Bir toydan kadr

0
401
Toylar mövzusu yenə gündəmi zəbt edib. Odur ki, bu dəfə mövzu axtarışına çıxmağa ehtiyac duymadım. Bir də öz-özümə dedim ki, axı mən niyə bu kampaniyadan geri qalım? Şadlıq saraylarına “girib”, elə mən də el ilə sürünüm də… Yox, bu dəfə sizin gözlədiyiniz kimi nə şadlıq saraylarının müdirlərindən, nə onlara havadırlıq edənlərdən, nə toya atılan nəmərdən, nə orada verilən yeməklərdən, nə də musiqiçilərin repertuarından danışacağam. Necə deyərlər, alayı bir məsələdən söz açacağam. Bu zurna-qavaldan sonra başlayaq əsas söhbətə.
Hə, bu günlərdə həyat yoldaşımla birgə bir toy məclisinə təşrif buyurdum. Toy sahibi bizi ədəb-ərkanla bir stola tərəf yönləndirdi. Yerimizə əyləşən kimi ofisiant başımızın üstünü kəsdirdi: hansı sudan süzüm, hansı yeməklərdən çəkim? Dedim, bala, narahat olma, özümüz özümüzə qulluq edərik. Buna baxmayaraq, o yenə bizim yeyib-içməyimizə “müdaxiləsini” davam etdirdi. Dedim, bəxtimizə nə yaxşı ofisiant düşüb. Elə onun səmimiliyi bizə yetər.

Toyun başlanmasından yarım saat sonra mənim yanımda boş qalmış stulda bir nəfəri çox hörmət-izzətlə yerləşdirdilər. Adını bilmədiyim həmin şəxs yerində əyləşən kimi əlindəki maşının açarlarını stolun üstünə qoydu (Geyimindən, davranışından hiss olunurdu ki, xod gedəndir). Elə həmin an da ofisiantı çağırıb qulağına nəsə pıçıldadı. Onun sözlərindən sonra ofisiant yerindən götürüldü… Az sonra həmin şəxsin qarşısı müxtəlif yeməklərlə doldu. Üstəlik, ofisiant ona heç bir stolda olmayan yeməklər də təşkil etdi. Beləcə, ofisiantın başı həmin adama necə qarışdısa, daha doğrusu, onun gəlişi ilə necə dəyişdisə, stuldakı digər şəxlər, o cümlədən biz sanki yaddan çıxdıq. Ofisianta tutulan iradlar da ona kar etmədi. Onun bu hərəkətləri məni lap hövsələdən çıxardı. Ofisianta təpinmək istəyirdim ki, həyat yoldaşım bir qədər səbirli olmağımı tövsiyə etdi.

…Toy öz axarında gedirdi. Mən sanki heç nə olmamış kimi çənəmi sağ əlimlə dəstəkləyib, Cabir Abdullayevin ifasına qulaq asırdım. O, ahəstə-ahəstə oxuyurdu:

Şah məclisində fərman eyləyən puldur,

Qədimdə, ya indi dövran eyləyən puldur…

Məni bu musiqi aləmindən həmin adamın: “Yeyib-içən adama oxşamırsan?” sözləri ayıltdı. Və əlavə etdi: “Ay ağsaqqal, yadında saxla, bir toyda ki yeyib-içmədin, sənə baxan olmayacaq. Bu ofisiantlar da mənim kimi yeyib-içənləri sevirlər”. Bu izahatdan sonra o, ofisiantın qulağına yenə nə isə pıçıldadı. Ofisiant baş üstə deyib ondan ayrıldı. Bir-iki dəqiqədən sonra yanına gəlib, mənim də eşidəcəyim tərzdə: “İndi monitorda sizi göstərəcəklər”,- dedi. Bu söhbətdən heç 30 saniyə keçməmiş, doğrudan da, həmin adamı iri planda ekranda-monitorda göstərdilər. Halbuki həmin anlarda bəyin dayısı gəlinə üzük hədiyyə edirdi (Uzun sözün qısası, toyun sonuna qədər həmin adamı dəfələrlə monitora gətirdilər).

Cabir Abdullayev yenə ahəstə-ahəstə oxuyurdu:

Şah məclisində fərman eyləyən puldur,

Qədimdə, ya indi dövran eyləyən puldur…

Məni yenə bu xəyallar aləmindən bir qədər keflənmiş həmin şəxs ayırdı: “Ay ağsaqqal, nə fikrə getmisən e…?” Bu dəfə mən ondan soruşdum: “Bu ofisiant sizin tanışınız, yaxud yaxın adamınız deyil?” O gülə-gülə: “Yox, ay ağsaqqal, nə tanışlıqbazlıqdır. Yerimdə oturan kimi cibinə bir beşlik basdım, olduq tanış da…Yoxsa, o mənim başıma pərvanə kimi dolanardımı? Tövsiyə edirəm ki, sən də bu üsuldan istifadə edəsən”.

Bu sözlərdən sonra əsəblərimə hakim ola bilmədim. Ofisiantı çağırıb abrını ətəyinə bükmək istəyirdim ki, yenə həyat yoldaşım dilləndi:

– İşin olmasın”.

– Elə isə şadlıq sarayının rəhbərinə dərdimi izah edim?

Bu dəfə də yoldaşım:

– İşin olmasın. Tələbə uşaqdır. Birdən rəhbərlik onu işdən qovar, biz qalarıq qarğışda…

Az sonra həmin şəxs maşının açarını ofisianta verib, nə isə gətirməsini söylədi. Toyda sona qədər oturmağa özümdə güc tapa bilməyəcəyimi hiss edərək oradan uzaqlaşdım. Lakin hələ də Cabir Abdullayevin ifa etdiyi mahnının sözləri qulağımda cingildəyirdi:

Şah məclisində fərman eyləyən puldur…

 

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here