“Mən Zinəddin Zidanı seçərəm”

0
433

Miroslav Klozeni əbəs yerə müasir dövrün ən güclü hücumçuları sırasında göstərmirlər. Düzdür, o, artıq 36 yaşını haqlayıb və karyerasının başa çatmasına çox qalmayıb. Ancaq məsələ burasındadır ki, Kloze “Latsio”nun heyətində özünü yaxşı tərəfdən göstərə bilmir. Təcrübəsinin hesabına digər zəif cəhətlərini sığortalayan Polşa əsilli hücumçu azarkeşlər tərəfindən də sevilir. Millətsevər almanların ona isti münasibət göstərməsi buna bariz sübutdur. Bu günlərdə Kloze Almaniya mətbuatına diqqətçəkən müsahibə verib.

— Uşaq olarkən bu qədər uğurlu karyera quracağını düşünürdün?

— Düzünü desəm, yox. Özümü futbolçu kimi görürdüm, təsəvvür edirdim ki, nə vaxtsa “Bavariya”nın futbolkasında “Alyans Arena”ya çıxacağam. Çünki mənim bütün ailəm bu kluba azarkeşlik edir. Amma heç vaxt fikirləşməmişdim ki, karyeram bu qədər uzun çəkəcək və mən Almaniyada belə seviləcəyəm.

— Sənin üçün kim xüsusi oyunçu olub? Yəni onu izləməklə öz bacarığını bir qədər də artırmısan…

— Mən xoşbəxtəm ki, Dieqo Maradona erasında böyümüşəm. Onun iştirakı ilə oyuna baxdıqdan sonra küçəyə çıxıb, özümü onun yerində təsəvvür edərək yaşıdlarımla top qovmuşam. Mən özümün meydançadakı fəaliyyətimi belə təsəvvür etmişəm: “Maradona topladır” və bu düşüncə ilə də futbol oynamışam. İndi mənim oğlum da bu cür düşünür, ancaq o, belə deyir: “Ronaldo topu götürür…”. Mənim yaşda olan adamlar üçün Maradona ən əsas oyunçu idi, amma yeni nəsil, o cümlədən mənim oğlum üçün Ronaldo və Messi əsl qəhrəmandır.

— Əgər sənə karyeranda ən yaddaqalan müsbət və mənfi epizodu seçmək təklifi etsələr, hansıları seçərdin?

— Futbolçu yoldaşlarımla həm məşqlərdə keçirdiyim vaxt, həm də birgə nahar vaxtı mənə əsl ləzzət bəxş edib. O ki qaldı çempionluq titulu və ya hansısa bir kuboka, onlardan birini seçmək asan deyil. Yenə də builki dünya çempionluğunu bir kənara qoymaq lazımdır. Ancaq əgər ən böyük məyusluqdan danışsaq, bu, DÇ-2002-nin finalında Braziliyaya uduzmağımız olub. Kubokun bir addımlığında dayanmaq mənə pis təsir etmişdi.

— Yeri gəlmişkən, həmin matçda özünü göstərə bilmədin. Yəqin ki, sonra həmin oyunun videoyazısına baxmısan…

— Bəli, iştirak etdiyim oyunların hamısına yenidən baxmışam. Biz qalib gəlməyə layiq idik və Braziliya yığmasından daha yaxşı oynamışdıq. Ancaq bir neçə yaxşı məqamı əldən verdik. Rəqib isə Ronaldonun qolları sayəsində çempion oldu.

— Gəl, meydançadan kənarda sənin nə etməyi sevdiyin barədə danışaq. Yəqin ki, futbol matçlarını çox izləyirsən…

— Bəli, çatdıra bildiyim bütün matçlara baxıram. Almaniya çempionatına daha çox baxıram.

— Elə bir komanda varmı ki, çıxışlarını xüsusi diqqətlə izləyirsən?

— Hamının “Barselona”nı izləmək xoşuna gəlir. Kataloniyalıların fantastik oyunçular — Messi, Xavi, İnyesta, Pike, Neymar, Luis Suares… toplamaqda bəxti gətirib. Bu, bəxt ilahəsinin onların üzlərinə gülməsidir, amma “Barsa”nın oyunlarına baxmaq, doğrudan da, xoşdur.

— Bu komandanı hansı yolla məğlub etmək olar?

— Mümkün olsa da, bunu etmək çox çətindir. Əgər “pley-off”da sizə “Barselona” ilə düşmək imkanı yaranarsa və uğur sizinlə olarsa, irəli getmək olar. Ancaq uzun turnir məsafəsində, ölkə çempionatında bu, demək olar ki, real deyil. “Barsa”ya qalib gələ biləcək yeganə komanda “Real”dır ki, o da bunu bacardı. Ancaq yenə də La Liqada çempionluğa favoritim “Barselona”dır.

— Karyeran ərzində qarşılaşdığın hansı futbolçulara daha çox hörmətin olub?

— Əgər birini seçmək lazımdırsa, mən Zinəddin Zidanı seçərəm. O, həqiqətən də, dahi futbolçu idi. Həm “Yuventus”da, həm “Real”da, həm də Fransa yığmasında özünü ən yaxşı tərəfdən göstərə bildi və futbolsevərlərin sevgisini qazandı. Zidan mənim gördüyüm ən böyük oyunçulardan biri olub. “Zizu”da əsl liderlik bacarığı var idi. Əfsuslar olsun ki, karyerasını tez bitirdi. İstəsəydi, daha bir neçə il oynaya bilərdi.

— Mövzunu dəyişdirək. Eşitdiyimizə görə, baban sənin ən kəskin tənqidçin olub?

— Bəli, o fikirləşirdi ki, mən heç vaxt yaxşı oynamamışam (gülür). Onun üçün həmişə nəsə düz alınmırdı, amma bu qədər tələbkar olması oyunumu təkmilləşdirməkdə mənə kömək olub. Hətta əgər mətbuatda mənim yaxşı oynadığımı yazsalar da, o, mənə yaxınlaşıb deyirdi: “Əgər hər şey belə gözəl idisə, bax, bu epizodda niyə fərqlənə bilmədin?”. Düşünürəm ki, kiminsə həmişə səndən nəyisə tələb etməsi çox yaxşı haldır.

— Uzun illər oynayan bir futbolçu kimi cavab ver, futbol sənin həyatında hansı yeri tutur?

— Futbol mənə hər şeyi verib. Mənim üçün isə nə vaxtsa malik olduğum və ya malik ola biləcəyim ən yaxşı oyuncaq futboldur. Onu kəşf edən insan əsl qəhrəmandır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here