“Qarabağ” Kiyevdə “Dnepr”i keçdi

0
266

Oktyabrın 24-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası növbəti oyununu keçirib. Ağdam təmsilçisi Kiyevdəki Olimpiya stadionunda yerli “Dnepr” komandası ilə qarşılaşıb.
Çexiyalı baş hakim Libor Kovrajin idarə etdiyi qarşılaşmada ilk real qol vəziyyətini görüşün 10-cu dəqiqəsində “Qarabağ”ın hücumçusu Reynaldo yaradıb və onun qüvvətli zərbəsini ukraynalı qapıçı Denis Boyko çətinliklə dəf edib. Kobud oyuna görə, ardıcıl olaraq “Dnepr”in futbolçuları Artyom Fedetskiy və Sergey Kravçenko sarı vərəqə ilə cəzalandırılıblar. Matçın 21-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Muerrem Muerrem gözəl qolu stadiona toplaşan azarkeşləri sevindirib. Beş dəqiqə sonra Vüqar Nadirova da sarı vərəqə göstərilib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
Görüşün ikinci hissəsində hər iki komanda əzmkarlıq nümayiş etdirsə də, hesabda dəyişiklik olmayıb. Bu hissədə “Qarabağ” və “Dnepr”in iki oyunçusu sarı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, görüş 1:0 hesabı ilə “Qarabağ” komandasının xeyrinə başa çatıb. Bu qələbə ilə Ağdam təmsilçisi Avropa Liqası yarışlarının qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası kimi tarixə düşüb.
Qeyd edək ki, qrup mərhələsi çərçivəsində “Qarabağ” ilk oyununu doğma meydanda Fransanın “Sent-Etyen” komandasına qarşı keçirib və görüşdə hesab açılmayıb. İkinci oyunda İtaliyanın “İnter” komandasının qonağı olan “Qarabağ” rəqibinə 0:2 hesabı ilə məğlub olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here