Aqrar sahənin inkişafı strateji məqsəddir

0
59

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində aqrar sektor da keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Konkret rəqəmlərə müraciət edək. Bu il ümumilikdə ölkə üzrə 3 milyon 228 min 330 ton taxıl toplanıb ki, bu da ötən  illə müqayisədə 200 min ton artıqdır. Cari ilin 8 ayında kənd təsərrüfatının digər məhsul istehsalı sahələrində də yüksək nailiyyətlər qazanılıb.

Belə ki, sentyabr ayının 1-nə kimi sahələrdən 1 283,8 min ton və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 11,3% çox tərəvəz, 703,8 min ton kartof (9,5% çox) yığılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3% artaraq 332,6 min ton, süd istehsalı 1,5% artaraq 1 386 min ton, yumurta istehsalı 6,9% artaraq 1 242,2 milyon ədəd olub. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 206,7 milyon manat təşkil edib ki, bunun da 2 557 milyon manatı heyvandarlıq, 2 649,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Bu isə o deməkdir ki, məhsul istehsalının artması  bölgədə yaşayan əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına da öz müsbət təsirini göstərir. Sadalanan göstəricilər bir daha ölkəmizin dayanıqlı inkişaf yolu ilə getdiyini təsdiqləyir. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, bu meyillərin 2020-ci ildə də davam edəcəyi gözlənilir.

Ekspert Nicat Nəsirli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında söylədi ki, bu artımlarda aqrar sektorda çalışanlara dövlət tərəfindən edilən güzəştlər, fermerlərin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, istifadə olunan yanacaq və sürtkü yağlarının, toxum və gübrələrin büdcədən subsidiyalaşdırılması mühüm rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki, cari il iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı aqrar sektorda həyata keçirilən islahatları yüksək dəyərləndirərək demişdir: “Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir… Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir”. Bu sözlərlə də  Prezident aqrar sahənin inkişafını ölkənin strateji məqsədi kimi dəyərləndirib.

Müsahibimizin fikrincə, bu gün ölkəmizin aqrar sektorunun qarşısında duran əsas vəzifə məhsul istehsalının artırılması, istehsal xərclərinin minimuma endirilməsi yolu ilə iqtisadi səmərəliliyin yüksəldilməsidir: “Buna görə də ölkəmizdə  əkinə yararlı suvarılan torpaqların münbitliyinin bərpası, yerli toxumçuluğun inkişafı, innovativ metodlardan istifadə, aqrar sahədə yeni subsidiya mexanizminin hazırlanması, aqrar sığorta sisteminin təşkili, həmçinin birgə təsərrüfatçılıq, kooperativlərin tətbiqi kimi uğurlu layihələr icra olunur. Fikrimcə, kooperativlərin yaradılması kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların bir araya gələrək daha effektiv fəaliyyət göstərə bilməsi, məhsuldarlığın artırılması, planlı təsərrüfatla məşğul olması, xərclərin azaldılması baxımından daha əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, son illər bizdə regional amillərə görə ixtisaslaşma da sürətlənib.  Məsələn, Şamaxıda daha çox üzümçülük, Beyləqanda daha çox heyvandarlıq yayılıb. Hazırda bu ixtisaslar üzrə kooperasiyaların yaranması prosesi aparılır. Sabirabadda, Qaxda, Salyanda artıq 4-5 istiqamət üzrə ixtisaslaşmış kooperasiya qurulub. Yəqin bilirsiniz  ki, hazırda Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsi 83 faizdir. Bu yerdə bir məsələyə də toxunmaq istərdim. Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı da hazırlanıb və təsdiq olunma ərəfəsindədir. Bu isə o deməkdir ki, ölkədə heyvandarlığın inkişaf etdirilməsi daha prioritet istiqamət kimi müəyyənləşdirilir. Bir sözlə, icra olunan və icra olunacaq layihələrin, proqramların başa çatacağı dövrdə bu məhsullarla özünütəminetmə səviyyəsi də yüz faizə qalxacaq. Yəni  bu kimi addımlar sayəsində həmin  məsələ də yaxın illərdə öz həllini tapacaq”. 

Qvami Məhəbbətoğlu, “İki sahil”