Miri Həsənov: Bu görüş sakinlərdə toy-bayram təəssüratı yaratdı

0
34

Son illər dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Bakı sürətlə inkişaf edir, öz füsunkarlığını daha da artırır. Şübhəsiz, bu prosesdə dövlət başçısının paytaxtımızda  parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması, yeni parkların salınması ilə bağlı verdiyi tapşırıqlar  önəmli rol oynayır. Bu mənada  parklar Bakının ayrılmaz atributlarına çevrilib desək, yanılmarıq. Paytaxtda reallaşdırılan abadlıq-quruculuq işləri son nəticədə həm də sakinlərin və şəhərimizin qonaqlarının rahatlığını təmin etmək, onların asudə vaxtlarının səmərəli təşkilini gerçəkləşdirmək məqsədi daşıyır. 

Xəbər verildiyi kimi, oktyabrın 1-də əsaslı yenidənqurmadan sonra Bakının Nərimanov rayonunun Atatürk prospektində yerləşən park, Nəsimi rayonunda isə 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park şəhər sakinlərinin istifadəsinə verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər iki parkda yaradılan şəraitlə tanış oldular, həmçinin sakinlərlə görüşdülər.

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Miri Həsənov  mövzu ilə bağlı  “İki sahil” qəzetinə müsahibəsində bildirdi ki, Atatürk prospektində yerləşən parkın əsaslı şəkildə yenidən qurulması son illər paytaxtımızda aparılan abadlıq-quruculuq işlərinin həcmini nümayiş etdirməklə yanaşı,  bu istiqamətdə görülən tədbirlərin ardıcıl xarakter aldığını göstərir: “Prezident İlham Əliyev xalqın sosial şəraitini yaxşılaşdırmaqla yanaşı, insanların asudə vaxtlarının səmərəli təşkilinə hər zaman xüsusi diqqət yetirir.  Rayonumuzda yenidən qurularaq istifadəyə verilən Atatürk prospektində yerləşən park söylədiyim fikrin əyani ifadəsidir. Digər park və xiyabanlarda olduğu kimi, burada da insanların istirahəti, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb”.

Müsahibimiz, həmçinin vurğuladı ki, Prezidentin və Mehriban xanım Əliyevanın sakinlərlə görüşü daha çox yaddaqalan oldu: “Şəxsən bu görüş məndə, eləcə də sakinlərdə bir toy-bayram təəssüratı yaratdı. Görüşdə iştirak edən hər bir vətəndaş birmənalı şəkildə qeyd etdi ki, Prezident İlham Əliyev xalqına qəlbən bağlı liderdir və o,  daim sıravi vətəndaşın yanındadır. Sakinlərin səmimi fikirləri, arzuları, sevgiləri  bir daha təsdiq edir ki, cənab İlham Əliyev xalqın sevimli lideridir. Belə xoş sözlər Mehriban xanım Əliyevanın da ünvanına söylənildi. Siyasi fəaliyyətinin bütün istiqamətlərində xalqın dəstəyinə arxalanan, daim vətəndaşlarla təmasda olan Prezident İlham Əliyev onların sevgisini birmənalı şəkildə bu sözlərlə dəyərləndirdi: “Mənə də güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm. Bu, mənə güc verir”. Onu da qeyd edim ki, Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən bu uğurların əsasında xalq- iqtidarın birliyinin dayandığını xüsusu qeyd edir. Bütün bunların nəticəsidir ki, Prezident xalqına güvənir, xalq da öz liderinə”.

Rayon sakini Nizami Babaşov isə bizimlə söhbətindən bildirdi ki, bu gün hər bir vətəndaşımız dövlətinin, xüsusilə Prezidentin dəstəyini hiss edir və bundan qürur hissi duyur: “Ümumi sahəsi 6,5 hektar olan bu istirahət məkanının yenidən qurulması bir daha nümayiş etdirir ki, Azərbaycan dövləti tərəfindən insanların rahatlığı, onların sağlamlığı, vətəndaşların sosial məsələlərinin həllinə daim xüsusi həssaslıqla yanaşılır. Bir sözlə, möhtərəm dövlət başçısının həyata keçirdiyi çoxşaxəli siyasətin əsas məqsədi də məhz Azərbaycan vətəndaşının firavan həyat tərzinin, xoş güzaranının təmin olunmasıdır”.

Yeri gəlmişkən qeyd edək ki, cari ildə Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkının, Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkının açılışları keçirilib. Şübhəsiz, əhaliyə xidmət göstərən bu kimi müasir layihələrin icrası Prezident İlham Əliyevin uğurlu siyasətinin real nəticəsidir. Hər çıxışında ali məqsədinin vətəndaşa xidmət etməkdən ibarət olduğunu və ölkəmizdə dövlət siyasətinin təməlində insan amili dayandığını bildirən Prezident İlham Əliyev həmin görüşdə parkların sayına görə  dünya miqyasında ən qabaqcıl yerlərdə olduğumuzu vurğulamaqla yanaşı, bu sözləri də demişdir:  “Biz bu işləri davam etdirəcəyik. Bakının hər bir guşəsi abad, gözəl olmalıdır. Vətəndaşlar üçün çox gözəl imkanlar yaradılmalıdır”. Qeyd edək ki, mövcud parklarımızın demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə bərpa edilib, yeni istirahət zonaları yaradılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”