Yerli icra hakimiyyətlərinin rəsmi saytları: özümüz yazıb, özümüz oxuyuruq

0
476
Dövlət və vətəndaş münasibətlərində informasiya mübadiləsini həyata keçirən ən önəmli strukturlardan biri də dövlət orqanlarına məxsus veb-saytlar hesab olunur. Biz də, öz növbəmizdə, bu sahədə hansı tədbirlərin görüldüyünü, veb-saytların hansı səviyyədə olduğunu öyrənmək məqsədilə yerli icra hakimiyyətlərinin rəsmi saytlarına nəzər saldıq.
Məlumat üçün bildirək ki, hazırda Naxçıvan Muxtar Respublikasına daxil olan şəhər və rayonlarla Xankəndi şəhəri istisna olmaqla, digər bütün şəhər və rayon icra hakimiyyətlərinə məxsus saytlar aktiv şəkildə fəaliyyət göstərir. Onu da qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin veb-saytı istisna olmaqla digər icra hakimiyyətlərinə məxsus saytların ünvanlarında “-ih.gov.az” subdomenindən istifadə olunur. Abşeron Rayon İcra Hakimiyyətinin veb-saytında isə  “gov.az” subdomenindən istifadə edilib.

 Yeniliklər qadağan olunmur, amma edənlər azdır…

 

İcra hakimiyyətlərinin saytları vahid forma və dizaynda tərtib olunub. Saytdakı bölmələrin adı və sayı, demək olar ki, bir-birini təkrarlayır. Saytların hər birində təxminən 10-12 bölmə yerləşdirilib. Bölmələrin bir çoxunun, sadəcə, adı var. Məsələn, istisnasız olaraq bütün saytlarda “Elektron xidmətlər” bölməsi mövcuddur. Lakin heç bir saytda bu bölmə aktiv deyil. Yalnız Binəqədi Rayon İcra Hakimiyyətinin “binegedi-ih.gov.az” saytında “Elektron xidmətlər” bölməsinə “Vətəndaşların qəbulunun elektron qeydiyyatı” adlı elektron xidmət aktiv şəkildə fəaliyyət göstərir. İcra hakimiyyətlərinə məxsus saytlara nəzər salındığı zaman açıq şəkildə görünür ki, bölmələrin artırılmasında heç bir məhdudiyyət yoxdur. Bəzi şəhər və rayon icra hakimiyyətləri veb-saytlarına yeni bölmələr əlavə ediblər. Ancaq onu da bildirək ki, əlavə olunan bölmələrin bir çoxunda əhəmiyyətli informasiyaya rast gəlmək mümkün olmur. Məsələn, Nəsimi Rayon İcra Hakimiyyətinin “nasimi-ih.gov.az” saytına əlavə edilən “Sosial şəbəkələr” bölməsinə ancaq İcra Hakimiyyətinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinin linki yerləşdirilib. Yaxud Naftalan Şəhər İcra Hakimiyyətinin “naftalan-ih.gov.az” saytına əlavə edilən “Turizm” bölməsinə şəhərdə fəaliyyət göstərən bir-neçə turizm, istirahət və mualicə müəssisəsinə məxsus veb-saytların linki yerləşdirilib. Digər bir problem işğal altında olan rayonlarla bağlıdır. Zəngilan, Cəbrayıl və Xocalı rayonları istisna olunmaqla, digər şəhər və rayonların rəsmi saytlarında işğalla bağlı əlavə bölmələr mövcud deyil. Zəngilan və Cəbrayıl rayonlarının icra hakimiyyətlərinə məxsus saytlarda əlavə bölmə “Rayonun işğalı”, Xocalı İcra Hakimiyyətinin saytında isə “Xocalı faciəsi” adlandırılır. Digər rayonların işğalı barədə məlumatlar “Rayon (Şəhər) haqqında” adlı bölmədə yerləşdirilib. Hətta bəzi rayonlarda işğal faktı tək bir cümlə ilə xatırlanıb. Əgər bu cümlə olmasaydı, sayta daxil olanların bu rayonun işğal olunduğundan xəbərləri olmayacaqdı.

 Bakı haqqında məlumatlar “Bakı şəhəri gerbinin təsviri”ndə “gizlənib”

Yerli icra hakimiyyətlərinin rəsmi sayıtlarında ən diqqətçəkən məsələlərdən biri də yerləşdirilən informasiyaların dolğunluğu ilə bağlıdır. Saytların əksəriyyətində “İcra hakimiyyəti” bölməsinə daxil olunduğu zaman yalnız şəhər və rayon icra hakimiyyətlərinin yerləşdiyi ünvan və əlaqə telefonları ilə qarşılaşırıq. “Qanunvericilik” və “Azərbaycan” adlı bölmələrə yüklənən məlumatlar bütün rayonlar üçün eynidir. “İnfrastruktur” bölməsində isə hər rayon üçün fərqli məlumatlar yerləşdirilib. Bəzi rayonlar isə bu bölmədə idarə və müəssisələrin adını qeyd etməklə işlərini bitmiş hesab ediblər. Birçox rayonlar isə bu bölməyə hər hansı bir məlumat qeyd etməyə ehtiyac görməyib. Bəzi rayonlar isə bu bölmədə rayonun infrastrukturu barədə geniş məlumat veriblər. Ümumiyyətlə, məlumat və informasiya azlığı bütün saytlar üçün xarakterik çatışmazlıqdır. Məsələn, ölkənin baş şəhəri olan Bakıda İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirmək üçün məlumat tapılmır. Bakı Şəhər İcra Hakimiyyətinin “baku-ih.gov.az.” saytının “Şəhər haqqında” bölməsinə daxil olsanız, siz burada “Bakı şəhəri gerbinin təsviri” adlı  qısahəcmli yazıdan başqa, heç nə görməyəcəksiniz. “İcra hakimiyyəti” adlı bölmədə isə ancaq İcra Hakimiyyətinin binası barədə qısa məlumat verilib. “İnfrastruktur” və “Elektron xidmətlər” bölməsi tamamilə boşdur. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirilən sonuncu xəbər isə iyun ayının 14-nə təsadüf edir. Həmin xəbərdə paytaxtda “Gül bayramı” ilə bağlı keçirilən müsabiqənin mükafatlandırma mərasimi barədə məlumat yer alıb.

Saytlarda yerləşdirilən xəbərlərin təzəliyinə gəldikdə isə qeyd edək ki, bu sahədə vəziyyət əksər rayonlarda yaxşıdır. Mövcud 66 şəhər və rayon icra hakimiyyətlərindən 53-nün veb-saytında sonuncu xəbərlər bu ilin oktyabr ayına aiddir. Bu xəbərlərin əksəriyyəti isə son bir həftə ərzində (15-23 oktyabr tarixləri-red.) saytlara yüklənib.  İki  rayonun – Qusar və Xızı rayonlarının icra hakimiyyətlərinə məxsus saytlarda yer alan sonuncu xəbərlər isə 2012-ci ilə aiddir. Ümumiyyətə, bu sahədə “rekord” Xızı Rayon İcra Hakimiyyətinə məxsusdur. Bu rayonun rəsmi saytına yerləşdirilən sonuncu xəbərdə tarix 10 may 2012-ci ili göstərilir.

 “Özümüz yazıb, özümüz oxumayacağıq ki”

Sonda onu da qeyd edək ki, yerli icra hakimiyyətlərinə məxsus saytların ən ciddi qüsurlarından biri də onların yalnız Azərbaycan dilində təqdim olunması ilə bağlıdır. Halbuki Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 12.9-cu maddəsində qeyd olunur ki, internet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır. Təəssüf ki, bu gün yerli icra hakimiyyətlərinə məxsus saytlardan əcnəbilər istifadə edə bilmirlər. Necə deyərlər, “özümüz yazıb, özümüz oxuyuruq”. Ancaq ümid edirik ki, heç olmazsa, bu yazını özümüz yazıb, özümüz oxumayacağıq. Qeyd olunan nöqsanlar tezliklə ortadan qaldırılacaq.

Allahverdi Cəfərov

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here