Ərdoğan ABŞ-a səfər edəcək

0
21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a gələcək və burada Birləşmiş Ştatların Prezidenti Donald Trampla danışıqlar aparacaq.

Vaşinqton administrasiyasının rəhbəri bu barədə məlumatı “Twitter” sosial şəbəkəsində paylaşıb.

“Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də mənim qonağım qismində ABŞ-a gələcək”, – deyə Donald Tramp bildirib.

ABŞ Prezidenti Türkiyə-Amerika münasibətlərinin vacibliyini vurğulayaraq Ankaranı Birləşmiş Ştatların ən iri ticarət tərəfdaşlarından biri adlandırıb.

“İnsanların çoxu Türkiyənin ABŞ-in əsas ticarət tərəfdaşlarından biri olduğunu unudurlar. Düzünü desək, onlar bizim F-35 qırıcı təyyarələrimizin füzelyajı üçün polad konstruksiyalar hazırlayır. Onlarla iş görmək də yaxşıdır – onlar Suriyanın İdlib əyalətində çox sayda həyatı xilas etməkdə mənə yardımçı oldular, həmçinin mənim xahişimlə uzun müddətə azadlıqdan məhrum olunmuş keşiş Endryu Bransonu sağ-salamat geri qaytardılar. Bundan başqa, yadda saxlayın – bu çox vacibdir – Türkiyə NATO alyansının etibarlı üzvlərindən biridir”, – deyə prezident qeyd edib.

Donald Tramp, həmçinin Birləşmiş Ştatların sonu görünməyən müharibələrdən çıxmalı olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, oktyabrın 6-da Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı noyabr ayında Vaşinqtonda görüşmək barədə razılığa gəliblər. azərtac