Türkdilli xalqların teatr ənənələri müzakirə olunub

0
46

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ənənəvi olaraq keçirilən konfransın bu il görkəmli rejissor, “YUĞ” teatrının təsisçisi və rəhbəri Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunduğunu söyləyib.

Rektor Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixində xüsusi mövqeyə malik sənətkar olduğunu bildirib. Diqqətə çatdırıb ki, qısa ömür yaşamasına baxmayaraq o, çox böyük işlər görüb. Səkkiz ildir aramızda olmasa da, görkəmli sənətkarın teatr sahəsində ideyaları və konsepsiyası bu gün də davam etdirilir. Onun yaradıcılıq ideologiyası davamçıları tərəfindən yaşadılır.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Türkdilli xalqların əsərləri Azərbaycan səhnəsində” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan teatr tarixində türkdilli xalqların əsərlərinin tamaşa qoyulması xüsusi mərhələ təşkil edir. Ötən əsrin əvvəllərindən etibarən qazax, qırğız, tatar, özbək, türkmən dramaturqlarının əsərləri Azərbaycan teatrında səhnələşdirilib. Lakin 1908-1930-cu illərdə Azərbaycan teatrında xüsusi vətənpərvərlik ideyası daha geniş vüsət aldı. Bununla bağlı tarixi əsərlərə müraciət olundu. Geniş şəkildə türkdilli xalqların keçdiyi həyat yolunun bədii təcəssüm olunduğu əsərlər Azərbaycan teatrının repertuarında yer aldı. Bu əsərlər təkcə Bakı teatrında deyil, Tiflis, Aşqabad, İrəvan, Dərbənd, Təbriz Azərbaycan teatrlarının repertuarına daxil edildi. 1950-ci illərdən başlayaraq türk dramaturgiyasına maraq daha da artmağa başladı. Belə ki, Türkiyə dramaturqlarının əsərləri daha çox üstünlük təşkil etməyə başladı. Azərbaycanda 1908-1919-cu illərdə geniş bir məkanda teatrın təşəkkülü və tərəqqisi üçün böyük işlər görülüb. Səmərqənddə, Daşkənddə, Buxarada, Aşqabadda və digər şəhərlərdə ilk teatr tamaşalarını azərbaycanlılar nümayiş etdiriblər. Türkmənistanda isə Azərbaycan teatrı həmin dövlətin öz teatrından da əvvəl 1904-cü ildə yaradılıb.

Konfransda T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kafedra müdiri, professor Saniya Kabdiyeva “Müasir qazax teatrında ənənələrin transformasiyası”, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə “Rejissor haqqında paradoks…”, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun professoru Temur Raşidov “Mərkəzi Asiyanın teatr sənəti (ənənə və müasirliyin dialektikası)”, professor Aydın Talibzadə “Perfomativ meditasiya: Eucinio Barbanın tənqidi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova “Vaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar”, teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov “Vaqif İbrahimoğlu yaradıcılığı Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi” və dissertant Tərlan Rəsulov “Tətbiqi teatr: mövcud durumu və perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.

Beynəlxalq tədbirdə müvafiq sahə üzrə elmi axtarışların və praktiki səylərin nəticələrini ümumiləşdirmək, informasiya mübadiləsinə nail olmaq və türkdilli xalqların teatr mədəniyyəti ənənələri əsasında türk teatrının hipotetik modelini formalaşdırmağın mümkünlüyü məsələləri müzakirə olunub.

Konfransda türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, ideyalarını türkdilli xalqların teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, həmçinin humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak ediblər.