Ferqyuson qapıları döyüb insanları stadiona dəvət edirmiş

0
301

Elə insanlar var ki, məşğul olduqları peşənin, sözün əsl mənasında, vurğunu olurlar. Fəaliyyət göstərdikləri sahədə qazandıqları uğurların sayı nə qədər olursa-olsun, onlar ertəsi gün başlayacaqları işin planını elə sonuncu nailiyyəti qeyd etdikləri andaca cızmağa başlayırlar. Lap 26 illik “Mançester Yunayted” karyerasını keçən il bitirmiş ser Aleks Ferqyuson kimi. Dahi şotlandın məşqçilik fəaliyyətini vərəqləməyin vaxtı çatıb.

Dünyanın ən güclü çalışdırıcılarından biri və çoxlarına görə birincisi olan Ferqyuson məşqçiliyə 34 yaşında başlayıb. “İst Stirlinqşayr”a cəmi bir neçə ay rəhbərlik etdikdən sonra “Sent-Mirren”ə baş məşqçi təyin edilib və bu klubu yüksək liqaya çıxarıb. 1978-ci ildə “Aberden”in başına keçib və 8 il burada işləyib. Bu müddət ərzində kluba qazandırdığı 3 ölkə çempionluğu, 2 Şotlandiya kuboku və Kuboklar Kuboku oldu. Bütün bunlar “Aberdin” üçün nail olunması çətin görünən uğurlar  idi, amma məşqçi işi özünü göstərmişdi. Bu iş həm də Ferqyusonun dünya futbolunda məşqçi kimi ulduzunun parlamasına şərait yaratdı. “Aberdin”lə Kuboklar Kubokunu qazandığı il “Mançester Yunayted”dən təklif alan ser Aleks tərəddüd etmədən razılıq verdi. “Mankunianlar” o dövrdə çətin vəziyyətdə idi. Baş vermiş təyyarə qəzasından sonra “qırmızı şeytanlar” üzərində fırlanan qara buludları dağıda bilməmişdilər. İllərdir uğursuzluqlara son qoymaq bir yana, komanda daxilində nizam-intizam da sıfır dərəcəsinə çatmışdı. Amma Ferqyuson qısa müddət ərzində ipləri əlinə almağa müvəffəq oldu. İlk üç mövsümdə heç nə qazana bilmədi. Hətta üçüncü mövsümün sonunda “Mançester Yunayted”in 11-ci yerdə olması onun kefini pozmadı. Çünki ser Aleks əvvəlcə komandadaxili ab-havanı düzəltməyin daha vacib olduğunu gözəl bilirdi. Çempionatda bir-birinin ardınca uğursuzluqlar gəlməyə başlayınca onun istefaya göndərilməsi gündəmə düşdü. Dördüncü mövsümündə komandası 13-cü olsa da, Ferqyuson “qırmızı şeytanlar”la Federasiya Kubokunu qazana bildi və bununla da, son anda postunu qorumağı bacardı. Növbəti mövsüm də Premyer Liqada uğursuzluq yaşandı, amma komanda Kuboklar Kubokunu muzeyinə aparmaqla Ferqyusonu yenidən sığortaladı. Ser Aleks artıq sözünü demək vaxtının çatdığını anlayırdı. 1992-ci ilin yayında ilk həmləni etdi və Erik Kantona komandaya transfer edildi. Kantonanın ayağı düşərli oldu. Fransız gəlişi ilə “Mançester Yunayted”ə həm həyəcan, həm də çempionluq gətirdi. Növbəti mövsüm Roy Kin heyətə qatıldı və bu dəfə “qızıl dubl”a imza atıldı. Komanda həm İngiltərə çempionu, həm də ölkə kubokunun qalibi adını qazandı. Üstəlik, “qırmızı şeytanlar” Liqa Kubokunun finalına qədər irəliləsələr də, həlledici görüşdə məğlub oldular. Amma həmin mövsüm “Mançester Yunayted” adını İngiltərənin futbol tarixinə yazdıran altı klubdan biri idi. Söhbət “qızıl dubl” etmək bacarığından gedir. Növbəti mövsüm “mankunianlar” üçün ağır keçdi. Kantona rəqib komandanın azarkeşinə hücum çəkdiyi üçün 8 ay müddətinə diskvalifikasiya edilmişdi. Buna görə də heyətə Endi Koul cəlb edildi. Amma Koul həmin vaxt Erikin yerini doldura biləcək oyunçu deyildi. Çempionluq sonuncu turda, kubok isə final oyununda əldən çıxdı.

1995-ci ilin yayında heyətdə böyük dəyişikliklər edilmişdi. Pol İnslə Kançelskis komandadan ayrılmış, əvəzində gələcəyi parlaq olan Qari Nevil, Devid Bekhem, Pol Skoulz ve digərləri düşərgəyə qoşulmuşdular. Mövsümə pis başlanğıc Ferqyusonu yenidən İngiltərə mətbuatında tənqidlərə hədəf seçdi. Amma Kantonanın dönüşü və gənclərin özünəinam hissini qaytarmaları ilə kollektiv toparlandı. Nəticədə sonuncu həftədə çempionluq, ardınca isə Federasiya Kuboku qazanıldı. Növbəti mövsüm “qırmızı şeytanlar” çempionluğu bayram etməklə yanaşı, Çempionlar Liqasında yarımfinala qədər irəliləməyə müvəffəq oldular. 1997-98-ci il mövsümü kuboksuz keçdi. Çünki İngiltərəyə daha bir dahi məşqçi — Arsen Verger gəlmişdi. Vengerin “Arsenal”a baş məşqçi təyin edilməsi ilə Premyer Liqada mübarizə daha da qızışdı. Bu isə ilk növbədə çoxdandır alovlanmaq istəyən “Mançester Yunayted”in işinə daha çox yaradı. Nəticədə 1998-99-cu il mövsümündə “qırmızı şeytanlar” üç mükafatı birdən qazandılar. Komanda Premyer Liqanın, Federasiya Kubokunun və Çempionlar Liqasının qalibi oldu. Həqiqətən də, möhtəşəm nəticə idi! 2000-ci ildə Vengerlə müqayisədə, daha zəngin büdcəyə malik klubda çalışan Ferqyuson “Mançester Yunayted”i çətinlik çəkmədən çempion etdi. Bu uğurlu çıxış 2003-cü ilə qədər davam etdi. Amma 2003-04-cü il mövsümündə mübarizəyə daha bir klubun — “Çelsi”nin girişməsi ilə “qırmızı şeytanlar”ın işi xeyli çətinləşdi. Bir tərəfdən Arsen Venger komandasını daha yaxşı tanımağa başlamış və gözəl heyət qurmuş, digər tərəfdən isə “taktika ustası” Joze Maurinyo “zadəganlar”ın sükanı arxasına gətirilmişdi. Ser Aleks büdrəməyə başlamışdı. Çünki artıq əlində Bekhem kimi gələcək vəd edən oyunçular qalmamışdı. Əvəzində, növbəti futbolçu nəsli yetişdirmək üçün əla fürsət yaranmışdı. Komandada Rud van Nistelroyla yanaşı, Kriştianu Ronaldo və Ueyn Runi kimi gənc oyunçular var idi. Bu futbolçularla Liqa Kubokunu qazanan Ferqyuson gəncləri “bişirməyə” başlamış və son üç il ərzində bu işini tamamlamışdı. Gənclərin artıq “döyüş”ə hazır olduğuna əmin olan mütəxəssis van Nistelroyun gedişinə də “yox” demədi. 2006-07-ci il mövsümünü uğursuz keçirsə də, ser Aleks əmin idi ki, yetişdirdiyi gənclər sayəsində yenidən Avropaya səs salacaq. Həmin tarix 2008-ci ilə təsadüf etdi. 9 illik fasilədən sonra Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran “qırmızı şeytanlar” Premyer Liqada da birinci olmağı bacardılar. Növbəti ildə şotlandiyalı çalışdırıcı komandasına yenə İngiltərə çempionluğunu qazandırdı. Üstəlik “mankunianlar” ardıcıl ikinci dəfə ÇL-in finalında oynamaq hüququ əldə etdilər. Lakin bu dəfə “Barselona” Ferqyusonun komandasını kubokdan məhrum etdi. Uğuru 2010-2011 mövsümündə Premyer Liqanın qalibi yenə “qırmızı şeytanlar” oldular. Çempionlar Liqasında da uğurlu çıxış edən komanda yenə finala qədər yüksəldi. Ancaq bu dəfə Xosep Qvardiolanın yetirmələri “Mançester Yunayted”dən güclü oldular. 2011-2012-ci il mövsümündə isə “mankunianlar” Çempionlar Liqasında biabırçı çıxışla azarkeşlərini üzdülər. Premyer Liqada isə son tura qədər çempionluq mübarizəsi aparan “Mançester Yunayted” sonda gümüş medalla kifayətlənməli oldu.

Ferqyusonun uğurlarını bu yazıya yerləşdirmək çox çətindir. O, bütün xoş sözlərə layiq məşqçi idi. Çünki ser Aleks gözlərində qığılcım gördüyü uşaq və yeniyetmədən “alov” düzəltməyin yolunu bir çox, bəlkə də, bütün həmkarlarından daha yaxşı bacarırdı. Onun dəfələrlə “İlin ən yaxşı seleksioneri” nominasiyasında qalib gəlməsi və 26 il “Mançester Yunayted”ə sədaqət nümayiş etdirməsi dediklərimizi bir daha sübut edir. Deyilənə görə, Ferqyuson vaxtilə bir-bir qapıları döyüb insanları çalışdırdığı komandanın oyunlarını stadiondan izləməyə dəvət edirmiş. Görəsən, dünyada hansısa məşqçi bu cür sadəlik göstərə bilərmi? İnandırıcı deyil, deməli, ser Aleks insan kimi də dəyərlidir. Onu fərqləndirən daha bir başlıca xüsusiyyət isə sözünü deməyi bacarmasıdır. Ferqyuson üçün ulduz futbolçu anlayışı yoxdur. Onun üçün komanda oyunu hər şeydən vacibdir: “Yetirmələrimdən hansısa biri özünü “Mançester Yunayted”dən üstün tutardısa, onu öldürərdim”. Əlavə şərhə ehtiyac yoxdur. Bu cümlə Ferqyusonun futbol fəlsəfəsini açıq şəkildə izah edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here