İcra başçısı İlham İsmayılov: “Bu işlər davamlı olacaq”

0
335

Mingəçevir şəhərində sakinlərlə səyyar görüşlər davam edir. Qeyd edək ki, Mingəçevir şəhərində keçirilən səyyar görüşlər sakinlər tərəfindən rəğbətlə qarşılanır. Çünki keçirilən hər bir səyyr görüşdən sonra illərdən bəri yığılıb qalan problemlər həllini tapır.

Növbəti dəfə  şəhərin N.Nərimanov yaşayış binasının  sakinləri ilə səyyar görüş keçirilib. Görüşdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə icra başçısı İlham İsmayılov bildirib ki, cənab Prezidentin bilavasitə göstərişinə müvafiq olaraq respublikanın paytaxtında və eləcə də regionlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi insanların məmnunluq hisslərini daha da yüksəldib.

 O, Mingəçevir şəhərində həyata keçirilən əməli işlər haqqında – “Dostluq” parkında, şəhərin Xaldan şossesi istiqamətindəki seyrəngahda, eləcə də bir sıra  məhəllələrdə həyata keçirilən abadlıq-quruculuq işlərindən də söz açıb. Qeyd edib ki, artıq 20 məhəllədə abadlıq-quruculuq işləri başa çatdırılıb.  Bu quruculuq işləri çərçivəsində həyətlər abadlaşıb, binaların fasad hissələri rənglənib, bloklar təmir olunub,  girişlərə qapılar qoyulub.

Görüşdə çıxış edən məhəllə komitəsinin sədri Sahibə Rəsulova şəhərdə aparılan quruculuq-abadlıq işlərinə görə  əvvəlcə ölkə başçısına daha sonra İlham İsmayılova sakinlər adından minnətdarlıq bildirib. Qeyd edib ki, Mingəçevir gündən-günə abadlaşır, gözəlləşir: ”Görülən bütün işlər biz sakinlərin ürəyindəndir. Mən də istərdim ki, bizim yaşadığımız Ərəş küçəsində də abadlıq işləri aparılsın”.

Sakinlərin bir qismi isə onları narahat edən digər problemlərdən (istilik sistemindən, suvarma suyundan, həyətlərin işıqlandırılmasından, xeyir-şər mağarının təmirə ehtiyacı olmasından və s.) danışıblar.

Tədbirin sonunda başçı qeyd edib ki, Mingəçevirdə işıqlandırılmayan məhəllə qalmayacaq: “Biz çalışırıq ki, siz sakinlər yaşadığınız məhəllədə rahatlıq tapasız. Mən söz verirəm ki, başladığımız bu işlər davamlı olacaq”.

Görüşün sonunda icra başçısı məhəllədə görülənişlərlə yaxından tanış olub və digər  görüləcək işlərlə əlaqədar lazımi tapşırıqlar verib.

Esmira Hidayətova,Mingəçevir.