Gələn ildən… fermerlərə yüksək əmsalla subsidiya veriləcək

0
50

Azərbaycanda 2020-ci ildən başlayaraq ilk 4 il ərzində intensiv meyvə bağlarının hər hektarına görə fermerlərə yüksək əmsalla subsidiya veriləcək. Aqrar Subsidiya Şurası ayrı-ayrı meyvələr üçün əmsalları açıqlayıb. Şuranın bu qərarı 2019-cu ildən salınmış intensiv meyvə bağlarına şamil edilir. Beşinci ildən başlayaraq, intensiv bağlar məhsula düşdükdən sonra subsidiyanın əmsalı dəyişəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov azərtac-a bildirib ki, intensiv meyvə bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, 1 hektara müəyyənləşmiş sayda (məsələn, alma, armud, gilas, gavalı, şaftalı, ərik, alça, badam bağlarında minimum 650 ədəd) vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur.

“Aqrar Subsidiya Şurası 2019-cu ildən əvvəl salınmış intensiv meyvə bağlarına və intensiv olmayan meyvə bağlarına əkin subsidiyasını 1,2 əmsalla ödəyəcək. Bu kateqoriya bağların hər hektarına görə fermerlərə hər il 240 manat subsidiya veriləcək. Subsidiya verilməsi üçün intensiv olmayan meyvə bağlarının hər hektarında ən azı 90 ting əkilməsi şərtdir”, – deyə şöbə müdiri əlavə edib.

Qeyd edək ki, intensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq – dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksək olur.

İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir.