Qarabağ qazisi: Mən həmişə şəhidlərimizə həsəd aparmışam

0
36

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Bu dəfəki həmsöhbətimiz II qrup Qarabağ əlili Ayaz Cumayevdir.

Cumayev Ayaz Valeh oğlu  1990-cı ildə  Qax rayonunun Şotavar kəndində anadan olub. Dediyinə görə, hərbçi olmasında  kitabxanada çalışan anası Sədaqət xanımın ona qəhrəmanlarla bağlı kitabları oxutması önəmli rol  oynayıb. Hazırda hərbi xidmətini davam etdirən böyük qardaşı Asifin hərbçi olması da onun arzusunun reallaşmasına vəsilə olub.

A.Cumayev həqiqi hərbi xidmət müddətini başa vurandan sonra yenidən ordu sıralarına qayıdıb, Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində kursu başa vurub və kiçik gizir kimi ön cəbhədə xidmət edib: “Məqsədim soydaşlarımızı öz yurd-yuvalarından didərgün salan, xalqımıza qarşı soyqırımlar həyata keçirən, ərazilərimizi işğal edən ermənilərdən qisas almaq idi. Bu da mənə aprel döyüşlərində nəsib oldu. Amma onlara qarşı olan nifrətim hələ tükənməyib və tükənməyəcək də…”

Hazırda boya-başa çatdığı kənddə yaşayan Ayaz Cumayev, həmçinin bildirdi ki, aprel döyüşlərində ermənilərin bir neçə mövqelərinin alınmasında iştirak edib. Dediyinə görə, Talış yüksəkliyi  ermənilərdən alındıqdan sonra düşmən yenidən həmin mövqeni tutmağa cəhd edib. Həmin döyüşdə düşmənə layiqli cavab verilsə də şəhidlərimiz də olub. Ayaz onlardan birini – Murad Məmmədovu döyüş bölgəsindən çıxararkən özü düşmən gülləsinə tuş gəlib. Belə ki, düşmən gülləsi onun sağ sinəsini dələrək keçib: “Sözün düzü, yaralı olmağıma baxmayaraq, döyüş meydanından uzaqlaşmaq istəmirdim. Hətta məni oradan uzaqlaşdıran silahdaşlarıma da etirazımı bildirdim. Çünki söz vermişdim ki, işğal altındakı bütün ərazilərimiz azad olunan günədək hərbi xidmətimi davam etdirəcəyəm. Yeri gəlmişkən, mən həmişə şəhidlərimizə sözün yaxşı mənasında həsəd aparmışam. Yəni, onlar kimi olmağa çalışmışam. Görünür, qismətimdə şəhid olmaq yox imiş. Onu da deyim ki, mən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, bacarıqlı kəşfiyyatçı Raqif Orucovun rəhbərlik etdiyi dəstənin tərkibində vuruşmuşam”.

A.Cumayevin döyüş fədakarlığı yetərincə dəyərləndirilib. Belə ki, aprel döyüşlərində göstərdiyi şücaətə görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ona  “Şücaətə görə” medalını  təqdim edib. Müsahibimiz mənzillə və avtomobillə də təmin olunacağını əminliklə söylədi.

O, həmçinin bildirdi ki, dövlətimiz, Prezidentimiz ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşanları hər zaman diqqətdə saxlayır və onlara hər cür yardım göstərir: “Zənnimcə, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar və qazilər hər cür hörmət və ehtirama layiqdirlər”.

Müsahimiz vurğuladı ki, aprel zəfəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi oldu və münaqişənin həllində yeni bir səhifə açılmasına imkan yaratdı: “Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir”.

A.Cumayev ordumuzun bugünkü vəziyyətindən də söz açdı: “Əvvəlki illərlə müqayisədə bu gün ordumuzun istər texnika, istərsə də daha ixtisaslı hərbçilərlə təminatı daha yüksək səviyyədədir. Son vaxtlar ordumuzda keçirilən genişmiqyaslı taktiki təlimlər şəxsi heyətin peşəkarlığını və yüksək döyüş hazırlığına malik olduğunu nümayiş etdirir. Bütün bunlar da bizim hərbçilərimizin döyüş əzmimizi artırır, onları düşmən üzərində qələbəyə ruhlandırır”.

İkinci qrup Qarabağ əlili Ayaz Cumayev hər an Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazır olduğunu da vurğuladı: “Nə gizlədim, ərazilərimizin işğal altında olması məni bir an belə rahat buraxmır. Hərdən rayonda gənclərin hərbi xidmətə yola salınması mərasimlərinə qatılıram. İnandırım sizi, gənclərimiz elə həvəslə ordu sıralarına gedirlər ki… Şübhəsiz, onlarda belə vətənpərvərliyin formalaşmasında son illər əldə olunmuş qələbələrimiz əsas rol oynayıb. Fəxr edirəm ki, bu işdə mənim də azacıq əməyim  var”.

Bu yaxınlarda Qarabağ əlillərilə SOCAR əməkdaşları arasında baş verən insidentə münasibət bildirən həmsöhbətimiz qeyd etdi ki, bəzi qüvvələr bu məsələni siyasiləşdirməyə cəhd etdilər: “Amma onlar unutmasınlar ki, qazilər Prezidentin siyasətini dəstəkləyir və onlar hər zaman dövlət başçısının yanındadırlar”.

Qeyd edək ki, bu yaxınlarda Ayaz Cumayevin ailəsində  3 övladı (üçəm körpələr) dünyaya gəlib.

Qvami Məhəbbətoğlu, “İki sahil”