Qarabağ qazisi: Özümü əlil hesab etmirəm

0
115

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Budəfəki həmsöhbətimiz ehtiyatda olan kapitan, I qrup Qarabağ əlili Anar Məmmədovdur.

Məmmədov Anar Yaşar oğlu 1984-cü ildə  Bakıda anadan olub. Xətai rayonundakı 64  nömrəli orta məktəbdə  təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq bu təhsil ocağında hərb sənətinin sirlərinə yiyələnib. Daha sonra Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində dinləyici kursunda öz peşəkarlığını artırıb. 2006-cı ildən etibarən hərbi hissələrdə müxtəlif   vəzifələrdə çalışıb. 2015-ci il sentyabr ayının 1-də düşmən arxasında döyüş tapşırığını yerinə yetirərkən sağ ayağı və sol qolundan yaralanıb və həmin ilin sonlarında I qrup Qarabağ əlili kimi ordu sıralarından tərxis olunub. Səhhətindəki problemlər aradan qaldırıldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bir müddət fəaliyyət göstərib.

Ehtiyatda olan kapitan Anar Məmmədovun sorağını Qarabağ qazilərindən ibarət  futbol komandasından aldıq. Elə ilk sualımız da bununla bağlı oldu. O, dedi:

-Ötən ilin aprel ayında Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Qarabağ müharibəsində əlil olmuş veteran döyüşçülərimizdən ibarət  futbol komandası təşkil edilib. Komandanın adı da elə “Qarabağ qaziləri” amputant futbol komandası adlanır. Mən də bu komandanın üzvüyəm. Artıq bir neçə dəfə komandanın tərkibində beynəlxalq yarışlara da qatılmışam.

– Amma sizi tanıyanlardan aldığım məlumata görə, parataekvondo ilə də məşğul olursunuz…

– Olurdum. Amma həmkarlarımdan ibarət futbol komandası təşkil olunan kimi meylimi futbola saldım. Bilirsinizmi niyə? Bu komandanın adı altında həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq missiyasını yerinə yetirmək üçün çox imkanlar mövcuddur. Məsələn, yarışlardan öncə  komandanın üzvləri təqdim olunanda hər bir  oyunçunun hansı şəraitdə əlil olduğu barədə də məlumat verilir. Bizi bir qayda olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslər kimi təqdim edirlər.

Bu  arzum da reallaşacaq

– Cənab kapitan,  bir halda ki söhbət vətənpərvərlikdən düşdü. Sizə belə bir sualla müraciət etmək istəyirəm: təəssüf ki, bu gün bəzi qüvvələr ölkəmizi,  gözdən salmaq məqsədilə dəridən-qabıqdan çıxırlar. Hətta ordumuzun əleyhinə elə ifadələr işlədirlər ki…

– Bəli, bu gün ölkəmizin inkişaf dinamikasını, eləcə də ordumuzun günün tələbləri səviyyəsinə, daha doğrusu, müasir standartlara cavab verməsini həzm edə bilməyən antimilli qüvvələr var. Mənim fikrimcə, xarici ölkələrə sığınan həmin ünsürlər ermənilərin toruna düşənlərdir. Belələrinin yalnız bir məqsədi var. Ordumuza olan inamı azaltmaq, insanlarda şübhə və inamsızlıq yaratmaq, hərbi çağırışa dəvət alacaq insanlarda fərarilik psixologiyasını formalaşdırmaq. Onlar niyyətlərinə heç vaxt nail ola bilməyəcəklər. Şəxsən mən  fəxrlə deyirəm ki, bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan silah-sursat istehsal edən ölkəyə çevirilib. Qürurverici haldır ki, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Üstəlik, kifayət qədər ixtisaslı kadrlarımız var. Hətta bəzi ölkələrin hərbçiləri də bizim ölkəmizdə təhsil almaqla bu sahədə öz biliklərini artırırlar.

– Yeri gəlmişkən, artıq ordumuz nələrə qadir olduğunu da dəfələrlə göstərib…

– Elədir. Bunu 2016-cı ilin aprel döyüşləri də təsdiqlədi. Belə ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində 23 il işğal altına olan  torpaqlarımızın bir hissəsi – Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının  iki min hektar ərazisi düşmən tapdağından təmizləndi. Bu gün  həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir. Strareji əhəmiyyət kəsb edən Lələtəpədə, Ağdərə dağlarında bayrağımız dalğalanır. Srateji yüksəklikləri əldə etmək ordumuzun düşmən üzərində böyük üstünlüyüdür. 

Bir sözlə, bu gün mövcud olan texnika və silahlar  işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın etməyə bizə imkan verir. Yəni, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır və  buna qadirdir. 

Söz konusu Vətənsə…

– Xidmətləriniz yetərincə qiymətləndirilibmi?

– Türklərin belə bir sözü var: “Söz konusu Vətənsə, gerisi təfərrüatdır”.  Yəni, mən tapşırıqları yerinə yetirəndə heç nəyi fikirləşməmişəm… Sadəcə, Vətən qarşısındakı borcumu yerinə yetirməyə çalışmışam. Yaralananda da heç heyfslənməmişəm. Niyə? Deyirlər, Vətən üçün axıdılan qan da sayılmaz, verilən can da. Yəni, biz nə etmişiksə Vətən üçün etmişik. Mən vətəndaşlıq borcumu yerinə yetirmişəm. Amma buna rəğmən, şəhid ailələri, həmçinin digər qazilər kimi mən də qayğı ilə əhatə olunmuşam. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində yüksək texnologiyalı protezlə təmin olunmuşam. Mənim sol qolum dirsəkdən yuxarı amputasiya edilib. Xidmətlərimə görə Müdafiə Nazirliyinin medallarına layiq görülmüşəm. Hazırda həm mənzil, həm də avtomobil növbəsindəyəm. Bu günlərdə Allah mənə bir oğul da qismət elədi.

– Böyük oğlan olsun. Sizin fotolarınıza baxarkən onlardan bir neçəsi diqqətimi cəlb etdi…Toy gününüzdəki fotoları deyirəm.

-Toyumda hərbi formada olmuşam. Necə deyərlər, bəylik taxtında hərbi geyimdə oturmuşam. Özü də həmin formaları mənə Türkiyənin qaziləri göndərmişdilər. Türkiyənin hərbi attaşşesinin də iştirak etdiyi  toyumda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Dövlət Himnimiz səsləndirildi. Toydan öncə isə xanımımla Şəhidlər xiyabanını ziyarət etdik. Bu, belə də olmalıdır. Unutmayaq ki, biz bugünkü həyatımız üçün biz hər şeydən əvvəl həmin şəhidlərə borcluyuq. Bu mənada mən deyərdim ki, onlara  vəfa borcumuz var. Yeri gəlmişkən, onu da vurğulayım ki, mənim həyat yoldaşım da hərbi qulluqçudur. O, mənimlə birgə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə işləyirdi.

– Yəqin, hərbçi olmaq sizin uşaqlıq arzunuz olub?

– Mənim dayılarım Qarabağ müharibəsinin iştirakçıları olublar. Sözün düzü, onlar kimi hərbçi olmaq mənim uşaqlıq arzum olub. Lakin atam  hərbçi olmağımı istəmirdi. Hətta deyirdi ki, səndən yaxşı polis, yaxud da müstəntiq olar. Mən isə inadımdan əl çəkmədim. Orta məktəbi bitirən kimi sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi üçün toplamağa başladım. Lakin komissiyadan keçəndə problemlə üzləşdim. Odur ki, bu “sirri” anama açmalı oldum. Qurbanı olduğum anam da məni atama “satmadı”. Hətta həmin məktəbdə təhsil alan qardaşım Azər bununla bağlı məlumatı mən kursant olandan sonra bildi.  Bir sözlə, bu formanı sevərək geyinmişəm və sevərək də geyinməkdəyəm. Yeri gəlmişkən, bu gün özümü əlil də hesab etmirəm. Mənim fikrimcə, əsl əlil vətənpərvər olmayandır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

 Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş