Sahibləri həbs edilmiş və ya sahibləri olmayan binalara təbii qaz verilir

0
40

Sahibləri həbs edilmiş və ya sahibləri olmayan 6 bina təbii qazla təmin edilir.

“Azəriqaz” İstehsalat Birliyindən azərtac-a bildirilib ki, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbul prosesi sürətləndirilib. Sentyabrın 1-nə olan məlumata görə, “Azəriqaz” tərəfindən 209 bina üzrə 13 min 274, təkcə avqustda isə 54 bina üzrə 1488 mənzilə qazın verilməsi təmin olunub.

Bu ilin mayında isə istintaq zamanı sahibləri həbs edilmiş və ya sahibləri olmayan Mənzil Tikinti Kooperativlərinə (MTK) məxsus bir neçə yaşayış binasının təbii qazla təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasından “Azəriqaz” İB-yə tövsiyyələr daxil olub. Araşdırma ilə Xətai rayonunda “Elm İstehsalat Birliyi Texnologiyalar” binası, Abşeron rayonunda “Fuad MTK”, Xətai rayonunda “Amil MTK”, “Yüksəliş MTK”, “Sahil-D MTK”, Yasamal rayonunda “Yeni Yasamal MTK”da qaz təminatı üzrə işlərin yarımçıq qaldığı məlum olub. Bəzi hallarda binadakı mənzillərin hamısında, bəzilərində isə bir qismində sayğaclar qoyulmamışdı. Bir binada isə ümumiyyətlə qazlaşmaya dair heç bir iş görülməmişdi. SOCAR-ın rəhbərliyinin tapşırığı ilə bu ilin iyulundan “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi sahibləri həbs olunmuş və ya sahibləri olmayan MTK-lara məxsus yaşayış binalarının mənzillərinin qazlaşdırılmasını icra etməyə başlayıb. Ümumilikdə 816 mənzildən artıq 639 mənzil qazlaşdırılıb. Bu günədək 4 binada iş yekunlaşıb. Lakin bəzən mübahisəli mənzillərin (yəni bir mənzilin bir neçə adama satılması) qapısının bağlı olması işin gedişatına öz təsirini göstərir. Məsələn, ən az halda 6, ən çox halda isə 107 mənzilin qapısı bağlı olan binalar mövcuddur. Bu mənzillərin bir çoxunun sahibi Azərbaycanda deyil, ölkədən kənarda (əksəriyyəti Rusiyada) yaşıyır. Bir sözlə, qapısı bağlı 187 mənzil hələ ki, qazlaşmadan kənarda qalıb. Altı binadan birinə – Xətai rayonundakı “Yüksəliş MTK”ya qaz verilib, abonentlər sayğacların kartları ilə təmin olunublar. Yerdə qalanların isə qaz verilişi üçün texniki-icra sənədləri hazırlanıb, baxılma mərhələsindədir. Qeyd edək ki, qaz xətlərinin çəkilişi, sayğacların və 2 növ (qaz sızması və dəm qazı) detektorların quraşdırılması da daxil olmaqla bütün işlər dövlət hesabına görülür.