“İndi isə verilən əmanəti geri qaytarıram”

0
357
Qafqaz Universitetinin builki məzunu Nərmin Məlikova öz doğma şəhərində – Mingəçevir 10 saylı Tam Orta Məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb
Ölkəmizin ən reytinqli universitetlərindən biri olan Qafqaz Universitetinin builki məzunu, 22 yaşlı Nərmin Məlikova bu il öz doğma şəhərində – Mingəçevir 10 saylı Tam Orta Məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Universiteti fərqlənmə diplomu ilə bitirən 22 yaşlı gənc müəllimə Mingəçevir Texniki Humanitar Liseyinin məzunudur. O, ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq, Qafqaz Universitetinin Pedaqoji fakültəsinə daxil olub. Bu, Nərminin öz seçimi idi. Çünki Nərminin uşaqlıqdan arzusu müəllim olmaq idi. Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb olması barədə Ü. Hacıbəyov belə yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Təsadüfi deyildir ki, xalq belə bir deyimi formalaşdırıb; “Müəllim o kəsə deyirik ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”. Əlbəttə, o müəllimdən öyrənirlər ki, o, yaxşı öyrədilib…

Nərmin Məlikova: “Mən müəllimlik sənətini humanist sənət olduğu üçün seçmişəm. Uşaqlara olan sevgim mənim müəllim fəaliyyətimin humanist istiqamətinin əsasıdır. Mənim fikrimcə,  yaxşı müəllim öz peşəsinin ustası olmalıdır. Bu sənəti seçməyimdə müəllim ailəsində anadan olmağım da önəmli rol oynayıb. Anam ingilis dili müəlliməsi, atam isə idman müəllimidir. Həmişə ailədə, oxuduğum orta məktəbdə müəllimə böyük hörmət, inam olduğunun şahidi olmuşam. Hamımıza yaxşı məlumdur ki, müəllim təkcə dərs deməklə kifayətlənməməlidir, müəllimlər şagirdlərə hər cür qayğı ilə yanaşmalıdırlar. Artıq iki aya yaxındır ki, öz sevimli peşəmi icra edirəm”.

“İlk dəfə sinfə girəndə hansı hisləri keçirdiniz?” sualımıza müsahibimizin cavabı belə oldu: “Bunu sözlə ifadə etmək çox çətindir, həyatda elə anlar olur ki, onları başa düşmək üçün yaşamaq lazımdır. İlk andan balaca fidanlar mənə elə doğma gəldilər ki, öz-özümə dedim ki, görəsən, bu 22 uşaqla çətinlik çəkmərəm ki? Artıq onlara elə alışmışam ki. Həm də onlar hələ bağça uşaqları kimidirlər. Onlara hələ davranış qaydalarını öyrədirik. İlk dərs günlərində uşaqların yarıdan çoxu dərs zamanı yatırdı. Hətta bəzi müəllimələrə “xala” deyə müraciət edirlər. Onlarla işləmək çətin olduğu qədər də maraqlıdır. Mən işimin planını tutmağı sevirəm. İnsan qarşısına məqsəd qoyanda o məqsədə çatmağa can atır. İnanıram ki, mən də vətənimizə layiqli vətəndaş yetişdirəcəyəm”.

“Məktəbin siması müəllimlə müəyyənləşir”, deyən gənc müəllimə məktəbə gələn uşağın nadinci, ərköyünü, sakiti və s. xarakterlisi ola bilər, uşağa verilən tərbiyə və təlimi müəllim davam etdirir deyir: “Çalışıram ki, şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında da öz köməyimi əsirgəməyim; onlarla müəllim kimi yox, bir dost kimi ünsiyyət qurum. Hər bir şagirdə sevgi ilə yanaşır, onları səbirlə dinləməyə çalışıram.  Eləcə də şagirdlər dərsini maraqla keçən müəllimi və onun dərsini daha çox sevirlər. Bu, biz məktəbdə oxuyanda da belə idi. Mən ibtidai sinif müəlliməm İradə Əzizovanın bizə verdiyi tövsiyələrini indi də xatırlayıram. Hətta o yenə də mənə öz tövsiyələrini verir”.

Müəllim əməyinin digərlərindən üstünlüyü ondadır ki, cəmiyyətin formalaşmasında önəmli rol oynayır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişdirir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Ulu öndər Heydər Əliyev müəllim əməyini yüksək dəyərləndirərək deyirdi: “Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur”. Son vaxtlar ölkəmizdə təhsilə qayğı xüsusilə artmaqdadır. Belə ki, məktəblərdə əsaslı təmir işləri görülür, yeni məktəblər tikilir. Təhsil Nazirliyinin həyata keçirdiyi yeni  islahatlar müəllimlərin də fəaliyyətinə öz təsirini göstərir. İndi müəllimlərimizdən daha ciddi işləmək, təhsilin keyfiyyətini yüksəltmək, gələcəyin sağlam düşüncəli qurucularını yetişdirmək tələb olunur.

Esmira Hidayətova Mingəçevir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here