“Qarabağnamə”, yaxud bəlkə vaxtı çatıb?

0
406

Budəfəki yazımın digərlərindən fərqli alınacağını təxmin edirəm. Bunun da əsas səbəbi “Qarabağ”dır. O “Qarabağ” ki, bir neçə gün öncə Avropa Liqasının qrup mərhələsinin III turunda “Dnepr”lə Kiyevdə keçirilən görüşdə qalib gəlməklə, sözün həqiqi mənasında, futbol tariximizin “Qarabağnamə”sini yazdı və bu sahədəki boşluğu müəyyən mənada doldurdu. Bu uğurun əsas müəlliflərindən biri, bəlkə də, birincisi, şübhəsiz ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oldu. Onun adını niyə xüsusi vurğuladığımı yazımın sonunda açıqlayacağam.

Bəli, bu qələbə ilə “Qarabağ” Avropa Liqasının qrupunda ən çox xal toplayan Azərbaycan klubu adını qazandı. Bəli, indi həmin oyunun sorağı dünyanın müxtəlif bölgələrindən gəlir. Görün, “Qarabağ”ı yaxşı təşkilatlanmış komanda kimi xarakterizə edən “Dnepr”in baş məşqçisi Miron Markeviç nə deyib. O bildirib ki, bu komandanın oyun üslubu çox xoşuma gəldi. “Qarabağ”ın əzmkarlığından şoka düşmüş “Dnepr”in müdafiəçisi Artyom Fedetski bildirib ki, bu oyunda hətta Lionel Messi və Kriştianu Ronaldo da bizə kömək edə bilməzdi. “Sent-Etyenn”in baş məşqçisi Kristof Qaltye Ağdam klubu ilə Bakıdakı heç-heçənin necə dəyərli olduğunu “Dnepr”lə görüşdən sonra bir daha dərk etdiyini qeyd edib. Rusiyanın “NTV Plus” telekanalının məşhur şərhçisi Konstantin Qençik “Qarabağ”ı sevimli komandası kimi dəyərləndirib. Bəli, bütün bu dəyərləndirmələrdə Qurban Qurbanovun da adı xüsusi hallandırılıb…

Hə, indi də gələk bayaq yarımçıq qoyduğum məsələyə… Bu məsələyə bir rəvayətlə keçid almaq, məncə, yerinə düşərdi. Bir məclisdə təbabətdən söhbət düşür. Elmin son nailiyyətlərindən danışılır. Biri xüsusi temperamentdə deyir:

— Amerikada təzəcə ölmüş adamın gözünü çıxarıb korun gözünə qoyurlar, kor başlayır görməyə…

Biri soruşur:

— Görəsən, bu əməliyyat neçəyə başa gəlir?

Cavab verirlər:

— Yəqin, 50 min manata…

— Bəs onda ikisi neçəyə başa gələr?

— Yarım milyona…

— Belə olduğu halda, Allahın sizə verdiyi pulsuz-parasız o gözlərin, qulaqların qədrini niyə bilmirsiniz? — deyə həmin adam soruşur.

Bəli, bu uğura görə yerli məşqçinin, bir daha xatırladıram yerli məşqçi Qurban Qurbanovun əməyi danılmazdır. Məhz o, belə bir uğura imza atdı və futbolumuzda tarix yazdı (Ondan öncə “Neftçi”də Böyükağa Hacıyev buna bənzər uğur əldə etmişdi). Nə demək istəyirəm? Dediyim budur odur ki, bizə özümüzdən, özümüzünkülərdən başqa can yandıran olmayacaq. Bunu Qurban Qurbanov öz vətənpərvərliyi ilə artıq sübut etdi.

Klublarımızda çalışan əcnəbi məşqçilərə komfort şərait yaradılmasına baxmayaraq, indiyədək heç biri belə bir uğur qazanmayıb. Lakin onlar hələ də iş başındadırlar. Amma bu gün bizim yerli məşqçilər — Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Böyükağa Hacıyev, Şahin Diniyev hələ də futboldan kənardadırlar, özləri demişkən, hələ də işsizdirlər. Heç onları futbol aləminə yenidən qaytarmağa cəhd edən də yoxdur. Yeri gəlmişkən, əgər ölkənin tanınmış futbol mütəxəssisləri ölkə daxilində iş yeri tapmırlarsa, onda onların legioner perspektivlərindən danışmağa dəyməz. Bəli, indi ölkəmizə xaricdən baş məşqçi axını var. Məhz son illər futbolumuzun inkişafı naminə milyonlarla manat vəsait xərcləyirik. Təbii ki, həmin vəsaitin böyük qismi də legioner məşqçilərə xərclənir. Halbuki həmin vəsaitin az bir hissəsi hesabına yerli məşqçiləri bu işlərə cəlb etmək və onlardan daha çox şey qoparmaq olar. Qənaət olunan vəsaitə isə, demək olar ki, tədricən hər məhəllədə bir idman meydançası yaratmaq mümkündür. Bəlkə, onları da mərkəzə dəvət etməyin vaxtı çatıb, cənablar? Bəlkə, mən düz demirəm? Necə? Sual yerinə düşmədi? Elə isə söylədiyim rəvayətdəki kişi kimi soruşuram: “Görəsən, Allahın bizə verdiyi yerli məşqçilərin qədrini niyə bilmirik?”

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here