Mayıl İsmayılov: ”Niyə mən fəxr etməməliyəm?”

0
317

  

 Müəllim elm, bilik xəzinəsinin qapılarını insanların üzünə açan bir varlıqdır. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Müəllim nufuzunu ilk növbədə müəllim özü qazanmalıdır. Belə nüfuz sahiblərindən biri də nəinki Mingəçevirdə, hətta ölkədən kənarda da tanınan Mingəçevir  Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar müəllimi Mayıl İsmayılovdur. Mayıl İsmayılov ömrünün 50 ilini  bu sahəyə həsr edib. Qeyd edək ki, o,  Azərbaycanda ilk tətbiq olunan azəri -ingilis dili fakultəsini bitirib (O vaxtı həm azərbaycan dilini, həm də ingilis dilini mənimsədirdilər). Bu illər ərzində orta məktəbdə müəllim, direktor müavini, təhsil şöbəsində məktəb inspektoru vəzifələrində çalışıb. Mayıl müəllim həm də 1990-cı ildən Azərbaycanda başlayan yeni tədris müəssisələrinin yaranması prosesində iştirak edib və ölkəmizin ilk liseylərindən olan Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin yaradıcısı və  direktoru olub. Liseydə ingilis dili tədris edib və paralel olaraq Mingəçevir Politexnik İnstitutunda (indiki MDU), eyni zamanda Azərbaycan Müəllimlər İnstiutunun  Mingəçevir  filialında ingilis dilini tədris edib. Hazırda Mayıl İsmayılov MDU–də müxtəlif fənlərdən mühazirələr oxuyur və bəzən də xarici ölkələrə dəvətlər alır. İlk ezamiyyəti İngiltərənin York universitetinə olub və magisirlər qarşısında mühazirələr oxuyub. Ötən il   Erasmus+ proqramı çərçivəsində Sloveniyada Novo-Qoriça Universitetində mühazirə deyib. Mayıl İsmayılov Novo-Qoriça Universitetinə Azərbaycanın böyük şairi Nizami Gəncəvi irsinin Sloveniyada öyrənilməsi məqsədilə dəvət olunmuşdur.

Mayıl İsmayılov mühazirələrdə bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. Azərbaycan ədəbiyyatının böyük nəhənglərindən olan İ.Nəsiminin 650 illik yubleyi ilə əlaqədar həmin universitetlərlə Nəsimi haqqında materiallar mübadiləsi edir və onlara Nəsiminin yaradıcılığı haqqında ətraflı məlumat göndərib.

Qeyd edək ki, xarici dil tədris edən Mayıl İsmayılovun  həyat yoldaşı Mələknisə xanım da eyni ixtisas sahibidir. İllərdir onunla çiyin-çiyinə çalışır. Bir sözlə, həyatda ər-arvad, məktəbdə həmkardırlar. Müəllim peşəsinin sahibləri Mayıl İsmayılov və Mələknisə İsmayılova Mingəçevirdə yaşayırlar. Uzun illər eyni təhsil ocağında çalışan cütlük hazırda da sevimli peşələri ilə məşğuldurlar. Əməkdar müəllim Mayıl İsmayılov Mingəçevir Dövlət Univeristetində, Mələknisə İsmayılova isə Təbiət Riyaziyyat Humanitar Elmlər Təmayüllü liseydə ingilis dili fənnini tədris edir.

Mələknisə İsmayılova evdə də həyat yoldaşına müəllim deyə müraciət edir. Ailə öz aralarında ingiliscə danışmağıda unutmur.

Onların mənzili kiçik kitabxananı xatırladır. Evin xanımı bildirir ki, kitablar, lüğətlər onların sevimli əşyalarıdır.

Peşə bayramında ilk təbrikini nəvəsindən alan nənənin sevinci isə hədsizdir. İsmayılovlar ailəsində Müəllimlər Günü milli bayramlar kimi qeyd edilir. Mayıl müəllim bizə bir sirri də açdı. Bildirdi ki, öz həyat yoldaşına 10 –cu sinifdə dərs deyib. Daha sonra sevdiyi xanım ali məktəbə daxil olmuşdu. Bu yaxınlıq daha sonra ailə izdivacına bir nərdivan oldu. Ailə bu gün də xöşbəxt notlar üzərində köklənib. Onlar üçün dil birliyi, əməl birliyi, söz birliyi bir –birlərini anlamaqda övlad tərbiyələrində də köməklərinə gəlib.  45 illik tarixi olan müəllim ailəsinin 2 qız övladı var ki, onlar valideynlərindən fərqli həkimlik peşəsini seçiblər.

 İsmayılovlar 5 oktyabr müəllimlərin peşə bayramını xüsusi təmtəraqla qeyd etdiyini deyir və bildirir ki, bu peşə bayramından daha çox bu bizim əməl bayramımız, zəhmət bayramımız, bizim həyatda qazandığımız  uğurların bayramıdır ded: ”Mənim dost tanışlarım deyir ki, bəs sənin doktorluq disertasiyan yarımçıq qaldı. Deyirəm ki,mənim yüzlərlə əsərlərim var. Sual verirlər ki, bəz bu əsərlərioxumamışıq. Onda deyirəm ki, şagirdlərim, tələbələrim mənim əsərlərimdir. Əgər mənim  şagirdlərim elmi titul almış adamlardısa, niyə mən fəxr etməməliyəm? Bu gün onlar bayram münasibəti ilə xarici dövlətlərdən, öz olkəmizdən zəng edib təbrik edirlərsə, müəllimə bundan artıq heç bir hədiyyə ola bilməz.

Esmira Hidayətova, Mingəçevir