Lyon məhkəməsi qondarma Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha iki “dostluq xartiyası”nı ləğv edib

0
44

Lyon İnzibati Məhkəməsi Sənt-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv edib.

Bu haqda Lyon İnzibati Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, 2018-ci il oktyabrın 21-də Sənt-Etyen və Şuşa, eləcə də 2017-ci ilin sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış dostluq xartiyaları Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.

Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan dostluq xartiyaları əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu xartiyalar imzalanıla bilməz.

Hakimlər bildiriblər ki, Fransa ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq öhdəliyi götürüb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Nəticədə Fransa kommunalarının merləri Fransanın beynəlxalq öhdəliklərini bilmədən bu dostluq xartiyalarını imzalayıblar.

Məhkəmə bu xartiyaların ləğv olunması ilə bağlı qərar qəbul edib.azərtac