Elvin Hüseynov: Bu il qonaqkəndlilər üçün əlamətdar olacaq

0
46

“Bu il Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinlərinin yaddaşlarına unudulmaz il kimi həkk olunacaq. Belə ki, rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən qəsəbəmizə  müasir standartlara cavab verən yolun çəkilişi demək olar ki, başa çatıb. Yəni, hazırda işlər qəsəbənin girişində aparılır. Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 11 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Qonaqkəndin ən böyük çətinliklərindən biri sayılan yol probleminə birdəfəlik son qoyulur. Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Daha bir vacib infrastruktur layihə isə qaz xəttinin çəkilişi ilə əlaqədardır ki, bu istiqamətdə də artıq işlər yekunlaşmaq üzrədir”.

Bu fikirləri Quba Rayon İcra Hakimiyyəti başçısının Qonaqkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elvin Hüseynov “İki sahil” qəzetinə müsahibəsində söylədi.

Həmsöhbətimiz bildirdi ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən görülən işlərin noyabr ayında yekunlaşdırılması nəzərdə tutulub: “Qonaqkəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 min metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılır. Bir sözlə, 250-yə yaxın abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Bu isə o deməkdir ki, qonaqkəndlilər bu il iki tarixi hadisənin şahidi olacaqlar. Yeri gəlmişkən, onu da qeyd edim ki, ilk dəfə evlərində “mavi yanacaq” görəcək sakinlərimiz sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Onlar indi evlərində təbii qazın veriləcəyi günü səbirsizliklə gözləyirlər. Bütün bunlar isə belə deməyə imkan verir ki, hazırda Qonaqkənddə də inkişaf yüksək səviyyədə gedir. Fikrimcə, qəsəbəmizin “mavi yanacaq” ilə təmin olunması dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə siyasətinin əyani təzahürüdür və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Sakinlərimiz qarşıdan gələn illərdə də Prezident  İlham Əliyevin rəhbərliyi ilə qəsəbəmizdə digər sosial layihələrin də həyata keçiriəcəyinə şübhə etmirlər. Onu da qeyd edim ki, bütün bunlar həm də  Qonaqkəndin keçmiş şöhrətini qaytarmaq məqsədilə atılan addımlardır”.

Müsahibimiz qeyd etdi ki, Qonaqkənd Qubanın ən səfalı güşələrindən biridir: “Bir vaxtlar rayon mərkəzi olan bu yaşayış məntəqəsi Qubanın istər iqtisadi, istərsə də ictimai həyatında mühüm rol oynayıb. Lakin sonradan  müəyyən səbəblərə görə burada yaşayış imkanları məhdudlaşıb. Bu səbəbdən əhali doğma yurd-yuvalarından köçərək rayon mərkəzinə daha yaxın ərazilərdə, eləcə də digər yerlərdə məskunlaşmağa məcbur olub. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən bu işlər geniş turizm imkanlarına malik Qonaqkəndə yeni nəfəs verəcək. Onu da deyim ki, artıq qəsəbədə yeni evlər də tikilməkdədir. İnsanlarda kəndin sabahına inam yaranıb. Bu dirçəlişi və inamı yaradan isə fikrimcə, yol və “mavi yanacaq”dır”.

Elvin Hüseynov, həmçinin vurğuladı ki, yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi prioritet məsələlərdəndir və daim dövlətimizin diqqət mərkəzindədir: “Hazırda ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşıb.  Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Bu, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də vurğulanıb. Quba rayonunda da bu siyasət uğurla həyata keçirilir. Belə ki, rəsmi məlumatlara görə, bu il ölkənin şimal regionunda 16 yaşayış məntəqəsi qazlaşdırılır ki, bunun da 12-si Quba rayonuna aiddir”.

Qvami Məhəbbətoğlu, “İki sahil