Tolerantlığa daha bir töhfə

0
40

“Quba rayonundakı Qırmızı qəsəbədə dağ yəhudilərinin ilk muzeyinin açılışına hazırlıq işləri davam edir. Cari ilin sonunda istifadəyə veriləcək muzeydə dağ icmasının tarix və ənənələrini, eləcə də Azərbaycanın tolerantlığını özündə əks etdirən eksponatlar sərgilənəcək”. Bu fikirləri Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, muzey binası olaraq Qırmızı qəsəbədəki Karhoq sinaqoqu seçilib: “Sovet dönəmində ərzaq anbarı kimi istifadə edilmiş bu kvadrat formasındakı ibadətgah müstəqillik illərində, daha doğrusu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilkin eskizlərə uyğun olaraq restavrasiya olunub. Çoxsaylı eksponatların yerləşdirilməsi məqsədilə sinaqoq 2 yarusa bölünüb. Muzeydə sərgi zallarından başqa, konfrans zalı və kitabxana da fəaliyyət göstərəcək”.

XVIII əsrdən etibarən yəhudilərin məskunlaşdıqları Qırmızı qəsəbənin respublikamızda, eləcə də dünyada dini  və etnik tolerantlıq rəmzi hesab olunduğunu, buranın İsrail dövlətindən sonra yəhudi xalqının komplekt şəkildə məskunlaşdığı ikinci yeganə ərazi  olduğunu xatırladan Pisax İsakov vurğuladı ki, istifadəyə veriləcək muzey bu istiqamətdə görülən işlərə yeni bir töhfə olacaq: “Bəri başdan bu ideyanı reallaşdıran dövlətimizə minnətdarlığımı bildirirəm. Layihənin  sərmayədarları isə rusiyalı iş adamları – Qod Nisanov və Zarah İliyevdir. Onu da xüsusi vurğulamaq istərdim ki, ümumiyyətlə, Qırmızı qəsəbənin yetirmələri hər zaman boya-başa çatdıqları bu yurda sadiqdirlər. Elə  muzeyin təşkili də söylədiklərimin əyani sübutudur. Muzeyin eksponatlarla təmin edilməsi vəzifəsini dünyada dağ yəhudilərini birləşdirən ən böyük təşkilat – Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə  Fondu (STMEQİ)  üzərinə götürüb. Bu fond hələ layihənin hazırlanması mərhələsində diaspor və icmalara müraciət edərək onları qədim əşyaların tapılmasına çağırıb. Bu istiqamətdə araşdırmalar davam etdirilməkdədir. Fond muzeyin bədii tərtibatını da özü həyata keçirir”.

Müsahibimiz bir maraqlı məqama da toxundu: “Eşitdiyimə görə, bir zamanlar bu qəsəbənin memarlıq üslubunu sinaqoqlar müəyyən ediblər. Qəsəbədə 13 sinaqoq olub ki,  günümüzə yalnız 7-si gəlib çıxıb. Lakin hamı kimi mən də ümidvaram ki, nə vaxtsa bu sinaqoqların hamısını bərpa etmək mümkün olacaqdır”.

 P. İsakov, həmçinin vurğuladı ki, Bakının 168 kilometrliyində yerləşən Qırmızı qəsəbə turistləri cəlb edən unikal bir məkandır: “Şübhəsiz, belə bir muzeyin açılışından sonra bura üz tutanların sayı daha  çox olacaq.  Bir də unutmayaq ki, tale dağ yəhudilərini bütün dünyaya səpələyib, lakin onlar bütün mühüm tədbirlər üçün Qırmızı qəsəbəyə toplaşırlar. Onu da bir daha qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Halbuki dünyanın ən demokratik hesab edilən dövlətlərində tolerantlıq məsələsində müəyyən problemlər mövcuddur. Bu mənada ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Yəni Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti respublikamızda yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradıb. Bu mənada Azərbaycan öz tolerant yaşam tərzi ilə artıq dünyaya nümunədir. Onu da qeyd edim ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması Ulu Öndərin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”