Qubalı fermerlərin hədəfi: Məhsuldarlığı daha da artırmaq niyyətindəyik

0
62

Quba deyəndə hər birimizin gözləri qarşısında alma bağları canlanır. Son illər rayonda məhsuldarlığı daha da artırmaq məqsədilə superintensiv meyvə bağları da salınır. Qeyd edək ki, intensiv alma bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, bir hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur. Belə bağların məhsuldarlığı ənənəvi bağlardan 3-4 dəfə çox olur. Superintensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin elə əkildiyi il məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksək olur. Bu da sonda nəticəyə öz təsirini göstərir. Belə ki, 2018-ci ildə rayonda bağlardan  115 min 776 ton alma tədarük edilib. Bu il qubalı bağbanlar daha böyük göstəricilərə nail olmaq niyyətindədirlər. Hazırda Qubanın meyvə bağlarında məhsul yığımının qızğın çağıdır. Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün bütün imkanlardan maksimum yararlanmağa səy göstərirlər. Bu il bağlarda məhsuldarlıq da yüksəkdir.

Rayonun Vladimirovka kənd sakini Rəsul Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, atam və qardaşlarım ilə birlikdə ailələrimizə məxsus pay torpaqlarında əsasən alma və gilas becərməklə məşğuluq: “Bu il 1,5 hektar sahədə alma, 1 hektar sahədə isə gilas-gavalı yetişdirmişik. Gilası satıb xeyli qazanc əldə etmişik. Alma bağımızda da məhsul boldur. Şübhə etmirəm ki, almadan da yaxşı gəlir əldə edəcəyik”.

Müsahibimiz, həmçinin bildirdi ki, bir tərəfdən dövlətin dəstəyi, o biri tərəfdən kənd təsərrüfatı məhsullarına satış bazarlarının genişlənməsi, xüsusən qonşu Rusiyada Quba meyvələrinə tələbatın artması, nəticə etibarilə bu sahədən əldə olunan gəlirlərin yüksəlməsinə səbəb olub:  “Bu kimi amillər həm də rayon əhalisi arasında meyvəçilyə marağı daha da artırıb”.

O, söhbət əsnasında bu yaxınlarda lizinq yolu ilə güzəştli qiymətlə traktor da  aldığını vurğuladı. Dediyinə görə, bu texnika ona işlərini vaxtında və keyfiyyətlə aparmağa imkan verir: “Yeni texnologiya və metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür”.

Quba rayonunun İkinci Nügədi kəndindən olan sahibkar Adəm Əhmədov isə bildirdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “15 hektar meyvə bağımız var. Burada alma, gavalı, alça və başqa meyvələr yetişdiririk. Gələcəkdə bağların məhsuldarlığını daha da artırmaq niyyətindəyik. Dövlət elə şərait yaradıb ki, fermerlərin və fərdi təsərrüfat sahiblərinin rayonda kredit, gübrə, texnika ilə bağlı heç bir çətinlikləri yoxdur. Gələn ildən ilk 4 il ərzində intensiv meyvə bağlarının hər hektarına görə fermerlərə yüksək əmsalla subsidiya veriləcək ki, bu da fəaliyyətimizə əlavə stimul verəcək. Səhv etmirəmsə, intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək. Onu da deyim ki, 6 hektar ərazidə  intensiv alma bağı salmışam. Müşahidələrimə əsasən, onu da deyim ki, bu gün insanlar bağlarda əvvəlki illərdə olduğundan daha həvəslə çalışırlar. Çünki onlar hər addımda dövlətin dəstəyini, qayğısını hiss edirlər. Dövlətin dəstəyini hiss etdikcə hədəflərimizi də böyüdürük.  Güman edirəm ki,  yaradılmış şərait daha böyük uğurlara imza atmağa imkan verəcək”. 

Onun sözlərinə görə, ilbəil sahələrdən bol məhsul topladığı üçün təsərrüfatda çalışanların dolanışığı da xeyli yaxşılaşıb. Sahibkarı ən çox sevindirən həm də odur ki, bu gün onun doğma kəndi, bütövlükdə Quba rayonu günbəgün gözəlləşir, tərəqqi edir.

Qeyd edək ki, hazırda Quba rayonunda 17 min 963 hektar meyvə bağı var. Son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 1400 hektara çatdırılıb. Bu bağların 850 hektarında alma tingləri əkilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”