“Nə var, düzünü deyin”

0
395

Berti Foqts Azərbaycan millisinin baş məşqçisi postunda olduğu 7 il ərzində tez-tez mübahisə mövzusu oldu. Ancaq istefa verdikdən sonra elə sözlər dedi, futbolumuza elə dil uzatdı ki, hələ də bu barədə danışılır. Foqts təkcə futbolçuları yox, klubları, ümumi futbolumuzu bir-birinə vurub, getdi. Bu bir həqiqətdir ki, Azərbaycanda tək-tük futbolçu və ya məşqçi tapmaq olar ki, ürəyindən keçənləri mətbuata açıq-aşkar desin. Bunlardan biri də hazırda “Neftçala” klubunu çalışdıran, vaxtilə isə Azərbaycan millisinin ən güclü futbolçularından olmuş Kamal Quliyevdir. Gənc mütəxəssis “Çempion”a müsahibəsində Foqtsla bağlı ürəyindən keçənləri dedi, “bunu öz aramızda deyirəm” söyləmədi, hamısını olduğu kimi yazmağımızı istədi. Biz də Quliyevin fikirlərini sizin diqqətinizə çatdırırıq.

“Günah bizdədir ki, ona bu qədər qalmaq imkanı verdik”

“Milli komandanın baş məşqçisi Berti Foqts Azərbaycanda futbol olmadığını deyirsə, buna səbəb özüdür. Çünki 7 ilə yaxın bizim baş məşqçimiz Foqts olub. Bunun günahkarı biz futbol adamlarıyıq ki, ona bu qədər müddət burada qalmasına imkan verdik. Azərbaycan futbolunu geriyə atan bu adama demək lazımdır ki, bizdə futbol həmişə olub. Sadəcə olaraq, bunu ortaya çıxarmaq lazımdır. Yüksək məvacib və şərait qarşılığında bunu bacara bilməyibsə, bunun günahını futbolçuların üstünə yıxmaqla öz yaxasını kənara çəkməsi düzgün deyil”.

“Bizdə futbolçular pul üçün oynayırlarsa, bəs Berti Foqts qoca yaşında nəyə görə Azərbaycanda 7 il qaldı? O, özünə məşqçi kimi hörmət qoysaydı, bu vaxta qədər çoxdan istefa verməli idi. Bunu 7 ilə ancaq anlaya bilib?! Yaddan çıxarmamaq lazımdır ki, əsl futbolu düşünən məşqçi komandada olan problemi bir ilə görə bilməlidir. Bu onu göstərir ki, bu alman mütəxəssis Azərbaycana pul üçün gəlmişdi. Gedəndən sonra belə danışırsa, gözünün içinə qədər yalan deyir. Bunlar mənim şəxsi fikirlərimdir, dediklərimin də arxasında dururam”.

“Sənin nə keçmişin olub ki, gələcəyin də olsun?!”

“Açıqlamasında deyir ki, mən öz gələcəyimi Azərbaycan millisində görmürəm. Ona demək lazımdır ki, sənin nə keçmişin olub ki, gələcəyin də olsun?! Foqtsun yerində bizim yerli məşqçi olmalı idi. Məsələn, Qurban Qurbanov da uzun müddətdir ki, “Qarabağ”da baş məşqçidir və nəticə verməyə başlayıb. Məşqçi belə olmalıdır, inkişaf hiss olunmalıdır. Halbuki Azərbaycanda heç bir məşqçiyə belə şərait yaradılmayıb. AFFA-nın prezidenti ölkənin böyük şirkətinin rəhbəridir və o qədər işinin olmasına baxmayaraq, millinin oyunlarını izləyir. Yığmanın oyunlarında AFFA prezidentinin iştirakı komandaya əlavə stimul olmalıdır.

“Eləsi gəlməlidir ki, biz ondan nəsə öyrənək”

“Düşünürəm ki, Azərbaycan millisinin baş məşqçi postu üçün yerli məşqçilər üzərində dayanmaq lazımdır. Heç bir azərbaycanlı məşqçi 7 il millidə qalmayıb. Əcnəbi məşqçi olsa belə, elə bir mütəxəssis olmalıdır ki, biz ondan nəsə öyrənək. Yoxsa Foqts kimi pul qazanmağa gələn adam olmamalıdır. Milli komanda bizim adımızdır, şərəfimizdir, dövlətimizin simasıdır. Ona görə də burada çalışacaq adam elə olmalıdır ki, Azərbaycanı düşünüb iş görsün”.

“Foqts burada olanda bəzi mütəxəssislərimizin açıqlamalarından nədənsə çəkindikləri hiss olunurdu”

“Bizim ölkəmizdə həmişə futbol olub. Çox təəssüf edirəm ki, Azərbaycanda bəzi mütəxəssislər də Foqts burada olanda verdikləri açıqlamalardan nədənsə çəkindikləri hiss olunurdu. Bəzi mütəxəssislərimizə üzümü tutub deyirəm ki, nə var, düzünü deyin. Düzlükdən gözəl şey yoxdur. Onların fikirləri çox vacibdir. Foqts deyir ki, futbol yoxdur, bizimkilərdən də “bəli, yoxdur” deyənlər olur. Nə oldu bəs, Foqts demədiyi zaman Azərbaycanda futbol var idi, indi yoxdur? Gəlin özümüzə hörmət edək. Biz oynayan vaxtlarda da Karlos Alberto Torres gəlmişdi. Bu məşqçi canlı əfsanə idi, amma yaxşı futbolçu olubsa, o demək deyil ki, yaxşı məşqçi olacaq. Sadəcə, ad-sanı var idi. Adlar futbol oynamır, qələbələr qazanmır, kim savaşırsa, mübarizə aparırsa, o da uğur əldə edir”.

“Bu şəraitə görə, yaxşı nəticə verməliyik”

“Mən də legioner həyatı yaşayanda, komandanı məcbur etmişəm ki, Azərbaycanın bayrağı azarkeşlərin əlində dalğalanmalıdır. Çünki mən Vətənimi sevirəm, Vətənimin başını uca etmişəm. Bizim gözəl Vətənimiz var. Bizim üçün çox gözəl şərait yaradılıb. Bunun qarşılığında da məşqçilər və futbolçular əllərindən gələni etməlidirlər. Çünki dünyada zəif komanda anlayışı artıq aradan qalxır. Bildiyiniz kimi, vaxtilə Lüksemburq, Albaniya və s. kimi zəif bilinən komandalar indi Avropa nəhənglərinə qarşı çəkinmədən oynayırlar. Dünyada futbol belə inkişaf edirsə, Azərbaycanda olan şəraitlərə görə, biz də yaxşı nəticə verə bilərik, verməliyik”.

RASİM MƏMMƏDLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here