Mingəçevirdə yeni layihənin təqdimatı keçirilib

0
87

Mingəçevir Gənclər evində “İşıqlı Gələcək” GİB-in “İntellekt Akademiyası-2”adlı layihəsinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli bildirib ki, Dövlət Gənclər Proqramı çərçivəsində inşa olunan və gənclərin istifadəsinə verilən  Gənclər evi 6 ilə yaxın müddətdir ki,  uğurla fəaliyyət göstərir: “Bu mənada bir sıra çoxsaylı layihələrə ev sahibliyi edən Gənclər evi respublikamızda öz dəst-xətti ilə seçilir”.

 K.Nəcəfli Gənclər evində reallaşdırılacaq yeni layihələrdən də söz açıb: ”Bu layihələrdən biri “Gənclərin intellektual akademiyası-2”, ”Səyyar gənclər evləri”, digəri isə “Gənclərin şəxsi inkişaf” layihələridir. O həmin layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra Rüfət Qazızadə, Rəşad Qurbanov və Humay Baxışova layihələr barədə ətraflı məlumat veriblər.  

Tədbirdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərin  bu addımlarını təqdir edib və  şəhər rəhbərliyi olaraq gənclərin asudə vaxtlarını səmərəli keçirilməsi üçün lazımı şərait yaratmağa çalışıdığını söyləyib: ”Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması ölkəmiz üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bağlıdır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqətə Ulu Öndərimiz həmişə xüsusi qayğı ilə yanaşıb. Odur ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ümummilli Liderin adı ilə bağlıdır. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Onu da qeyd edim ki, regionlarda “Gənclər Evi”nin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verib”. O həmçinin bildirib ki, gənclərimiz beynəlxalq miqyasda cərəyan edən ictimai-siyasi proseslərdə də yaxından iştirak etməklə həm dünyaya inteqrasiya olunub, həm də ölkəmizi tanıdıb: “İnanıram ki, gənclərimiz  bundan sonra layiqli vətəndaşlar kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərəcək və bununla da onlara bəslənən etimadı hər sahədə doğruldacaqlar”.

Daha sonra  layihələr barədə  müzakirələr aparılıb.

Esmira Hidayətova, Mingəçevir