“Dələduzlar indi də məcburi köçkünləri aldadırlar”

0
385

Dünən Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanış oldu. Tanışlıqdan sonra jurnalistlərə müsahibə verən Ə. Həsənov  məcburi köçkünlərə saxta ev sənədləri verən dələduzların sayının artdığını söylədi. Onun sözlərinə görə, məcburi köçkünlər bu məsələdə çox diqqətli olmalıdırlar: “Komitə tərəfindən bir neçə ay əvvəl məcburi köçkünlər Bakıda, eləcə də digər şəhər və rayonlarda saxta ev sənədləri hazırlayan dələduzların olması barədə xəbərdar ediliblər. Onlara belə şəxslərdən özlərini qorumaları tövsiyə olunub. Bundan sonra Ağdam sakinləri aldanmaları ilə bağlı bizə müraciət etdilər. Mən bu məsələnin həllinə kömək göstərilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubovla danışdım və dərhal işin araşdırılmasına başlanıldı. Hazırda dələduzluq edərək, məcburi köçkünlərin pulunu mənimsəyən həmin köçkün qadın saxlanılıb və istintaq davam edir”.

O, bəzi məcburi köçkünlərin hələ də belə xoşagəlməz hadisələrdən nəticə çıxarmamalarını təəssüf hissi ilə qeyd etdi: “Dəfələrlə məcburi köçkünlərə müraciət edərək, dələduzluq yolu ilə mənzil əldə etməyin mümkünsüz olduğunu demişəm. Onları xəbərdar etmişəm ki, özünüzü belə hallardan qoruyun. Bu yaxınlarda Füzuli və Cəbrayıl rayonlarının sakinləri də başqa bir qadının onları aldatması ilə bağlı bizə müraciət etmişdilər. Əməkdaşlarımız bu müraciətləri rəsmiləşdirərək, hüquq-mühafizə orqanlarına göndərmək istəyəndə aldanan şəxslər tələsik ərizələrini geri götürdülər. 3 gün əvvəl isə Qaradağ rayonunda daha bir nəfərin məcburi köçkünlərdən və yerli sakinlərdən külli miqdarda pul toplayaraq, onlara saxta yolla hazırladığı mənzil orderləri, qapı açarları və müqavilələr verməsi faktı aşkarlanıb. Məlum olub ki, komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq, bir qrup məcburi köçkünü mənzil verəcəkləri ilə aldadaraq, onlardan külli miqdarda vəsait alıb mənimsəyiblər. Həmin dələduzlar tərəfindən aldandıqlarını bilən məcburi köçkünlər pullarının geri qaytarılması və həmin cinayətkar qrupun cəzalandırılması xahişi ilə komitəyə müraciət ediblər. Bütün məcburi köçkünləri ciddi xəbərdar edirik ki, mənzillə təminatla bağlı belə dələduzluq hallarının iştirakçısı olan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq. Biz məcburi köçkünlərdən xahiş edirik ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərin polis orqanlarına məlumat versinlər”.

Məlumat verilib ki, layihəyə uyğun olaraq, hazırda ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilir. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər nəzərdə tutulur. Ərazidə bundan əlavə, 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binaların tikintisi də davam etdirilir. Baş Nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib, onlara öz tövsiyə və tapşırıqlarını verib. Əli Həsənov bildirib ki, bu ilin mayında ərazidə tikinti işlərinə başlanılıb və dekabrda başa çatdırılması nəzərdə tutulur. Əli Həsənov noyabrın birinci ongünlüyündən sonra intensiv yağışların başlayacağını nəzərə alaraq, binaların fasadında və həyətində işlərin sürətləndirilməsi üçün konkret tapşırıqlar verib, binaların daxilində təmir-bərpa işlərinin tikinti qaydalarına uyğun olaraq, yuksək səviyyədə icra olunmasının vacibliyini bildirib. O, tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün əlavə işçilərin cəlb edilməsi üçün tapşırıq verib. Bildirib ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməlidir. Yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə başa çatdırılmalıdır.

Görüşdə qeyd edilib ki, hazırda Dövlət Proqramına uyğun olaraq, Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazilərində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Görüşdə tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər. Əli Həsənov Bakı Avropa Oyunları Komitəsinin icraiyyə komitəsinin Olimpiya şəhərcikləri üzrə iş menecerləri ilə də görüş keçirib və bəzi məsələlər barədə fikir mübadiləsi aparıb.

Esmira Hidayətova, Mingəçevir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here