Əli Kərimliyə məsləhət

0
91

Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan AXCP sədri Əli Kərimli bütün uğursuzluqlarına baxmayaraq, yenə mitinq sevdasına düşüb. Bu barədə onun müavini Seymur Həzi məlumat verib. Əli Kərimlinin yenidən belə bir sevdaya düşməsi dahi bəstəkarımız, dramaturqumuz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının baş qəhrəmanı Məşədi İbadı yadıma saldı. Yəqin deyəcəksiniz, Əli Kərimli hara, Məşədi İbad hara? Bəri başdan deyim ki,  belə bir müqayisə aparmaqla Məşədi İbadı əsla ələ salmaq, yaxud elə həmin əsərin personajlarından biri olan Həsən bəy demişkən “oskarbit” eyləmək fikrində deyiləm. Çünki mənim aləmimdə Əli Kərimli Məşədi İbadın saqqalından çıxarıb havaya üfürdüyü ağ tükü də ola bilməz. Bəs niyə bu fikirdəyəm? 

Antiazərbaycan dairələrin köləsinə çevrilən Əli Kərimli mitinqi mitinqə, piketi piketə calamaqla nəyə nail olmaq istəyir? Şübhəsiz, onun məqsədi budur ki, mitinqlərdə dava olsun, polislər müdaxilə etsin, bu antimilli ünsür də  bundan istifadə edərək ajiotaj yaratsın. Yəni, qanunu pozanlar cəzalandırılanda sosial şəbəkələrdə “iqtidar təzyiq etdi” kimi ifadələr işlətməklə ölkəmizi nüfuzdan salmağa, öz ağalarına “faktlar” ötürməyə cəhdlər etsin. Bir sözlə, o, “siyasi dividend” qazanmaq üçün hər cür “təxribatlar məqbuldur” şüarı ilə hərəkət edir.

Radikal müxalifətin “dirijoru” olan Əli Kərimli özü də həmişə tutuquşu kimi eyni sözlər deyir: guya ölkədə insan hüquqlar pozulur, guya ölkədə siyasi məhbuslar var.  Halbuki respublikamızda siyasi məhbus yoxdur, qanunları pozan şəxslər var ki, onlara da cəzasız qalmırlar. Bir sözlə, xarici qüvvələrin əlində alətə çevrilmiş Əli Kərimli şou yaratmağa çalışır ki, guya onların azad piket keçirməsinə müdaxilə edilir, müxalifət nümayəndələri təqib edilir və s. Amma asayiş keşikçiləri də hər dəfə ona və tərəfdarlarına qarşı çox normal davranış nümayiş etdirirlər, onların provokasiyasına uymayırlar. Odur ki, cəmiyyət bu riyakarın dediklərinə əsla məhəl qoymur. Yeri gəlmişkən, elə bu günlərdə AXCP sədri Əli Kərimlinin yaxın adamlarından biri – partiya funksioneri Məmməd İbrahimin sosial şəbəkələrdə yayılmış  səs yazısından da məlum olur ki, adamlar  onların keçirdikləri mitiqnlərə üz tutmurlar. Bu isə o deməkdir ki, aparılan islahatlar nəticəsində sosial rifahı və yaşayışı  gündən-günə yaxşılaşan xalq iqtidarı dəstəkləyir. Elə bu kimi səbəblərdən cəmiyyət onun mitinq çağırışlarına əsla vecinə almır. Bir də, sözün həqiqi mənasında, ölkəmizdə əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək heç bir stimul yoxdur. Bütün bunların müqabilində Əli Kərimli yenə israrlı görünür, yenə də dəridən-qabıqdan çıxır.

Hə, indi də qayıdaq, yazımın əvvəlində ərz etdiyim oxşarlığa. Məşədi İbad Gülnaz xanımla ilk tanışlığında ona nə deyir? Deyir ki, xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan. Sonra da əlavə edir ki, bəs mən saqqalıma həna qoydum, qoymadım – həmişə qapqara şəvə kimidir, amma bir növ adətkərdə olmuşam. Bax,  Əli Kərimli də belə bir adətkərdəlik var. Yəni, mitinq keçirməyəndə, daha doğrusu, mitinqi mitinqi calamayanda onun başı möhkəm ağrıyır. Odur ki, Əli Kərimli də  hənadan istifadə etsə, daha yaxşı olar. Bəlkə həna onun da başının ağrısını kəsə. Necə deyərlər, o olmasın, bu olsun. Belə etməklə o, həm özünün başının çarəsini qılmış olar, həm də camaatın əsəbləri ilə oynamağına birdəfəlik son qoyar.

Qvami Məhəbbətoğlu, “İki sahil”