“Elə vəziyyət yaranıb ki…”

0
408
Komitə sədri: “Tarixlə savaşmaq lazım deyil. Tarixdən ibrət götürmək lazımdır. Azərbaycan tarixində bu günədək şiələrlə sünnilər arasında qarşıdurma olmayıb”.
“Elə vəziyyət yaranıb ki, harada qan tökülürsə, orada müsəlman görünür. Dünyadakı münaqişələrin 60 faizi müsəlman ölkələrindədir”. Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı imam və axundlarla görüşü zamanı deyib. Komitə sədri deyib ki, İslamın yayılmasını istəməyən qüvvələr müxtəlif vasitələrlə buna, dinin əsl mahiyyətinin yayılmasına mane olurlar: “İslam ölkələrində radikal qruplar, yeni cərəyanlar yaradaraq, İslamı içindən dağıtmaq istəyirlər. Onlar həm şiəliyə, həm sünniliyə, bütövlükdə İslama qarşıdırlar”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda radikal cərəyanların yayılmasına heç vaxt imkan verilməyəcək: “Onların ideoloji bazası ilə mübarizə isə siz axund və imamların öhdəsinə düşür. Qəribədir ki, indi sünni və şiə təriqətlərindən başqa, mənşəyi məlum olmayan əlavə cərəyanlar da yaranıb və nəyə xidmət etdikləri bilinmir. Yalandan ayə əzbərləyir, görkəmlərini dəyişir və insanları arxasınca aparmağa çalışırlar. Amma buna imkan verilməyəcək”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə Azərbaycanda qarşıdurma, iğtişaş yaratmaq istəyənlərin olduğunu və onların buna məscidlərdən başlamaq istədiklərini bildirib: “İmkan verilsə, bunu kütləvi formaya keçirərlər”. Şeyxülislam İŞİD təşkilatının üzvlərini qeyri-müsəlman olduqlarını bəyan edib. O, qeyd edib ki, bu təşkilatın üzvlərinin bütün hərəkətləri İslama ziddir: “Məsələn, “Allahu Əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar. Bu, İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur və İŞİD-in də bu hərəkətləri müsəlmançılıq deyil. Bu, əslində terror təşkilatıdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here