Təfriqəçi müəllimlərdən qorunaq!

0
367

Dünən qanım bərk qaralmışdı. Səbəbi 10 yaşlı nəvəmin kədərli halı, onu kədərləndirən hadisə oldu. Nəvəm müəlliminin davranışından təsirlənmişdi, hətta elə təsirlənmişdi ki, yatağına girənədək – altı-yeddi saat ərzində o hadisəni ən azı on dəfə dilə gətirdi və müəlliminin qarasınca danışdı: “Görəsən müəllim Azərin könlünü alacaqmı?” Bu hal onun hələ bir neçə gün, bəlkə daha uzun müddətə bu hadisənin təsiri altında qalacağını göstərirdi.
Azər nəvəmin sinif yoldaşı idi, nitqində qüsur var idi, danışarkən tutulur. Qorxanda, həyəcanlananda bu qüsur özünü daha çox göstərir. Nitqindəki qüsura baxmayaraq, sinifdə ən yaxşı oxuyan şagirddir, xüsusilə riyaziyyatdan ən çətin məsələləri ən tez həll edir, yazılı tapşırıqları, tədqiqatı tapşırıqları daha tez və daha düzgün həll edir.

Dünən həmin müəllimin açıq dərsi varmış, öz pedaqoji məharətini göstərmək üçün dəridən-qabıqdan çıxmış, amma Azərə söz verməmiş, onun israrla havaya qalxan əlinə əhəmiyyət vermədən dərsi başqalarından soruşmuşdu. Qonaq müəllimlər sınifdən çıxandan sonra Azər uşaq sadəlövhlüyü ilə müəllimə şikayətlənir:

– Müəllim, niyə mənə söz vermədiniz? Dərsə yaxşı hazırlaşmışdım…

Müəllim ona bu dəhşətli, insanlıqdan çox uzaq cavabı verir:

– Əşi, səndən dərs soruşmaq olar? Onda gərək bir də tərcüməçi tutaq…

Bunu deyir, üstəlik də, verdiyi cavabdan məmnun halda qaqqıldayıb gülür. Azər bir yana, bütün sinif müəllimin bu qəddar cavabından bir anda donub qalır, ağızlarına kilid vurulur. Azər qulaqlarının dibinəcən qıpqırmızı qızarır, dediyinə peşman halda yerinə oturur və evə gedənəcən beləcə qalır.

Nəvəm Azərin bu halına dayana bilməmiş, sinifdəcə ağlamışdı. Bilmirəm, bəlkə sinfin bütün uşaqları göz yaşlarını tuta bilməmişdilər.

– Bəs sonra nə oldu, müəllim Azərə başqa söz demədi?-deyə nəvəmi bağrıma basdım, onu sakitləşdirmək istədim.

– Yox,-deyə nəvəm təəssüflə içini çəkdi, sonra başını qaldırıb qorxduğu sualı verdi: -Baba, birdən Azər başqa məktəbə gedər, onda mənim dostum kim olacaq?

– Getməz, getməz,-deyə mən onu sakitləşdirməyə çalışdım.

– Yox, gedər,-deyə nəvəm içini çəkdi,-axı o, bizim sinfə də başqa məktəbdən gəlib! Bəlkə elə o məktəbdə də müəllim onun xətrinə dəyib, ona görə məktəbini dəyişib?

Bu dəfə nəvəmin sualına cavab vermədim. Verə bilmədim, çünki gözlərim qarşısında haqsız yerə təhqirə məruz qalmış uşaq dayandı.

İnsan anadangəlmə qüsurlu ola bilər, kar ola bilər, kor ola bilər, iflic ola bilər, min cür xəstəliklərlə doğula bilər. Bütün bunlarda onun günahı varmı? Valideynlərinin günahı varmı? Axı insana hansı ailədə, hansı ölkədə, nə zaman doğulmaq, valideyn seçmək, millət seçmək, bədən üzvləri – qaş, göz, qulaq, ağız, boy-buxun seçmək ixtiyarı verilməyib ki! Onu Allah özü təyin etmişdir, O seçmişdir. O zaman bir müəllimin, bir adamın onun bu qüsurunu üzünə vurmaq, ona bu qüsurunu xatırlatmaq haqqı vardırmı?

Müəllim ayırıcı, təfriqəçi yox, birləşdirici olmalıdır. Biz rəngimizdən, irqimizdən, cinsimizdən, dilimizdən, dinimizdən asılı olmayaraq, bizdəki anadangəlmə və ya sonradan olan qüsurlarımızdan asılı olmayaraq bir olmalıyıq, bərabər olmalıyıq, bunlara görə birimizi o birimizdən üstün və ya alçaq hesab etməməliyik.

Bunu bilməyən müəllim varsa, məncə, o ya tövbə etməli, özünü tərbiyə etməli, ya da başqa bir peşəni seçib məktəbdən uzaqlaşmalıdır.

Haqlı deyiləmmi, əziz həmkarlarım?

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here