Qubada keçirilən Alma bayramı iştirakçıların gözü ilə

0
45

Bu günlərdə Qubada növbəti Alma bayramı festivalı keçirildi. Belə tədbirlər rayonun iqtisadi, ictimai və mədəni həyatına nələr vəd edir? 

Bu sualla müraciət etdiyimiz Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, belə tədbirlərin  keçirilməsi, hər şeydən əvvəl, regionlarımızın inkişafının, eləcə də aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir: “Danılmaz faktdır ki, Prezident İlham Əliyevin son 16 ildə dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü tədbirlər bölgələrimizin də simasını büsbütün dəyişib. İndi elə bir bölgə yoxdur ki, özünün intibah dövrünü yaşamasın. Şübhəsiz, Quba da bu gün yeni inkişaf mərhələsindədir. Son bir ildə dövlət başçısının Qubaya iki dəfə səfər etməsi, bu rayonla bağlı bir sıra sərəncamlar imzalaması Qubaya olan diqqət və qayğının göstəricisidir. O ki qaldı rayonda keçirilən tədbirə… Bəri başdan deyim ki, hər bir bayram, festival hər şeydən əvvəl, keçirildiyi bölgənin iqtisadi inkişafının təbliğinə xidmət edir. Bu mənada mən deyərdim ki, füsunkar təbiəti, öz məhsulları ilə fərqlənən Qubada keçirilən bu tədbir həm də şimal regionuna daxil olan rayonların – Qusarın, Xaçmazın, Şabranın, Siyəzənin inkişafını göz önünə gətirdi. Yeri gəlmişkən, qeyd edim ki, həmin rayonlar VI Alma bayramında öz stendləri ilə təmsil olunmuşdular. Digər tərəfdən, tədbirdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri və çoxlu sayda digər qonaqlar da iştirak edirdilər. Bu da ölkəmizin, regionlarımızın inkişafının xarici ölkələrdə təbliğinə yeni bir stimul verən amillərdən biri olacaq”.

Quba Rayon Ağsaqqallar Şurasının sədir İldırım Məmmədov isə VI Alma Bayramı festivalını aqrar sahədə əldə edilən nəticələrin, həm də əhalinin sosial rifahının yüksəldiyinin göstəricisi kimi dəyərləndirdi: “Mənim fikrimcə, ölkəmizdə alma istehsalının təşviqi, almanın ixrac potensialının artırılması, ölkəmizdə alma istehsalı tarixinin geniş ictimaiyyətə, eləcə də dünyaya çatdırılması baxımından Alma bayramının təşkili mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, qeyd edim ki, rəsmi mənbələrə görə, ötən il ölkəmizdə 277,8 min ton alma istehsal olunub ki, bunun da 115,8 min tonu  konkret olaraq Quba rayonunda yığılıb. Yəni, ən çox alma istehsal edən rayonların siyahısında Quba ilk pillədə qərarlaşıb. Rayonda 17 min hektardan çox meyvə bağı vardır ki, bunun da 13 min hektarını alma bağları təşkil edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə son illər rayonda 5 min hektar yeni, daha məhsuldar bağlar, 1400 hektardan çox superintensiv meyvə, həmçinin 2 min hektara yaxın ərazidə yeni fındıq və qoz bağları salınıb”. İldırım Məmmədov, həmçinin vurğuladı ki, böyük marağa səbəb Alma bayramı bir daha sübut etdi ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır.

Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakovun fikrincə, belə tədbirlər bölgədə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir: “VI Alma bayramı festivalında Qubada məskunlaşmış bütün etnik qrupların – ləzgilərin, yəhudilərin, tatların, rusların, məshəti türklərinin və digərlərinin iştirakı bir daha sübut edir ki, ölkəmizin regionlarında da müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaradılıb. Yəni, bu tədbirdə rayonda yaşayan azsaylı xalqların həyat tərzini əks etdirən guşələr də vardı. Bu mənada bu tədbir həm də Azərbaycandakı tolerant mühitin göstəricisi kimi də qiymətləndirilməlidir”.

Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev bildirdi ki, elə bu tədbirdən 3 gün sonra ölkəmizdə fəaliyyət göstərən iyirmidən çox aparıcı turizm şirkətinin nümayəndələri Quba və Qusar rayonlarında olublar: “Yeri gəlmişkən qeyd edim ki, bu ilin iyul ayında Qubada Regional Mətbəx Festivalı, sentyabr ayında isə Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisində “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalı da keçirilib. Son 4 ayda rayonda təşkil olunmuş bu festivallar, şübhəsiz, bölgəmizin turist sektoruna da öz töhfəsini verir. Ona görə də belə tədbirlərin davamlı olmasına çalışırıq. Onu da deyim ki, rayonumuza gələn turistlər əsasən Qubanın simvolu olan Şahdağla, nağıllar aləmini xatırladan Xınalıqla daha çox maraqlanırlar. Bundan əlavə, qədim xalçaçılıq sənəti, Qubanı hər yerdə məşhur edən alma bağları, 1918-ci il soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirildiyi Quba Soyqırım Memorial Kompleksi onların  diqqətini daha çox cəlb edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”