“Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq” birliyinin parlaq təcəssümü

0
45

1994-cü il oktyabr hadisələrindən 25 il ötür

20 sentyabr 1994-cü ildə imzalanan və Azərbaycanın dünyaya inteqrasiyasının əsasını qoyan “Əsrin müqaviləsi”ndən sonra ölkəmizdə iğtişaşlar yaratmaq istəyənlər xarici qüvvələrin dəstəyi ilə fəallaşdılar. Ölkəmizin həm xaricdə, həm də daxildə olan düşmənləri yaxşı dərk edirdilər ki, bu müqavilə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi üçün ən mühüm addımlardan biridir. Hətta həmin ilin  oktyabrın 4-də o zaman Baş nazir kimi çalışan Surət Hüseynov silahlı dövlət çevrilişinə də cəhd etdi. Bunu ölkəmizin müstəqilliyi əleyhinə yönəlmiş cəhdlərin yeni bir dalğası kimi xarakterizə edən ulu öndər Heydər Əliyev həmişə olduğu kimi, bu cəhdin qarşısını almaq məqsədilə  xalqın köməyinə arxalandı. Belə ki, “Birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram” deyən Ulu Öndərin xalqa müraciətindən sonra oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Sarayının qarşısında “Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq”  deyən on minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq səhərədək davam etdi. Oktyabrın 5-də isə Azadlıq meydanında təkcə Bakıdan yox, Azərbaycanın ayrı-ayrı rayonlarından, şəhərlərindən gəlmiş  bir milyona yaxın insanın iştirak etdiyi ümumrespublika mitinqi keçirildi. 4 və 5 oktyabr mitinqləri “Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq” birliyinin parlaq təcəssümü idi. Şübhəsiz, bu birlik qarşısında heç bir pozucu qüvvə tab gətirə bilməzdi və gərirmədi də.

Xalq da yaxşı bilirdi ki, bu cinayətkarlar, terrorçular təkcə Azərbaycanın Prezidentinə yox, həm də xalqa düşmən kəsiliblər. Bu izdihamlı mitinqlər həm də xalqla Prezidentin həmrəyliyinin sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirdi. Elə xalqın dəstəyi ilə də Ulu Öndər  1993-cü il 4 iyun qiyamından fərqli olaraq, bircə güllə belə atılmadan bu qiyamın qarşısını böyük bir məharətlə aldı. Qiyamı həyata keçirməyə cəhd edənlər ifşa olundular. Bununla da  dövlət çevrilişinə cəhd edənlər növbəti dəfə susduruldular. Ən əsası isə  Azərbaycan parçalanıb yox olmaq təhlükəsindən xilas oldu. Ümummilli Liderin bu qətiyyətli addımı bir çox aparıcı dövlətlər, dünya ictimaiyyəti tərəfindən təqdir edildi.

10 iyun 1999-cu ildə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında Ulu Öndər o günlərdən söz açarkən demişdir: “Bəli, 1994-cü ilin oktyabrında burada hakimiyyəti silah gücü ilə, qanunsuz olaraq devirməyə çalışmışdılar. O vaxt da xalq bizi müdafiə etdi. Xalqın gücü qarşısında heç kəs dura bilməzdi. Bəziləri həmin o gecələr çox narahat idi, amma mən arxayın idim. Mən heç vaxt narahat deyildim. Arxayın idim ki, son məqamda mənim ən böyük silahım vardır. O silah da xalqın mənə, Azərbaycan Prezidentinə olan münasibətidir. Bunu da sübut etməyə ehtiyac yoxdur, artıq göründü… Məhz buna görə də biz 1994-cü ilin oktyabr hadisələrindən xilas ola bildik”. 

Ulu Öndər, həmçinin bildirmişdir ki, 1994-cü ilin oktyabr hadisələri təkcə oktyabrın 4-də başlanmamışdı: “1994-cü ilin oktyabr hadisələri 1994-cü il sentyabrın 20-də Azərbaycan ilk böyük neft müqaviləsini imzalayandan sonra, yəni sentyabrın 21-də başlandı”.

Qeyd edək ki, sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasından 4 qatı cinayətkar satqınlıq nəticəsində qaçırılmışdı. Sentyabrın 29-da Milli Məclisin sədrinin müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetirilmişdilər. Oktyabrın 2-də isə Azərbaycan Prokurorluğunu cinayətkar adamlar işğal etmişdilər. Ulu Öndərin qeyd etdiyi kimi, bunlar hamısı bir-biri ilə bağlı idi. Bu mənada o zaman mövcudluğu real təhlükə qarşısında olan Azərbaycan özünün ən çətin və gərgin günlərini yaşadı. Lakin Ulu Öndərin rəhbərliyi altında ölkəmiz bu çətin sınaqlardan da uğurla çıxdı. Bununla da Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Yeri gəlmişkən, qeyd edək ki, gözü hakimiyyətdə olan qüvvələr 1995-ci ilin martında da ölkədə aranı qarışdırmaq, öz pozuculuq əməllərini həyata keçirməyə cəhd etdilər. Ulu Öndər yenə xalqla birlikdə onların da niyyətlərini puça çıxardı. Nəticədə Ümummilli Liderin siyasəti sayəsində Azərbaycan suverenliyini daha da möhkəmləndirdi. Bu gün beynəlxalq aləmdə də söz sahibi olan ölkəmiz  Ulu Öndərimizin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”