Təcrübəli arıçı: Sərgi-satış yarmarkalarına keyfiyyətsiz bal yol tapa bilmir

0
130

“60 ildən çoxdur ki, arıçılıqla məşğulam. Hazırda 200 arı ailəsinə baxıram. Sözün düzü, ötən il ölkə rəhbəri İlham Əliyevin arıçılığın inkişafının stimullaşdırılması haqqında imzaladığı Sərəncamdan sonra arı ailələrinin sayını artırmağa başlamışam. Dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə atılan bu addım arıçılığın inkişafına çox böyük dəstəkdir. Bildiyiniz kimi, həmin sənədə əsasən, 2018-ci il də daxil olmaqla 5 il müddətində hər arı ailəsinə görə ildə 10 manat məbləğində subsidiya verilməsi arıçılar arasında ruh yüksəkliyi yaradıb. Yəni, dövlət tərəfindən subsidiyanın verilməsi hər bir arıçı kimi məni də təsərrüfatımı genişləndirməyə sövq edib”. Bu fikirləri əslən işğal altındakı Ağdərə rayonundan olan, Mingəçevirdə məskunlaşmış 79 yaşlı Babaş Qəribov  “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, indi bu sahəyə meyil edənlərin sayı artmaqdadır: “Bu günlərdə bir maraqlı məlumat da öyrəndim. Belə ki, ötən illə müqayisədə bu il arı ailəsində 100 min artım olub. Hazırda ölkəmizdə 500 min arı ailəsi var, amma bu sayı 1 milyona çatdırmaq nəzərdə tutulub. Təbiətimiz də imkan verir ki, biz arı ailələrinin sayını iki dəfəyə qədər artıraq”.

Öz arıçılıq məhsullarını bu dəfə də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 18-dək Bakıda keçiriləcək 20-ci Respublika Sərgi-Satış Yarmarkasına çıxaracağını vurğulayan müsahibimiz daha sonra dedi: “Bu, mənim sərgidə ilk iştirakım deyil. İndiyədək  sərgi-satış yarmarkalarda iştirak etmişəm. Artıq orada mənim daimi müştərilərim də var. Odur ki, sərgi-satış yarmarkaya çıxardığım məhsulların hamısını realizə edə bilirəm və kifayət qədər də qazanıram. Əldə etdiyim qazanc da ailəmin ehtiyaclarını ödəməyə imkan verir. Möhtərəm Prezidentimizin dediyi kimi, arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Yeri gəlmişkən, yarmarkadakı müştərilərim sonradan da mənimlə əlaqə saxlayır və müəyyən sifarişlərini verirlər. Fikrimcə, sərgi-satış yarmarkalarının təşkili dövlətimizin bu sahəyə göstərdiyi qayğının daha bir təzahürüdür. Digər tərəfdən, belə məkanlar həm də arıçılar üçün sözün həqiqi mənasında görüş yerləri olur”. 

“Təmiz balı necə ayırd etmək olar” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Bu suala müxtəlif cavablar verirlər. Mən isə özümün 60 illik təcrübəmə əsaslanaraq deyirəm ki, əvvəla, təmiz balın özünəməxsus ətri olmalıdır. İkincisi, avqust ayında süzülən bal, əgər belə demək mümkünsə, tam dəymiş bal hesab olunur. Odur ki, bu ayın balına üstünlük vermək lazımdır. Bəzi arıçılar isə “may balı” deyib özlərini reklam edirlər. Amma onu da deyim ki, may balı süzüləndən dərhal sonra istifadə edilməməlidir, o, təxminən iki ay saxlanandan sonra tam keyfiyyətli bala çevrilir. Hə, onu da deyim ki, bir zamanlar mən Kəlbəcərdə olarkən hər yeşikdən 60 kiloqram bal götürərdim. Burada isə məhsuldarlıq dəfələrlə aşağı olur. Amma bəzi arıçılar elə rəqəm səsləndirirlər ki, şəxsən mən onların söylədiklərinə şübhə ilə yanaşıram. Onu da deyim ki, ölkəmizdə iki arı növü var: sarı və boz Qafqaz. Boz Qafqaz arısı məhsuldarlığı ilə seçilir. Digərlərinə nisbətən bu arıların xortumları uzun olur ki, bu da bitkilərdən şirə çəkməyi asanlaşdırır.  Digər arı növləri isə bizim regionumuz üçün əlverişli deyil”.

Qvami Məhəbbətoğlu, “İki sahil”