Mingəçevir Turizm Kollecində Ümumdünya Turizm Gününə həsr olunmuş konfrans keçirilib

0
126

Turizm işçilərinin peşə bayramı Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. O cümlədən, Azərbaycan turizminin özəlliklərinə həsr olunmuş rəsm sərgisi təşkil olunub. Sərgidə biri-birindən məzmunlu və rəngarəng tabloları seyr edən iştirakçılar zəngin təəssürat alıblar. Daha sonra bayram tədbiri  elmi- nəzəri konfransla davam etdirilib.

Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin  direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov   dövlət başçısı tərəfindən  həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qeri -neft sektorunun aparıcı qolu olan turizm sənayesinin  öncül mövqelərə çatdığını bildirib:

“Bu gün tam əminliklə söyləmək olar ki, ölkəmiz neft qaz ölkəsi olduğu qədər dünyada həm də qabaqcıl turizm məmləkəti kimi tanınır. İlbəil ölkəmizdə müşahidə olunan turist axını,  mövcud infrastukturlarının  daha müasirləri ilə yenilənməsi  və ümumən xidmət mədəniyyətinin yüksəldilməsi Azərbaycanı əcnəbi turist üçün daha cəlbedici məmləkətə çevirib. Dünya əhəmiyyətli  siyasi, elmi,mədəni-kütləvi tədbirlərin təşkili üçün beynəlxalq qurumların Azərbaycan hökumətinə etibar etməsi də bu inkişafın və irəliləyişin bir göstəricisidir. Bərabərində daxili turizmin kütləvi hala çevrilməsi  və  qeyri ənənvi turizm sahələrinin yaradılmasına yönəlik cəhdlər birmənalı olaraq yalnız inkişaf dinamikasını sürətləndirir. Qəbul edilən  müvafiq qanunlar və qərarlar, inkişafı stimullaşdıran yol xəritələrinin təqdimatı və atılan digər addımlar  ölkə turizminə bundan sonra da yeni perspektivlər vəd edir. Əlbəttə ki, bütün bu uğurlar Prezident cənab İlham Əliyevin  ulu öndər  Heydər Əliyev tərəfindən təməli qoyulan qeyri-neft sektorunun inkişafı strategiyasına sədaqəti ilə bağlıdır. Təbii ki, digər dövlət qurumlarının bu prosesdə fəal iştirakı həlledici rol oynayır. Bu mənada Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirlər, Azərbaycan turizminin təşviqi üçün düşünülən metodlar, eləcə də yeni Azərbaycan turizm brendinin beynəlxalq təqdimatı xüsusi diqqət çəkən məqamlardır. Təsadüfən  deyilmir ki, hər şeyi kadrlar həll edir. O səbəbdən də turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən təhsil müəssisəmizin  üzərinə böyük məsuliyyət yükü düşür. Kadr hazırlığı prosesində bundan sonra da qabaqcıl dünyavi tədris-təlim metodlarının tətbiqinə, işəgötürənlərin  zəruri istəklərinə  daha çox diqqət ayırmaqla Azərbaycan turizminin inkişafına yeni töfhələr verə bilərik.”

Bundan sonra Azərbaycan turizminin inkişafından bəhs edən  videoçarxa baxış keçirilib. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib. Pedaqoqlar Aydın Rəhimov, Bəhruz Kərimov, İqbal Xudiyev və Vüqar Nağıyev müvafiq olaraq   “Ölkə iqtisadiyatının inkişafında turizmin rolu”, “Azərbaycanda turizmin müasir vəziyyəti”, “Azərbaycanda turizm potensialı” və “Turizmin inkişafında gənclərin rolu” mövzularında  çıxış edərək maraqlı fikirlər açıqlayıblar. Çıxışlarda  turizm sənayesi işçilərinin peşə bayramının təsis edilməsinin önəmli hadisə olduğu bildirilib  və bu qərarın müəllifi olan Prezident İlham Əliyevin ünvanına  minnətdarlıq hissləri çatdırılıb. Həmçinin tələbə gənclər yaşadıqları ərazinin turizm imkanları haqqında maraqlı məlumatlar səsləndirib.

Konfransa yekun vuran professor Əyyub Əyyubov tədbir iştirkçılarını peşə bayramları münasibəti ilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar diləyib.

Esmira Hidayətova, Mingəçevir