Qarabağ qazisi: Təəssüflənirəm ki, aprel döyüşlərində iştirak edə bilmədim

0
106

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Bu dəfəki həmsöhbətimiz ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Elşən Cəbiyevdir.

Elşən Cəbiyev haqqında onun qazi yoldaşları mənə dəfələrlə söz açmışdılar. Elə bu səbəbdən mən də onunla görüşməyə can atırdım. Amma onunla əlaqə saxlaya bilmirdim. Sonradan öyrəndim ki, sən demə, o, özü haqqında danışmağı sevmirmiş. Buna rəğmən, bir neçə cəhddən sonra Elşən Cəbiyevi dilə tuta bildim.

Baş gizir Cəbiyev Elşən Abdulkərim oğlu 1976-cı ildə Siyəzən rayonunun Sədan kəndində anadan olub. Həqiqi hərbi xidmətdən sonra Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzini fərqlənmə ilə bitirib və gizir rütbəsi alıb. Xüsusi Təyinatlı Qüvvələr kursunda hərb elminin incəliklərinə yiyələnib və müxtəlif hərbi hissələrdə qulluq edib. 2017-ci ildə isə ordu sıralarından tərxis olunub.

E.Cəbiyevlə söhbətdən aydın oldu ki, o, ordudan tərxis olunana qədər bir çox döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edib. Müsahibimiz onlardan biri – 2014-cü ilin avqustunda cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdən söz açdı:

– Bu, erməni silahlı bölmələrinin atəşkəs dövründən bəri ilk güclü təxribatı  idi. Amma bizim ordu həmin təxribatın qarşısını məharətlə aldı və düşməni geri oturtdu. Hətta mən deyərdim ki, həmin döyüş aprel döyüşlərinə bərabər bir döyüş idi. O zaman Ermənistan lərzəyə gəlmişdi. Çünki onlardan çox itki olmuşdu. Bu döyüşlərdən sonra Ali Baş Komandanımız qalib döyüşçülərimizlə səngərdə görüşdü,  ürək sözlərini bildirməklə yanaşı, şəxsən özü onlara qol saatları da təqdim etdi. Həmin görüşdə mayor Samid İmanov, kapitan Mühüd Orucov (onlar aprel döyüşlərində şəhid oldular. Allah rəhmət eləsin), digər şəxslər,  o cümlədən mən də  Ali Baş Komandana bir daha qətiyyətlə söz verdik ki, düşmənə nələrə qadir olduğumuzu göstərməyə hər an hazırıq. Yeri gəlmişkən, qeyd edim ki, Ali Baş Komandanın əlimi sıxıb, mənə təqdim etdiyi və arxa hissəsində “Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdən” sözləri həkk olunmuş həmin “Tissot” markalı saatı qiymətli bir hədiyyə kimi saxlayıram. Ondan bir qayda olaraq dəvət olunduğum tədbirlərdə, görüşlərdə istifadə edirəm.

– Həmin mükafat təqdim olunarkən hansı hisslər keçirdiniz?

-Bəri başdan deyim ki, Prezidentdən, Ali Baş Komandandan belə bir mükafat almaq hər bir döyüşçü üçün şərəfdir. Sevinirəm ki, bu şərəfə nail olmuşam. Belə görüşlər hər birimizə ruh yüksəkliyi aşılayır. Həmin anın sevincini, həyəcanını bu gün  də yaşayıram. Bir məsələni xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə, biz döyüşçülər mükafata görə vuruşmuruq. İşğal altındakı ərazilərimizi azad etmək bizim borcumuzdur. Buna rəğmən dövlətimiz bizdən öz qayğısını əsirgəmir. Belə ki, mən Müdafiə Nazirliyinin medallarına layiq görülmüşəm, prtotezlə təmin olunmuşam. Mənzil, həm də maşın növbəsindəyəm.

Ölüm barədə düşünməsəm də…

– Bəs hansı döyüş tapşırığını yerinə yetirərkən yaralanmısınız?

-2015-ci ilin dekabrında döyüş tapşırığını yerinə yetirib qayıdarkən minaya düşdüm və sol ayağımın dizdən aşağı hissəsini itirdim. Mina partlayışı başımda da müəyyən fəsadlar yaratdı. Amma özümü itirməməyə çalışdım. O anlarda   döyüş yoldaşım, gizir Elimdar Səfərov mənə yardımçı oldu. Sonradan o, aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəldi. Yeri gəlmişkən, həmin döyüşə mənimlə birgə atılan və sonradan aprel döyüşlərində iştirak edən, hazırda ehtiyatda olan qazilərimizin – Elməddin Ağayevin, Əliağa Zeynalovun, Ağasəmi Şahgəldiyevin, Ceyhun Alcanovun da qəhrəmanlıqlarını qeyd etmək istərdim. Hərbi xidmətlərini davam etdirən döyüşçü yoldaşlarıma isə uğurlar arzulayıram.

– Ümumiyyətlə, iştirak etdiyiniz hansı əməliyyatı daha uğurlu hesab edirsiniz?

– Heç bir itki vermədən yerinə yetirdiyimiz əməliyyatları… Belə əməliyyatların sayı isə çox olub. Elə sizinlə danışarkən həmin əməliyyatlar  gözlərim qarşısında canlanır. Onu da deyim ki, iştirak etdiyim heç bir əməliyyat uğursuz olmayıb. Bu proseslərdə erməni dilini bilməyim də çox köməyimə çatıb.

– Bəs ehtiyatda olan baş gizir kimi aprel döyüşlərini necə xarakterizə edərdiniz?

-Aprel döyüşüşləridə Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacağını və son hədəfə çatmaq üçün bütün imkanlarının mövcud olduğunu bir daha dünyaya bəyan etdi. Digər tərəfdən, Silahlı Qüvvələrimiz  hərb tariximizə unudulmaz imzasını atdı. Aprel döyüşləri həm də xalqımızın vətənpərvərlik ruhunu yüksəltdi. Amma bir şeyə təəssüflənirəm ki, səhhətimdə yaranmış problemlərlə əlaqədar mən həmin döyüşlərdə iştirak edə bilmədim.

Mətbuata sözüm budur ki…

-Hərbi sahəyə marağınız necə qaynaqlanıb?

-Arzum həkim olmaq idi. Amma Dağlıq Qarabaq hadisələri başlayandan sonra fikrimi dəyişdim. Düşündüm ki, mən bu sahədə Vətənimə daha çox xeyir verə bilərəm. Odur ki, Xüsusi Təyinatlı Qüvvələr yenicə formalaşdığı illərdə hərbçi olmaq qərarına gəldim.

– Övladlarınızın da hərbçi kimi yetişmələrini istərdinizmi?

– 2 övladım var. Hazırda 14 yaşında olan oğlum bu ildən təhsilini Türkiyə Anadolu Liseyində davam etdirir. Beşinci sinif şagirdi olan o biri oğlum isə  Yasamal rayonundakı 13 saylı tam orta məktəbin şagirdidir. Amma mən indidən onların hansı sənət sahibləri olacaqları barədə yalnız onu deyə bilərəm ki, istədikləri sahənin dalınca getsinlər, özlərini əsl azərbaycanlı kimi yetişdirsinlər və Vətən naminə çalışsınlar.

-Son vaxtlar Qarabağ qaziləri idman arenalarında da görünməkdədirlər…

– Məni yeni yaranmış “Qarabağ qaziləri” amputant futbol komandasına dəvət etmişdilər. Amma belimdəki ağrılar ucbatından həmin komandada təmsil oluna bilmədim. Odur ki,  Azərbaycan Milli Paralimpiya Komitəsinə üz tutdum və bu qurumun nəzdində stend atıcılığı üzrə məşğul olmağa başladım.

-Asudə vaxtlarınızda hansı məkanlara üz tutursunuz?

-Şəhidlər xiyabanına. Özü də ən çox naməlum qəbirlərin önündə dayanıram. Bilirsinizmi niyə? Fikir vermişəm: onları ziyarət edənlərin sayı azdır. Mən sadəcə həmin boşluğu doldurmağa çalışıram.

– Mətbuata özəl bir sözünüz varmı?

-Sözün düzü belə bir sual gözləyirdim. Mətbuata sözüm budur ki, qoy onlar şəhidlərimizin fotolarını qəzet səhifələrində, yaxud saytlarda verməsinlər. Çünki ermənilər belə materiallardan öz məqsədləri üçün istifadə edirlər. Belə ki, Ermənistan ordusunun rəsmi şəxsləri həmin qəzetlərə, saytlara istinadən döyüşlərdə çoxlu azərbaycanlını qətlə yetirmələri ilə öyünürlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”