“Gözlərim görmür, amma elektriklə işləyən cihazları problemsiz təmir edirəm”

0
432
Mingəçevir şəhər sakini, birinci qrup gözdən əlil İlqar Səbzəliyev elektrik avadanlıqlarının təmiri ilə məşğuldur. Bəlkə də çoxlarına inandırıcı deyil, amma o, gözləri görməsə də, xarab olmuş elektriklə işləyən avadanlıqları mükəmməl şəkildə təmir edir. Bu günlərdə İlqar Səbzəliyevlə görüşüb, onun bu qabiliyyəti ilə bağlı suallarımıza ətraflı cavab aldıq.
İ. Səbzəliyev 1965-ci ildə Mingəçevir şəhərində anadan olduğunu dedi. Mingəçevir Baza Politexnik Texnikumunun elektrik şəbəkələri və sistemi fakültəsində təhsil alıb. Atası da vaxtilə elektrik mühəndisi olub. Ona görə də bu sənətə xüsusi marağı var və peşəsini sevir. Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) böyük elektrik və qaynaqçı kimi fəaliyyət göstərib. Eyni zamanda işdən kənar radiotexnika ustası kimi də çalışıb. Sənətinə xüsusi vurğunlugu ilə seçilən İlqar Səbzəliyev ömrünün gənclik çağlarında görmə qabiliyyətini itirib. Belə ki, 1997-ci ildə gözdə torlu qişanın qopması nəticəsində gözləri tutulub. Görmə qabiliyyətini müəyyən qədər itirən İlqar  2 il müddətində davamlı müalicələr alıb, lakin heç bir müsbət nəticə əldə edə bilməyib. Öz dili ilə desək, dünya işığına tamamilə həsrət qalıb. Birdən-birə həyatın gözəlliklərini görməkdən məhrum olan ustanın sözlərinə görə, 1-2 il daha çox əziyyət çəkib. Sonra isə taleyi ilə barışıb, həyata gözləri ilə deyil, hissi ilə, qəlbi ilə baxmağı öyrənib. İki övladını böyütməyə, ailəsinə yardım etməyə çalışıb: “Mən korluğu özümə dərd edənlərdən deyiləm. Mən qəlbimlə görür və öz hissiyyatımda da yanılmıram”.

 

“Artıq mənim üçün görməyə ehtiyac yoxdur”

Allahın ona verdiyi istedadı yaxşı dəyərləndirən İ. Səbzəliyev sənətini davam etdirir. Baxmayaraq ki, onun hər iki gözü görmə qabiliyyətini itirib. “Qaranlıq dünya”ya qapılıb qalmayan, başqalarının elektrik avadanlıqlarını təmir-bərpa edib, evləri işıqlandıran bu insan haqqında eşidən hər kəs təəccüb hissini gizlədə bilmir: “Eşidənlər, bilənlər deyirlər ki, necə ola bilər ki, biz iki naqili bir-birinə calayanda az qala bir neçə dəfə yoxlayırıq, ehtiyatla, tərəddüdlə cərəyana qoşuruq. Amma sən asanlıqla istənilən məişət cihazını düzəldirsən; qorxmadan, arxayınlıqla təmir etdiyin avadanlığı elektrik şəbəkəsinə qoşursan. İndiyədək düzəltdiyim əşyaları cərəyana qoşarkən heç bir problem yaşanmayıb. Çünki mən onlara çox həssas yanaşır, səhv buraxmamaq üçün hər nə lazımdırsa, edirəm”.

Demək olar ki, istifadə etdiyimiz bir çox elektrik avadanlıqları son illərdə istehsal olunub. İlqar Səbzəliyev onları gözləri ilə görməyib. Lakin hazırda həmin əşyaların mexanikası ilə yaxşı tanışdır. Gözlərinin nurunu itirsə də, əllərinin yaddaşı daim ona yardım edir. Paltaryuyan, ətçəkən, şirəçəkən, tozsoran maşınlar, mikserlər, müxtəlif saçqurudan fenlər və s. kimi elektrik avadanlıqlarını çətinlik çəkmədən söküb təmir edir, sahibinə təhvil verir.

“Bunu necə edirsiniz, axı siz onları görmürsüzmü?”,-deyə sual verəndə müsahibimiz bir qədər gülümsədi: “Artıq mənim üçün görməyə ehtiyac yoxdur. Mən əllərimlə onları duyuram, hiss edirəm, barmaqlarımla canlandırıram. Telefondan başqa, istənilən avadanlıgı düzəldib təhvil verirəm, yaxşı işləməsinə də cavabdehəm. Əməyimin müqabilində əldə etdiyim qazanc daha xoşdur, kiminsə mənə acımasını istəmirəm”.

Daim yenilik axtaran İ. Səbzəliyev elektrik avadanlıqlarını təmir edərkən xüsusi bir cihazdan istifadə edir. Batareya ilə işləyən aparatı o özü hazırlayıb. Daha doğrusu, yoldaşlarının verdiyi ampermetr cihazının işləmə formasını dəyişib, diatik testr kimi düzəldib. Sənətinin ustası artıq bununla elektrik avadanlıqlarını şəbəkəyə qoşmadan yararlı olub-olmadığını bilir. O, daha bir yenilik etdiyini də deyir. Belə ki, hər kəsin, xüsusən qadınların çox istifadə etdikləri saçqurudan fenlər tez-tez xarab olur. Bəzən düzəltdirməkdən təngə gəlib, onu yenisi ilə əvəz edirlər. İlqar isə onların yanan mühərriklərini özünəməxsus formada dəyişib düzəltməklə əvvəlkindən daha etibarlı və uzunömürlü edir.

Bundan əlavə, İlqar Səbzəliyev söyləyir ki, evinə xırda təmirlər üçün usta girməz. Mətbəxdə, vanna otağında xarab olan hər bir avadanlığı, elektrik xətlərindəki nasazlığı düzəltməyə qadirdir. Hətta lazım olanda qonşularının da harayına çatır. Bikarçılığı xoşlamayan usta boş vaxtlarını dostları ilə birgə keçirir. Gəzməyi xoşlayan İlqarın köməyinə yaxın dostları çatır, ona istənilən məkana getməyə yardım edirlər. Şeir, qəzəl dinləməyi xoşlayır. Həyatı sevən İlqar Səbzəliyev özünü  əlil kimi hiss etmir, ümumiyyətlə, əlil sözündən də heç xoşu gəlmir. Qonşular da təsdiq etdilər ki, İlqar bəzi sağlam elektriklərdən daha yaxşı iş görür, hətta damın üstündəki antenaları da təmir edir. Hər hansı bir bədən üzvünün yoxluğu insanı həyatdan küsdürməyə səbəb olmamalıdır. Qəhrəmanımızın dediyi kimi, insan iradəsi bütün çətinlikləri dəf etməyə qadirdir, gözün olmasa belə, həyatı sevməyə dəyər…

Esmira Hidayətova, Fuad Bayramov, Mingəçevir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here