“Sağlamlıq imkanları məhdud uşaqlarımız təhsildən kənarda qalmasın”

0
285

  

“Bir neçə ay bundan əvvəl Azərbaycan Respublikası Təhsil Nazirlyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərin maliyyə yardımı alması üçün ictimaiyyyətə təqdim etdiyi elanla tanış oldum. Müsabiqə üçün təqdim olunmuş 6 mövzudan biri məni illərlə düşündürən sahəni əhatə edirdi”. Bu fikirləri Rəna Səfərova saytımıza açıqlamasında söylədi. Bildirdi ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması bu gün prioritet məsələlərdəndir: “Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli sərəncamı ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Daim inkişafda olan Azərbaycan Respublikası təhsili bu sahəyə də xüsusi dəqqət ayırmış, bununla əlaqədar müəyyən işlər görülmüşdür. Mən də Təhsil Nazirliyini biz müəllimlərə ayırdığı fürsətdən yararlanaraq “Sağlamlıq imkanları məhdud uşaqlarımız təhsildən kənarda qalmasın!” adlı layihə yazdım və layihəm Təhsil Nazirlyinin Təhsildə inkişaf və innovasiayalar üzrə III qrant müsabiqəsinin qalib layihələrindən biri seçildi. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara fərdi xüsusiyyətlərinə görə yanaşan və onlara faydalı təhsil verə bilən müəllimlərin hazırlanmasıdır.

Layihə çərçivəsində 25 nəfər ibtidai sinif müəlliminə 10 günlük təlim paketinin keçirilməsi nəzərdə tutulub. Sonda isə marifləndirici konfrans həyata keçiriləcək. Layihənin icrası zamanı peşəkar ekspert, həkim, psixoloq və təlimçi təcrübəsindən istifadə ediləcək. Bilirik ki, həm sağlamlıq imkanları məhdud, həm də digər uşaqların valideynlərinin, ümumiyyətlə cəmiyyətin bu sahədə maarifləndirilməsinə həddindən artıq ehtiyac var. Cəmiyyətdə bu sahədə bəzi neqativ stereotiplər mövcuddur. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri cəmiyyət tərəfindən çox ciddi psixoloji təzyiqlərə məruz qalır, çox vaxt utanc hissi keçirirlər. Bu səbəbdən də həmin uşağını cəmiyyətə inteqrasiya etməkdə çətinlik çəkirlər. Bir tərəfdən də əmin deyillər ki, onların uşaqları digər uşaqlarla bir məktəbdə ayrıseçkilik olmadan təhsil ala bilərlər. Təbii ki illərlə formalaşmış bu stereotipi asanlıqla qırmaq mümkün deyil. Layihənin yekunu kimi nəzərdə tutduğumuz konfransda mütəxəssislərin iştirakı ilə bu sahədə maarifləndirmə işi apararaq problemin həllinə öz töhfəmizi verəcəyimizə inanırıq. Layihəni reallaşdıracaq komanda olaraq, ümid edirik ki, layihəmiz bu sahədə vacib addımların atılmasına təkan olacaq”.

Qeyd edək ki, layihənin rəhbəri Rəna Səfərova, layihə üzrə psixoloq İlhamə İsmayılova və layihə koordinatoru Məhbubə Fərhadlıdır.

Esmira Hidayətova, Mingəçevir.