O, gördüyü işə görə digər kişi pinəçilərdən heç də geri qalmır

0
27

Göyçay rayon sakini Kütahi Mollayeva seçdiyi peşə ilə hər kəsin marağını cəlb edən zəhmətkeş xanımdır. Üç övlad anası olan Kütahi 20 ildir pinəçiliklə məşğuldur.

O, bu sənətin sirlərini həyat yoldaşından öyrənib və ailəsini dolandırmaq üçün bütün çətinliklərə qatlaşıb: “Bu işi öyrənmək istəyəndə yoldaşım razı deyildi, pinəçiliyin çətin və kişi işi olduğunu deyirdi. Amma bütün bunlara baxmayaraq, “aslanın erkəyi, dişisi olmaz” deyib, bu peşənin dərinliklərini və incəliklərini öyrəndim”.

O, gördüyü işə görə digər kişi pinəçilərdən heç də geri qalmır. Peşəsinə hər zaman məsuliyyətlə yanaşan qadın pinəçinin səliqə ilə tikdiyi ayaqqabılar möhkəmliyi ilə seçilir. Ayaqqabıların tikilməsi üçün dəri məhsullarını Bakı, Mingəçevir və İrandan gətirən pinəçi, sifariş əsasında istənilən üslubda qadın və kişi ayaqqabılarını tikə və təmir edə bilir.

Müştərilər ayaqqabılarının təmiri üçün 2-13 manatadək, tikilməsinə isə 20-35 manatadək pul xərcləməli olurlar. Kütahi Mollayeva bildirir ki, qayınatasından yoldaşına, ondan da özünə miras qalan bu peşəni hazırda övladı davam etdirir.

Pinəçi qadının 21 yaşlı oğlu Teymur Mollayevin bu peşəyə həvəsi 8 yaşından yaranıb. Atasından öyrəndiyi sənəti, anasının köməyi ilə mənimsəyib. Günün bir neçə saatını kiçik emalatxanada anası ilə keçirən Teymurun hədəfləri böyük, istəkləri isə çoxdur.

Hələlik Göyçay və ətraf rayonlardan sifariş alan Teymur deyir ki, əgər şirkətlərdən, fabriklərdən hansısa bir təklif gələrsə, anası Kütahi xanımla birgə əməkdaşlıq etməyə hazırdırlar.azərtac