Aqroekotur: Qaladərəsi kəndində bir gün

0
36

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində oktyabrın 19-da Şamaxının Qaladərəsi kəndinə tur təşkil olunub. Turda aqroturizmin inkişafına dəstək məqsədilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin – azərtac-ın 10 əməkdaşı da iştirak edib.

Səhər tezdən paytaxt Bakıdan yola düşən tur iştirakçıları təxminən iki saatlıq yolçuluqdan sonra Şamaxının Qaladərəsi kəndinə çatdılar. Ağsu çayını UAZ markalı maşınlarla keçən tur iştirakçıları Ceyhun Nuriyevin evində qonaq oldular. Kənd evində təbii məhsullardan ibarət səhər yeməyindən sonra Ceyhun Nuriyev öz təsərrüfatı barədə məlumat verərək dedi: “Mən “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin “Şəhərdən Kəndə” layihəsinə fermer kimi yeni qoşulmuşam və artıq ikinci dəfədir turistləri qəbul edirəm. Gördüyünüz kimi, təsərrüfatımda demək olar ki, hər şeydən bir az var. Əsasən də arıçılıqla məşğulam. Bu peşə mənə atamdan qalıb. Mal-qara da saxlayırıq. Qonağım olan turistlər əsasən alma, armud, sumax, kəklikotu və digər məsullara daha çox maraq göstərirlər”.

Ev yiyəsinin saxladığı camışlar yaz-yay aylarında aylarla meşədə qalır, yalnız bala verənə yaxın təsərrüfata gətirilir. Bu meşələrdə ayı, canavar, donuz, tülkü, çaqqal və s. heyvanlar olsa da, camışlar vəhşi heyvanlardan qoruna bilirlər. “Bundan başqa, arı yeşiklərinin bir hissəsini meşənin dərinliklərində saxlayıram. Bu meşələrdə əsasən cökə, şabalıd, akasiya ağacları olur. Hətta bəzən gedəndə görmüşəm ki, ayılar yeşiklərdəki balı yeyib. Bunları turistlərə danışanda heyrətlənirlər”, – deyə ev yiyəsi bildirdi.

AZƏRTAC-ın əməkdaşı, jurnalist Vüqar Qurbanoğlu ilkin təəssüratını bölüşərək dedi ki, bölgələrimizin çoxunda olub. Şamaxının Qaladərəsi kəndinə isə ilk dəfədir gəlir. Dörd tərəfdən dağ və meşə ilə əhatə olunub, yaxınlıqdan çay axır, buz kimi bulaqları var: “Qonağı olduğumuz ev yiyəsi təsərrüfatında əkin-biçinlə məşğul olur, arı, mal-qara saxlayır, meyvə ağacları var. Təbii kənd məhsullarından hazırlanmış süfrəyə qonaq olduq. Eyni zamanda, ekoloji təmiz məhsullar da almağı düşünürəm. Turun məqsədi elə budur: həm turistlərə bölgəmizin gözəlliklərini tanıtmaq, həm də kəndli fermerlərə dəstək olmaq. “Şəhərdən Kəndə” layihəsinin təşkilatçılarına belə gözəl tur təşkil etdiklərinə görə həmkarlarım adından təşəkkür edirəm”.

İştirakçılar ev yiyəsinə meyvə yığımında kömək etdikdən sonra nahar süfrəsi açıldı. Süfrəyə yalnız təzə kənd məhsullarından hazırlanmış qidalar düzülmüşdü.

Asudə vaxt zamanı digər tur iştirakçılarına yaxınlaşırıq. Ağcabədidən gələn İlkin Əliyev “Şəhərdən Kəndə” layihəsinə həyat yoldaşı və iki övladı ilə birgə qatılıb. O, bu barədə danışaraq deyir: “Radiolardan birində bu layihə ilə bağlı müsabiqə keçirilirdi. Sualları hamıdan tez cavablandıran ilk iştirakçı bu turda iştirak etmək hüququ qazanacaqdı. O şans bizə nəsib oldu. Qaladərəsi həqiqətən də gözəl məkandır. Payızın qızılı rənglərinə bürünmüş kəndi görməyə dəyər. Kənd Təsərrüfatı Nazirliyinə, onun tabeliyindəki “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinə “çox sağ olun” deyirəm. Açığını desəm, belə turda ilk dəfədir iştirak edirəm və indidən deyə bilərəm ki, geriyə xoş təəssüratlarla qayıdacağıq”.

Sonra tur Şamaxı meşəsinə gəzinti ilə davam etdi. Buradan şırıl-şırıl axan çaya yerli sakinlər Dəli çay deyirlər. Yaz aylarında çaya tez-tez sel gəldiyinə görə belə adlandırılır. Dəli çay kəndin girəcəyindən keçən Ağsu çayına tökülür. Meşənin və dağların gözəlliyinə isə söz ola bilməz. Payız fəsli sanki bu yerlərin hüsnünü xüsusi rənglərlə bəzəyib.

Tura qatılanlar arasında xarici turistlər də vardı. Onlardan biri Cənubi koreyalı Young-Dong Kvondur. Aqroekotura qoşulmaqda əsas məqsədinin Şamaxını, kənd həyatını görmək olduğunu bildirən koreyalı turist deyir. “Çox gözəl yerlərdir. Tur da çox maraqlı, yüksək səviyyədə təşkil edilib. Ev yiyəsi bizim üçün ürəyimizcə olan süfrə açdı. Həqiqətən də deyildiyi kimi var: kənd yeməklərinin dadından doymaq olmur. Şəhərin səs-küyündən uzaqlaşıb bir günlük də olsa, belə bir məkanda dincəlmək nəyə desən dəyər”.

Beləliklə, artıq hava qaralmışdı, yola çıxmaq vaxtı idi. Tur iştirakçıları ev yiyəsi ilə sağollaşaraq Qaladərəsi kəndini tərk etdilər.

Qeyd edək ki, layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının inkişafını stimullaşdırmaq və regionlarda yaşayan əhalinin sosial rifahının yüksəlməsinə dəstək göstərməkdir. Bu turlarda iştirakçılar bir və ya bir neçə günlük fermer təsərrüfatlarına səfər edərək kənd həyatı ilə tanış olur, heyvandarlıq, əkinçilik, bağçılıq, balıqçılıq və s. kənd təsərrüfatı sahələri ilə bağlı yeni biliklərə yiyələnirlər. Onlar fermerlərlə təsərrüfat işlərində də bacardıqları qədər kömək göstərirlər. Layihənin özəlliyi və gözəlliyi elə bundadır. azərtac