Teymur Rəcəbov hesabı bərabərləşdirdi

0
32

Oktyabrın 2-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında üçüncü partiya oynanılıb.

Bu mərhələnin üçüncü görüşündə şahmatçımız rəqibini 45-ci gedişdə məğlub edib. Birinci görüşdə heç-heçə edən, lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız bu qələbə sayəsində hesabı bərabərləşdirib.

Dünya kubokunun dördüncü partiyası oktyabrın 3-də oynanılacaq. Bu partiyada qalib müəyyənləşməsə oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək.

Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirinə Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Turnirin mükafat fondu 1,6 milyon dollardır.