Qarabağ qazisi: Çağırış gözləmədən ön cəbhəyə gedəcəyəm

0
33

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Budəfəki həmsöhbətimiz ehtiyatda olan leytenant, II qrup Qarabağ əlili Müzəffər Bahadırovdur.

 Bahadırov Müzəffər Yədulla oğlu 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı tam orta məktəbinin 9-cu sinfini bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2014-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə başa vurub. 2016-ci il aprel ayının 2-də Lələtəpə istiqamətində gedən döyüşlərdə sağ ayağından yaralanıb. 2018-ci ildə hərbi xidmətdən tərxis olunub. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cu dərəcəli medalla təltif edilib.

Müzəffər Bahadırovun sorağını Sumqayıtın 18-ci mikrorayonundakı bərbərxanaların birindən aldıq. Sən demə, o, burada bərbər kimi fəaliyyət göstərirmiş. Dediyinə görə, evdə boş-bekar otura bilmir.

O bildirdi ki, ordudan tərxis olunandan sonra bir qazi kimi mənzil növbəsinə dayanıb: “Güman edirəm ki, bu problemim yaxın aylarda öz həllini tapacaq. Bir məsələyə də toxunmaq istərdim. Fikrimcə, şəhid ailələrinin, eləcə də qazilərin problemləri ilə yalnız dövlətimiz maraqlanmalı deyil. Yaxşı olardı ki, bu kimi problemlərin həllində iş adamları da yardımçı olsunlar”.

Ehtiyatda olan leytenant Müzəffər Bahadırov bir hərbçi kimi fəaliyyətini davam etdirmək istəyib: “Rusların belə bir misalı var: “General olmağı arzulamayan əsgər, əsgər deyil”. Bu yolun çətin, məşəqqətli olduğunu da bilirdim. Sözün düzü, mən də general olmaq arzusunda idim. Amma Lələtəpə istiqamətində gedən döyüşlərdə minomyot qəlpəsinə tuş gəldim və ayağımdan yaralandım. Bununla da… Buna rəğmən, bu gün də mən döyüşməyə hazıram. Əgər yenidən döyüşlər başlasa, çağırış belə gözləmədən ön cəbhəyə könüllü gedəcəyəm. Şəhidlərimizin intiqamını alacağam. Şühbə etmərəm ki, azad olunacaq digər  ərazilərimizdə çay içmək mənə də nəsib olacaq. Onu da deyim ki, bu sözləri elə-belə, sözgəlişi demirəm”.

Həmsöhbətimiz bir məsələyə də toxundu: “Fikrimcə, televiziya və radiolarımızda şəhidlərimiz, eləcə də qazilərimiz yetərincə təbliğ olunmurlar. Amma şou əhli gündəmdən düşmür. Odur ki, bu gün onlar daha çox tanınırlar. Halbuki şəhid, qazi mövzuları vətənpərvərlik  təbliğatını daha tutarlı, daha əhəmiyyətli edər. Yaxşı olardı ki, onlar bu problemi götür-qoy etsinlər. Bir də…adətən, qazilərimiz aprel ayında daha çox yada düşürlər.  Hətta inandırım sizi, bəzən aprel ayının eyni günündə bir neçə yerə dəvət olunuruq. Şübhəsiz, belə olanda onların hamısında iştirak etmək müəyyən çətinliklər yaradır. Yaxşı olardı ki, bu mexanizm hər ay işlək olsun”.

Müsahibimiz bildirdi ki, hələ uşaqlıq illərindən davalı kinolara baxmağı xoşlayır: “Odur ki, valideynlərim mənə oyuncaq seçərkən tapança oyuncağa üstünlük verərdilər. Mən də həvəslə “davaya” atılardım.  Hərbçi olmağımda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan bir qonşumla olan münasibətim də müəyyən rol oynayıb. Milli qəhrəmanlarımız – Allahverdi Bağırov, Əlyar Əliyev mənim kumirlərim olublar. Sonradan bu sıraya korpus rəhbərimiz  general-mayor Mais Bərxudarovu da əlavə etdim”.

Müzəffər Bahadırov söhbətinin bu yerində telefonunun yaddaşına yazdığı bir simfoniya səsləndirdi. Sözün düzü, mən onun bu seçimini təəccüblə qarşıladım. O, “narahatçılığıma” bu sözlərlə son qoydu: “Hərdən döyüş zamanı aldığım zədələr səbəbindən əsəblərimə hakim ola bilmirəm. Odur ki, hərdən simfoniyalara qulaq asır və bu yolla da onları ram etməyə çalışıram. Bəzən də dəniz kənarına üz tuturam”.

Müsahibimizin fikrincə, ordumuzun gücü təkcə onun malik olduğu silahlarda, hərbi sürsatlarda deyil: “Ordumuzun daha möhtəşəm güc mənbəyi əsgərlərimizin qəhrəmanlığında, döyüşlərdə göstərdiyi igidliyindədir. Bir sözlə, onların yüksək döyüş ruhunda olmasındadır. Şəxsən mən Aprel döyüşlərində hamıda döyüş ruhu gördüm. Elə  onları irəliyə aparan da bu ruh idi.  Mən ordumuzla qürur duyuram. Bəli, bu gün Azərbaycan Ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır. Biz torpaqlarımızın işğaldan azad etmək vəzifəsini dövlətimizin, xalqımızın və ordumuzun iradəsini birləşdirərək yerinə yetirməyə nail olacağıq. Bizim hər birimizin bir müqəddəs vəzifəsi var – işğal altında olan torpaqlarımızın azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, ədalətin bərpa olması. Onu da deyim ki, Silahlı Qüvvələrimizə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Silahlı Qüvvələrin təminatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək olması onu deməyə əsas verir ki, ordumuz düşməni hər an məhv etməyə qadirdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

 Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş