qəzetimizdə dərc olunan bir yazıda bildirmişdik ki, Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisinin eksperti, texnika elmləri namizədi Sülhəddin Gözəlov ölkəmizdə kiçikhəcmli avtomobillərdən istifadəyə keçidin vacibliyini söyləmişdi. Onun fikrincə, bu həm yanacağa sərf olunan məbləğin, həm də tıxacların azalması baxımından effektli ola bilər.

Bununla bağlı Vüqar Bayramovun da fikirlərini öyrəndik: “Daha yaxşısı, ictimai nəqliyyatdan istifadə etmək olardı. Lakin Azərbaycanda ictimai nəqliyyat Avropa ölkələrindəki kimi inkişaf etməyib. Avropa ölkələrində əksər insanlar iş yerlərinə tramvaydan istifadə etməklə gedirlər, bizdə isə tramvay yoxdur. İctimai nəqliyyatda isə xidmət səviyyəsi olduqca aşağıdır. Buna görə də insanların böyük bir qismi ictimai nəqliyyatdan istifadə edə bilmir. Bakıda ictimai nəqliyyat üçün ayrıca yollar yoxdur, ona görə sərnişindaşıma xidməti ilə məşğul olan avtobuslar da tıxacda qalmalı olurlar. Mənim fikrimcə, indiki halda daha uyğun variant mühərrik həcmi kiçik olan avtomobillərdən istifadə etməkdir. Bu tip avtomobillərdən istifadə imkan verir ki, benzin xərclərini azaltmaq mümkün olsun. Təəssüf ki, ictimai nəqliyyat hələ ki alternativ deyil. İnkişaf etdiyi təqdirdə, gələcəkdə alternativ kimi çıxış edə bilər, amma indiki halda xərci azaltmağın alternativi kiçikmühərrikli avtomobillərdən istifadə etməkdir”.

 Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here