BDU ilə MDU arasında əməkdaşlıq memorandumu imzalanıb

0
176

Ali məktəblərin flaqmanı sayılan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubley ilə əlaqədar Mingəçevir Dövlə Universitetində (MDU) tədbir  keçirilib. Tədbirdə BDU–nun rektoru Elçin Babayevlə yanaşı,  həmin təhsil ocağının bir neçə əməkdaşı  da iştirak ediblər. Tədbirdə hər iki universitet arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Tədbirdə MDU-nun rektoru Şahin Bayramov qeyd edib ki, 2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Azərbaycanımız üçün xüsusilə də biz təhsil işçiləri üçün bu il ilk dəfə olaraq ölkə tarixində BDU-nun  100 illik yubleyinin keçirilməsi çox qürurverici və sevindiricidir. BDU fəaliyyət göstərdiyi 100 il ərzində həm ölkəmizin, həm də dünya ali təhsilinin aparıcı aktiv iştirakçılarından birinə çevrilə bilmişdir. Bu universitet haqqında çox danışmaq olar. BDU bu gün Azərbaycan ali təhsilinin ümumi mənzərəsini  müəyyən edən bir universitetdir. Belə bir görüşün MDU-də keçirilməsi isə kollektivimiz və universitetimiz üçün də böyük bir sevincdir. Onu da deyim ki, UNESCO Baş Konfransının 39-cu sessiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi barədə qərar qəbul edilib”.

 BDU-nun rektoru Elçin Babayev çıxış edərək əvvəlcə Mingəçevir haqqında öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıb: “Açığını deyim ki, bu şəhər mənim ən çox sevdiyim şəhərdir. Bu gün Boz dağın qoynundakı gözəl və abad şəhərdə hansı tərəfə baxsan, tikinti, quruculuq, abadlıq işlərinin davam etdiyini görürsən, inkişaf və tərəqqinin şahidi olursan. Bu tərəqqi bu şəhərin simasını daha da gözəlləşdirir. Bir sözlə, öz inkişafının yeni dövrünü yaşayan Mingəçevir elə bir tarixi məqamına gəlib çatıb ki, bu şəhərə yolu düşən hər kəsi heyran qoyur”.

Daha sonra rektor MDU-dan söz açıb. Bildirib ki, MDU öz fəaliyyəti ilə seçilən təhsil ocağıdır:“Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir. Məhz görülən işlərin nəticəsidir ki, bu gün MDU-da qabaqcıl xarici universitetlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir  və bununla bağlı konkret addımlar atılmaqda davam edir. Mən inaıram ki,sizin yeni rektorunuz Şahin müəllimin bacarığı və səyi nəticəsində universitetiniz daha da uğrlara imza atacaq. Gələn il MDU-nun 5 illik yubileyi qeyd olunacaq. Bəri başdan söz verirəm ki, mən də yubiley tədbirlərinin iştirakçısı olacağam. Hətta sizin qarşınızda çox maraqlı mövzuda mühazirə oxuyacam”.

Tədbirin sonunda iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Esmira Hidayətova, Mingəçevir