Nazirlik sosial yardımların təyini ilə bağlı elektron xidmətə keçir

0
417

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, nazir Səlim Müslümov bildirib ki, Prezident tərəfindən ötən ilin dekabr ayı və cari ilin ötən dövründə yalnız sosial cəhətdən həssas qruplarla bağlı 10-dan artıq fərman və sərəncam imzalanıb: “Bu sənədlər və dövlət başçısının müvafiq tapşırıqları həssas qruplara dövlət qayğısının xeyli artmasına, nazirliyin fəaliyyətinin şəffaflıq prinsipi və müasir yanaşmalar əsasında təkmilləşməsi üçün zəruri islahatların həyata keçirilməsinə imkan yaradıb”. S. Müslümov bildirib ki, hesabat dövründə müharibə əlilləri və onlara bərabər tutulanlara Prezident təqaüdünün orta aylıq məbləği 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezident təqaüdünün aylıq məbləği 81,8%, əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb. Cari ilin ötən dövründə sosial təminat sistemində iki yeni təqaüd, bir yeni sosial müavinət növünün tətbiqinə başlanıb: “Belə ki, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq, 60 manat məbləğində Prezident təqaüdü ödənilir. Bununla da onlara hər ay ödənilən vəsait yaşayış minimumunu üstələyib. Həmçinin İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanları ilə təltif edilmiş şəxslərə cari ilin əvvəlindən Prezident təqaüdünün, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Eyni zamanda müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə qərar verilib. 11 avqust 2014-cü il tarixli Fərmanla isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə gələn ilin əvvəlindən ayda 200 manat məbləğində Prezident təqaüdləri təyin olunacaq”.

Nazir hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan, Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 1453 nəfərin avtomobillə təmin olunduğunu bildirib: “Son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu ilin sonuna kimi ayrı-ayrı bölgələrdə də yeni yaşayış binaları istifadəyə verilməklə, daha 198 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil veriləcək. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək”.

Nazir əlavə edib ki, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanılması Azərbaycanın bir çox ölkələr üçün nümunəyə çevrilən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən uğurlu təcrübəsidir. Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib. EİS-ə daxil edilməli olan əmək müqaviləsi bildirişlərinin böyük əksəriyyətinin artıq sistemdə yerləşdirilməsi aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının uğurlu nəticəsi sayıla bilər. Qalan az sayda əmək müqaviləsi bildirişlərinin də qısa vaxtda sistemə daxil edilməsi üçün nəzarət tədbirləri gücləndirilməlidir”.

S.Müslümov təkrar əlillik müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayının ümumən 5251 nəfər azaldığını, nazirliyin bərpa-müalicə müəssisələrində 5882 nəfərə bərpa-müalicə xidməti göstərildiyini, əlilliyi olan şəxslərin 18 min 44 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatlarla təmin olunduğunu bildirib: “Əlilliyin müəyyən olunması ilə bağlı aidiyyəti təşkilatlar arasında elektron məlumat mübadiləsinə imkan verən elektron informasiya sistemi hazırlanıb”. Nazir əhalinin rifah halının yüksəldilməsi, yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan işlər nəticəsində ünvanlı yardım alan ailələrin sayının 17,1 faiz azaldığını diqqətə çatdırıb: “Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri davam etməkdədir. Bununla da artıq vətəndaşların ünvanlı yardım almaq üçün yaradılacaq regional qurumlara elektron formada müraciət etmək imkanları olacaq”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here