Məktəb direktoru: Cəmiyyət müəllim əməyi sayəsində formalaşır

0
269

 “Bütün peşələrin fövqündə duran bir peşə var – müəllimlik. Bu, olduqca şərəfli, eyni zamanda məsuliyyətli peşədir. Müəllim bütün sənət, peşə sahiblərinin yoluna nur çiləyir, bilik xəzinəsinin qapılarını onların üzünə açır. Elə bu kimi amilləri nəzəra alan ulu öndər Heydər Əliyev demişdir ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi bütün dovrlərdə müəllim əməyini yüksək qiymətləndirmişdir. Bu gün də bu missiyanı “Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir” deyən Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının sərəncamları ilə yeni məktəb binalarının tikilməsi, əsaslə təmir edilməsi, eləcə də sentyabrın 1-dən müəllimlərin aylıq vəzifə maaşlarının  20 faiz artırılması dediklərimin əyani sübutudur. Dövlətimizin ölkədə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə, müəllimlərin sosial rifahının yüksəldilməsinə yönələn siyasəti cəmiyyətimizdə birmənalı olaraq minnətdarlıqla qarşılanır. Artıq təhsilimizin inkişafındakı xidmətlərinə görə müəllimlərin fəxri adlara, medallara layiq görülmələri də ənənəyə çevrilib. Elə 5 oktyabr – Müəllimlər Günü ərəfəsində  Prezidentin imzaladığı Sərəncamlar buna misaldır”. Bu fikirləri Mingəçevirdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aida İsmayılova “İki sahil” qəzetinə müsahibəsində söylədi.

Bildirdi ki, bu kimi addımlar təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, ölkəmizdə müəllim peşəsinin nüfuzunu da  artırır: “Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizinin müəllimlik ixtisasını seçməsi elə bu yüksəlişın təntənəsidir desəm, səhv etmərəm”.

Daha sonra “Müəllimlər Günündə sizin üçün ən qiymətli hədiyyə nə olur” sualımızı cavablandıran müsahibimiz dedi: “Şəxsən  mən Prezidentimizin müəllimlərə göstərdiyi qayğını, eləcə də məktəbimizin şagirdlərinin  uğurlarını ən qiymətli hədiyyə hesab edirəm. Qeyd edim ki, hər il olduğu kimi, bu il də məktəbimizin nailiyyətləri ürəkaçan olub. Belə ki, məzunlarımızın  94%-i tələbə adını qazanıb.  Şəhər üzrə ən yüksək nəticəni də elə bizim liseyimiz göstərib. Ötən tədris ilində liseyimiz fənn olimpiadalarında, bilik, eləcə də idman yarışlarında da uğurlu nəticələr əldə edib. Belə uğurlar əldə etməyimizdə valideyn-müəllim münasibətləri də önəmli rol oynayır”. Az sonra Aida xanım söylədiklərinə yarızarafat, yarıgerçək bu sözləri də əlavə etdi: “Mən, ümumiyyətlə, ikinci olmağı sevmirəm”.

 Mingəçevirdəki 2 və 7 saylı məktəblərdə,  Mingəçevir Dövlət Universitetində, Mingəçevir Şəhər Təhsil Şöbəsində çalışmış Aida İsmayılova 2013-cü ildən Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinə rəhbərlik edir. Dediyinə görə, müəllimlik peşəsini seçməkdə müəlliməsi Fərqanə xanım önəmli rol oynayıb. Belə ki, Aida xanım elə məktəb illərindən onun kimi müəllim olacağına söz verib və biliyi sayəsində arzusuna da qovuşub: “Mən bu peşəni sevərək seçmişəm. Artıq 28 ildir ki, təhsil sahəsində çalışıram. Müəllimlik peşəsini daşıyan bir şəxs kimi deyə bilərəm ki, hər bir müəllim bu sənətin şərəfli və məsuliyyətli  olduğunu bir daha dərk etməli və onun yükünü çiyinlərində ləyaqətlə daşımalıdır. Fürsətdən istifadə edib bütün müəllimləri Müəllimlər Günü münasibətilə təbrik edirəm”.

 Qvami Məhəbbətoğlu, “İki sahil”